Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

Şahid: «Eynulla bilirdi ki ... onu azad etməyəcəklər»


Eynulla Fətullayevin Məhkəməsi
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid

Məhkəmədə şahid Faiq Quliyev, Eynulla Fətullayevin üzərindən narkotikin necə tapıldlğını danışır

- Biz barakda ayaqyalın gəzirdik, yoxsa ayaqqabı ilə?

- Ayaqyalın.

- Niyə ayaqyalın gəzirdik?

- Döşəmə hər gün silinirdi, ona görə.

- Ayaqqabıları da girişdə çıxarırdıq, eləmi?

- Girişdə çıxarırdıq.

Məhbus jurnalist, hazırda narkotik əldə edib saxlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılan Eynulla Fətullayev mayın 19-da keçirilən məhkəməsində ayaqqabısından çıxan heroinin mənbəyini aydınlaşdırmağa çalışıb. O, məhkəmədə dindirilən məhkum şahid Qabil Ağayevi sual-cavab etməklə əslində məhkəmə üçün bir daha aydınlaşdırmaq istəyib ki, dustaqlar baraklarda olarkən onların ayaqqabıları nəzarətsiz qalır. Belə hallarda onların ayaqqabılarına narkotikin atılması mümkündür.

«MƏHKƏMƏYƏ DƏVƏT ETDİYİMİZ MÜTƏXƏSSİSİ ÖLÜMLƏ HƏDƏLƏYİBLƏR»

Məhkəmə iclası başlanan kimi Eynulla Fətullayev hakim İsmayıl Xəlilova müraciət etdi ki, proseslərdə audio və video yazıya icazə verilsin. Hakim xahişi qəbul etmədi. Sonra Eynulla Fətullayev məhkəmənin nəzərinə çatdırdı ki, müdafiə tərəfinin mütəxəssis kimi məhkəməyə dəvət etdiyi Hüseyn Hüseynov ölümlə hədələndiyi üçün məhkəmədə iştirak etməyə qorxur. Müdafiə tərəfi uzun illər məhkəmə tibbi ekspertiza sistemində işləmiş mütəxəssisi Eynulla Fətullayevin qanından tapılmış narkotiklə bağlı mütəxəssis rəyi bildirmək üçün məhkəməyə dəvət etmişdi. O, bu gün məhkəmə iclasında iştirak etməli idi.
Eynulla Fətullayevin məhkəməsi davam edir, 19 may 2010
Lakin Hüseyn Hüseynov Eynulla Fətullayevin vəkillərindən birinə zəng edərək ölümlə hədələndiyini bildirib və deyib ki, məhkəmədə iştirak etməyə qorxur.

Hakim isə bildirib ki, Eynulla Fətullayevin qanından narkotik tapıldığını bildirən ekspertlər məhkəmədə dindiriləndən sonra ehtiyac yaranarsa, məhkəmə Hüseyn Hüseynovun məhkəmədə mütəxəssis kimi iştirakını təmin edəcək.

Məhkəmə həmçinin ittiham tərəfinin şahidi olan məhkum Faiq Quliyevi də dindirib. O, əməliyyatçıların axtarış aparmasını təsvir edib:

«Bəhruz müəllim Eynullanı yoxlayırdı, yoxladılar, Eynullanın sağ ayaqqabısını çıxartdılar, ayaqqabının içindən bükülü tapdılar. Bir də gödəkcəsinin deyəsən sol qolunu da axtaranda dedilər ki, burda da nəsə var, çıxartdılar, ordan da nəsə tapdılar».

HACI MƏMMƏDOVUN BANDASININ ÜZVÜ DİNDİRİLDİ

Faiq Quliyev Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun bandasının üzvü olub və Eynulla Fətullayev hələ hazırlıq iclasında deyirdi ki, istintaq ona qarşı Hacı Məmmədovun bandasının üzvlərindən və zorlamaya görə məhkum olunmuşlardan istifadə edib.

Sonra müdafiə tərəfinin əlavə şahid qismində məhkəməyə təqdim etdiyi məhkum Anar Namazov dindirildi.

Anar Namazov tərəflərin suallarını cavablandırarkən bildirdi ki, Eynulla Fətullayevi ziyalı bir insan kimi tanıyır və narkotiklərdən istifadə etməsinə inanmır:

Məhkəmə həmçinin ittiham tərəfinin şahidi olan məhkum Faiq Quliyevi də dindirib
«Fətullayevi müsbət xarakterizə edirəm. Ali təhsilli ziyalı kimi tanıyıram. İnsanlara müsbət münasibət bəsləyən insan kimi tanıyıram».

Vəkil İsaxan Aşurov:

«Eynullanın üstündən narkotik çıxması xəbərini necə qarşıladınız?»

Anar Namazov:

«Mənim üçün gözlənilməz oldu. Belə bir şey gözləmirdim».

Şahidin sözlərinə görə, ötən il dekabrın sonlarında Eynulla Fətullayevlə onun arasında sonuncunun Avropa Məhkəməsindəki şikayəti ilə bağlı söhbətləri olub. Həmin söhbətlərdə Eynulla Fətullayev ona deyib ki, Avropa Məhkəməsinin onun xeyrinə qərar çıxaracağına inansa da, həbsdən azad olunacağına inanmır.

Məhkəmə iclası mayın 26-da davam edəcək. Həmin gün məhkəmə ekspertləri dindirəcək.

Eynulla Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin narkotik vasitələr saxlama ittihamıyla E.Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən jurnalisti dərhal azad etməyi tələb edirlər.
XS
SM
MD
LG