Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:41

Əliyevin qonağı. Neft dəbdəbəsinin fərqli üzü


Çirklənmiş torpaq üzərinə meşə kimi səpələnən neft quyuları saya gəlmir
Çexiyanın populyar DNES portalı Azərbaycan haqqında yazı dərc edib. Onun tərcüməsini (bəzi ixtisarlarla) diqqətinizə təqdim edirik

Neftlə varlanan Azərbaycanın paytaxtı Bakıda bir-birinin ardınca dəbdəbəli saraylar tikilir. Burada bu dəbdəbənin əsasını qoyan Heydər Əliyevin məzarı yerləşir. Bir qədər aralıda isə Şəhidlər Xiyabanını ziyarət edənlər Qarabağ müharibəsində həlak olanların xatirəsini yad edirlər.

Neft pulları ancaq dəbdəbə mənbəyi deyil. Bu ölkədə neft pulları ilə ictimai həyatın fərqli tərəflərinə yönələ biləcək nəzərləri də yumurlar.

Xəzər sahilində yerləşən Bakı böyük tikinti meydanını xatırladır - hər yerdə yeni tikilən göydələnlərin karkasları görünür.

Binalar əsasən eyni stildə tikilir. Bu memarlıq yeknəsəkliyinə mən belə ad verərdim - Xəzəryanı sosialist realizmi…

Artıq hava limanından şəhərə gedən yolda neft zənginliyinin fərqli üzünü də görmək olur. Bunun üçün yolboyu quraşdırılan dekorativ hasarların arxasına bir neçə nəzər salmaq kifayətdir. Çirklənmiş torpaq üzərinə meşə kimi səpələnən neft quyuları saya gəlmir. Bakı ətrafında belə sahələrdə 300 minə yaxın adam yaşayır.

HEYDƏRİN MƏZARI VƏ İLHAMIN SARAYI

Neft pulları yalnız tikintiyə deyil, həm də ümummilli mifologiyanın formalaşmasına xidmət edir.

Azərbaycan mifologiyasının əsas personajı Heydər Əliyevdir. O, sovet dövründə KQB agentindən Azərbaycan kommunist partiyasının rəhbəri vəzifəsinə qədər yol keçib.

SSRİ dağılandan sonra kommunist Heydər Əliyev dönüb oldu milliyyətçi və 1993-cü ildə prezident kürsüsünü qəbul etdi. Ölümündən bir qədər əvvəl Heydər Əliyev oğlu İlham Əliyevi özünün varisi elan etdi. İlham Əliyev isə ötən il referendum keçirib özünün ömürlük prezidentliyinə yol açdı.

Heydər Əliyevin şəxsiyyətinə pərəstiş elementlərinə Bakıda hər addımda rast gəlirsən. Hava limanı, şəhərin əsas prospekti onun adını daşıyır, hər tində isə onun portretləri asılıb. Heydər Əliyevə sitayişin mərkəzi isə onun yaşıl çəmənlikdə şam ağaclarının arasındakı məzarıdır.

Burada Heydər Əliyevin heykəli ucaldılıb, mərmər üzərində Azərbaycanın xəritəsi həkk olunub.

İlham Əliyevin prezident iqamətgahı Bakıdan 30 km aralıda yerləşir. Əzəmətli daş bina ətrafında gözəl bağ salınıb, prezidentin dincliyinin keşiyində isə onlarla polis əməkdaşı durub.

Heydər Əliyevin şəxsiyyətinə pərəstiş elementlərinə Bakıda hər addımda rast gəlirsən
Qapıdan içəri girən kimi vestibülün gözəlliyi adamı heyrətə gətirir. Tavandakı dəlikdən otağa düşən işıq mərmər divarlardan əks olunaraq otaqda bərq vurur. Buradakı çilçıraq boyda lampanı hələ heç yerdə görməmişdim.

Vestibüldən dənizə və bağa açılan mənzərə bizi ikinci dəfə şoka saldı.

Əliyev yalnız özünü deyil, yaxınlarını da dəbdəbə ilə əhatə edir. Bu yaxınlarda oğlu Heydər üçün Dubayda 44 milyonluq torpaq mülkü alıb.

ŞƏHİDLƏR XİYABANI

Azərbaycanın ən böyük düşməni Qarabağa iddia irəli sürən Ermənistandır. 1988-94 illərdə 30 min insanın həyatına son qoyan müharibədə Ermənistandan kömək alan Qarabağ erməniləri bu əraziyə nəzarət etməyə başladılar. Azərbaycan bu torpaqları işğal olunmuş ərazi sayır.

Bu müharibədə həlak olan azərbaycanlıların məzarlığı dəniz limanı üzərindəki yüksəklikdə salınıb. Xiyaban boyu 1990-cı ildə sovet ordusunun «Qara yanvar» adını alan hadisələr zamanı qətlə yetirdiyi Bakı sakinlərinin məzarları düzülüb.

Xiyabanın sonunda sovet ordusunun qurbanları ilə yanaşı, «Mart qurbanları»nın xatirəsinə ucaldılan abidə var. Mart hadisələrində Bakıda minlərlə müsəlman sovet ermənisi olan Şaumyanın diktəsi ilə qətlə yetirilib ki, bolşeviklər Bakıda hakimiyyəti ələ keçirsinlər.

