Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

ABŞ-ın baş kəşfiyyatçısı vəzifədən getməli oldu


Denis Bleyr
Denis Bleyr
ABŞ-ın Milli Kəşfiyyat koordinatoru Denis Bleyrin istefasına əsas səbələri ölkənin kəşfiyyat idarələrini lazımınca əlaqələndirə bilməmək, prezidentin etimadını itirmək, ictimaiyyət arasında və mediada nüfuzunun getdikcə azalması olub.

TƏYİN OLUNDUĞU GÜNDƏN TƏNQİDLƏR…

Amma bütün bunlar birdən-birə baş verməyib. Bleyr 16 aydır bu vəzifədə olsa da, az qala təyin edildiyi gündən ciddi tənqidlərlə üzləşib. Əsasən də tabeçiliyində olan 16 müxtəlif kəşfiyyat agentliyinin işini düzgün əlaqələndirmədiyinə və bəzi terror cəhlərinin baş tutmasına görə.

2009-cu ilin noyabrında, Texasda Fort Hud hərbi bazasında müsəlman ABŞ zabiti Malik Həsən 13 nəfəri öldürüb, 30-nu yaralayanda diqqətlər Bleyerin üzərindəydi.

Ötən il dekabrın 15-də, Əl-Qaidə ilə bağlı olan bir qrupun ABŞ-da, təyyarəni partlatmağa cəhd etməsi zamanı da diqqətlər onun üzərindəydi.

Eynilə pakistanlı Feysəl Şahzadın may ayının əvvəlində Nyu-Yorkun Tayms meydanında bomba yüklü maşını qoyub getməsinin qarşısı alınanda da Bleyeri sorğu-suala çəkirdilər.

Tərslikdən milli kəşfiyyat koordinatoru suallara cavab verərkən daha çox tənqidlə üzləşirdi. Məsələn, Konqresdəki dinləmələr zamanı Bleyr Milad bayramı günü özünü yandırmaqla təyyarə partlatmağa cəhd edən nigeriyalının planlarından niyə xəbərdar olmadıqları sualına belə cavab verirdi:

İSTEFANIN ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİ DƏ…

«Biz kəşfiyyatçılar Əbdulmutalabı Milad günü Detroyda təyyarəyə minənə qədər heç tanımamışdıq da. Amma, tanımalıydıq».

Bleyr hətta az qala etiraf eləyirdi ki, terrorçularu müəyyənləşdirmək getdikcə daha çətinləşir. O deyirdi: «Ötənilki həm baş tutan, həm də baş tutmayan hücumlara nəzər salanda görürük ki, bəsit yollarla hücum planlaşdıran tənha terrorçuları və ya kiçik qrupları müəyyənləşdirmək daha çətin məsələdir».

Amma Bleyerin niyə görə terror hallarını araşdırmaq üçün yaradılan xüsusi dindirmə komandasından istifadə etməməsi də aydınlaşmadı.

Bütün bunla bir yana, Amerikada çoxları inanır ki, Bleyrin istefasının əsas səbəblərindən biri də Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panettayla yola getməməsidir.

Hələ vəzifəyə gələndən sonra ABŞ-ın xaricdəki səfirliklərində Mərkəzi Kəşfiyyat İdarəsinə yox, özünə tabe olan nümayəndələr təyin etdirmək istəyəndə Bleyrlə Panetta ilk dəfə kələ-kəlləyə gəldi. Udan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri oldu, Üstəlik işə prezidentin terorçuluqla mübarizə müşaviri Con Brennan da qarışmalı oldu.

Təsadüfdü ya yox, indi həmin Brennan mayın 28-dən Bleyrin vəzifələrini icra edəcək. Və Panettayla da yaxşı münasibətləri ilə Brennan həm də bu vəzifəyə güclü namizədlər arasındadır.
XS
SM
MD
LG