Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:34

«Yerli malları xarici adıyla satmışıq»


- Pomidor, xiyar, «kartoşka» var. Pomidor Zirənindir.

- Bəs niyə qutunun üstünə Antalya yazılıb?

- Hə də, görmürsən qutuda arı şəkli var, oranın arısıynan mayalanma gedib, amma təmiz maldır. Ən təmiz maldır.

Bazarda yazdığımız bu dialoq bu tipli yeganə söhbət deyildi. Burda satıcıların hamısı satdığı malın təmiz, keyfiyyətli olduğunu deyir. Onlar nə vaxtsa alıcıları qiymətdə, ya çəkidə aldatmadıqlarını iddia edirdilər.

XARİCİ MAL?

Amma əvvəllər geyim satışı ilə məşğul olan Polad Məmmədov deyir ki, istehlakçılar çox asanlıqla aldadılır. Yerli malları xarici ölkənin istehsalı kimi qələmə verirlər, hətta xaricdən gətirilən malları da saxtalaşdırırlar. Polad etiraf edir ki, vaxtilə özü də belə saxtakarlıqla məşğul olub. Bakıxanov ticarət mərkəzində işlədiyi vaxtlarda Türkiyə istehsalı olan xeyli pal-paltarın modelini oğurlayaraq onun surətini çıxarıblar:

- Türkiyədən gələn mallar 48 ölçüsündən yuxarı yox idi. Biz burda parça alıb sifarişlə tikdirirdik, sonra da üstlərinə xarici etiketlər vururduq. 7 metr parçadan suriyalı şifon adında yubkalar tikdirməyim yadıma gəlir.

Hüquqşünas İradə Cavadova da istehlakçıların hüquqlarının kütləvi şəkildə pozulduğunu iddia edir. «Yaşıl» bazarda monitorinq apardıqlarını deyən İradə xanım burada alıcıların çəkidə aldadıldığını şahidi olduğunu da bildirir.

ŞİKAYƏTLƏR ÇOXDUR

Fazil Talıbov və Eyyub Hüseynov
«Hər kəsin haqqı var» verilişinin qonağı olan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da ölkədə bu sahədə ciddi problemlər olduğunu deyir:

- İstehlakçı hüquqları bütün zamanlarda, bütün dövrlərdə ən çox pozulan insan hüquqlarından biridir. Azərbaycan da bu problemdən yan keçməyib. Bizə bununla bağlı çoxlu şikayətlər gəlir. Ərzaq malları, saxta ayaqqabılar, saxta brendli kostyumlar...Şikayətlər çoxdur.

HANSI MALIN YARARLILIQ MÜDDƏTİ AZDIRSA, ONU SEÇİN

E.Hüseynov deyir ki, istehsalçılar ərzağın uzun müddət korlanmaması üçün ona çoxlu kimyəvi maddələr qatırlar, malları ölməz etmək istəyirlər:

- Diqqət edin, hansı malın yararlılıq müddəti azdırsa, ona üstünlük verin. İstehlakçılar bilməlidir ki, malın ömrünü nə uzadırsa, həmin maddələr insanın ömrünü qısaldır. Hazırda bütün dünyaya ərzaq mallarının saxlama müddətini azaldılması istiqamətində iş gedir.

SƏHƏR 8-DƏ YÜZLƏRLƏ CƏMDƏYƏ MÖHÜR VURULUR

AİB sədrinin sözlərinə görə, istehlakçıların hüquqlarının 98 faizi bazarlarda pozulur. Səhər saat 8-də artıq minlərlə adama ekspertiza sənədi verilir:

- Xüsusilə də 8-ci km bazarında səhər tezdən baxırsan ki, yüzlərlə cəmdəyin üstünə baytarlıq möhürü vurulub. Bakının bazarlarında ətlərin brüsselyozdan yoxlanması həyata keçirilmir. Hər rayonda bir adam var ki, Bakıya murdar ət gətirməklə məşğuldur. Görün iş nə həddədir ki, prezident də işə
Məhəmməd Talıblı
qarışıb.

DÖVLƏTİN NƏZARƏTİ ZƏİFDİR

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə hesab edir ki, keyfiyyətsiz ərzaq və qeyri-ərzaq mallarının çoxluğu ölkəyə idxal olunan mallara nəzarətin zəifliyilə bağlıdır:

- Şübhəsiz ki, birinci idxal üzərində nəzarətin zəifliyilə bağlıdır, ikincisi elə məhsullar var ki, onlar idxal olunmur, ölkədə istehsal edilir bunun üzərində də nəzarət lazımı səviyyədə deyil.

NƏZARƏTİMİZ GÖZ QABAĞINDADIR

Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov isə təmsil etdiyi qurumun hər gün gördüyü işlərlə bağlı açıqlama yaydığını bildirir:

- Bizim nəzarət göz qabağındadır. Keyfiyyətsiz, sertifikatsız mallar, gizli sexlər barədə məlumat veririk. Keyfiyyətsiz məhsul bu gün də bazarda var. Amma bu, o demək deyil ki, nəzarət yoxdur.

1700 OBYEKTDƏ NÖQSAN TAPILIB

F.Talıbovun sözlərinə görə, hər hansı fakt aşkarlananda araşdırma aparılır və günahkar qurum müəyyənləşdirilir. Amma adətən komitənin «Qaynar xətt»inə daxil olan zənglər anonim olur. Şikayətlər konkretləşsə, daha yaxşı reaksiya vermək olar:

Mənsim Babayev
- Təkcə Bakıda 1700-ə qədər satış obyektində metroloji nöqsanlar aşkar olunub - tərəzilər nöqsanlı işlədilir, çəkidə istehlakçılar aldadılır. Biz tələbnamə verib o tərəzilərin dövriyyədən çıxarılmasına nail olmuşuq.

ANALİZDƏN KEÇƏNDƏN SONRA SERTİFİKAT VERİLİR

Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərzaq mallarına dövlət nəzarəti şöbəsinin müdiri Mənsim Babayev deyir ki, onlar satışda olan istər yerli, istərsə də xaricdən idxal olan malların analizini aparırlar:

- Məhsulun fiziki-kimyəvi, bioloji və digər analizləri aparılır. Əgər məhsulların uyğunuq sertifikatı varsa, deməli, onun təhlükəsizlik və keyfiyyətlik dərəcəsi yoxlanılıb. Yalnız bəzi ölkələrin uyğunluq sertifikatları bizdə dövlət səviyyəsində tanınır.

Komitə təmsilçiləri bildirirlər ki, yaxın zamanlarda bu cür yoxlamalar davam edəcək. Özü də təkcə satış məntəqələrində deyil, həm də bazarlarda vəziyyət araşdırılacaq.
XS
SM
MD
LG