Bakıya gələn hər bir rəsmi nümayəndə heyəti burada alovlanan əbədi məşələ əklil qoymalıdır.

AVROPA DEMOKRATİKLƏŞMƏYƏ KÖMƏK EDƏCƏKMİ?

Müxalifəti olmayan hansısa ölkənin demokratiyaya yaxınlaşmasına ümid ola bilərmi? Neft və qaz elə bir vacib amildir ki, Qərb ölkələri insan hüquqlarına görə Əliyevlə münasibətləri pozmaq istəmir.

Qərb Əliyevə təzyiq etməkdən çəkinərək, «qamçı və kökə siyasəti»nin ancaq ikinci metodunu tətbiq edir.

Binalar əsasən eyni stildə tikilir. Bu memarlıq yeknəsəkliyinə mən belə ad verərdim - Xəzəryanı sosialist realizmi…
Azərbaycan «Şərq tərəfdaşlığı» proqramında iştirak edən ölkələrdən biridir. Bu layihə iqtisadi böhrana görə bir qədər səngiyib, Praqa sammiti zamanı imzalanan sazişin birillik nəticələrini sual altına alanlar var.

«ŞƏRQ TƏRƏFDAŞLIĞI»

Çexiya Avropa Birliyinə sədrlik edərkən həyata keçirilən bu layihənin məqsədi 6 keçmiş sovet ölkəsinin Qərbə yaxınlaşmasını təmin etmək idi.

Layihə Belarus, Ukrayna, Moldova, Ermənistan, Gürcüstan və Azərbaycanın inkişafına 600 milyon avro investisiyanın cəlb olunmasını nəzərdə tuturdu. Əvəzində isə bu ölkələr insan haqlarının vəziyyətini yaxşılaşdırmağa boyun olurdular.

Çexiyanın Xarici işlər naziri Yan Kohout Bakıya səfəri zamanı deyir: «Hazırkı məyusluğu layihəyə olan həddən artıq böyük ümidlərlə izah etmək olar. Biz bir-neçə görüş keçirdik. Şəxsən mənim də ümidlərim böyük olsa da, deməzdim ki, məyus olmuşam».

Eyni zamanda o, bu layihənin uğursuzluqla nəticələndiyini qəbul etmir.

«Azərbaycan bu layihədən öz qanunvericiliyini Avropa Birliyi standartlarına yaxınlaşdırmaq üçün faydalanmaq istəyir. Lakin azərbaycanlılar hesab edirlər ki, Avropa Birliyi də yeknəsək deyil, hərənin öz marağı var, ona görə də bir qədər bədbindirlər. Bizcə, hüquqi dövlət quruculuğu, insan haqlarının qorunması və demokratizasiya vacib məsələlərdir», – deyə Kohout əlavə edir.

AZƏRBAYCANLILAR KARLOVI VARIYA GEDİRLƏR

Bakının küçələrində hər iki maşından biri «Jiquli»dir. Digərləri isə bahalı ciplərdir. Getdikdə varlanan bakılılar pullarını həm də Çexiyada xərcləmək istəyirlər, ilk növbədə isə Karlovı Varı kurortunda.

«Şərq tərəfdaşlığı» proqramının Praqa sammiti, 7 may 2009
Onlar bu yaxınlara qədər Çexiyaya viza almaq üçün Gürcüstan paytaxtına getməli idilər. İndi isə «Caspian Plaza»nın 16-cı mərtəbəsində yerləşən Çexiyanın Azərbaycan səfirliyinə sənədlərini verə bilərlər.

«Azərbaycandan Çexiyaya ildə 3-4 min turist gedəcəyini təxmin edirik. Çex bülluru və çilçıraqları burada hələ də populyar olduğundan böyük pullar xərclənəcək», - Çexiyanın Azərbaycandakı səfiri deyir.

Mayın 14-də çex nümayəndə heyəti müvafiq saziş imzalayandan sonra Bakı ilə Praqa arasında hava əlaqəsinin yaradılması gözlənilir.

Çexiyadan Azərbaycan gələn turistlər isə əsasən Qafqazı gəzmək istəyənlərdir. Azərbaycana əsas maraq doğuran tərəf isə çex biznesinin nümayəndələridir. Onlar Azərbaycana «nou-hau» və digər maraqlı təkliflər irəli sürülər.

AZƏRBAYCANIN KİFAYƏT QƏDƏR QAZI VAR

Azərbaycan «Nabucco» kəmərini öz ehtiyatları ilə təmin edə bilər.

Bir çex biznesmeni var ki, onu Azərbaycanda hələ də xatırlayırlar. Viktor Kojeni 90-cı illərin sonunda özəlləşdirmə vaxtı Azərbaycan neft sənayesini nəzarətə götürmək istəyirdi.

Səfirdən soruşuram ki, azərbaycanlılar Kojenini yada salırlarmı? Cavab verir ki, xoşbəxtlikdən bircə dəfə də soruşan olmayıb.
XS
SM
MD
LG