Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:33

Parlamentdə təmsilçilik hüququ necə müəyyən edilir?


Bəşir Süleymanlı və Məhərrəm Zülfüqarlı
Bəşir Süleymanlı və Məhərrəm Zülfüqarlı
Bu suala «Panorama» verilişində Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin texniki direktoru Bəşir Süleymanlı və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı cavab verir.

Mərkəzi Seçki Komissiyası bu həftə seçki siyahılarını təsdiq etdi. Ancaq bu siyahı ilə Statistika Komitəsinin məlumatlarında kəskin fərqlər ortalığa çıxdı. Statistika Komitəsinin məlumatına əsasən, ölkə əhalisinin 71 faizi seçicilərin payına düşür. Bu rəqəm MSK məlumatında isə cəmi 54 faiz təşkil edir. MSK-ya görə, Azərbaycanda təqribən 4 milyon 800 min seçici var.

Bəşir Süleymanlı:

«Statistika Komitəsinin məlumatı ilə MSK-nın məlumatlarının üst-üstə düşməməsi bir sıra mətləblərdən xəbər verir. Birincisi, Azərbaycanda hökumət strukturları əlaqəli şəkildə işləmirlər. İkincisi, bütünlükdə hakimiyyətin seçkilərə formal münasibəti var. Ona görə də bu məsələyə barmaq arası baxılır. Görürsünüz, seçkiyə 4-5 ay qalıb, nə sərbəst toplaşmaq azadlığı təmin edilir, nə də başqa azadlıqlar. Heç seçki fəallığı da hiss edilmir. Seçkilərin azad və ədalətli keçirilməsi isə yalnız seçki günündən asılı deyil. Əslində, MSK-nın məlumatları Statistika Komitəsinin 2001-ci ilə aid məlumatları ilə üst-üstə düşür. Bu o deməkdir ki, son 9 ildə MSK gözdən pərdə asmaqla məşğuldur. Üstəlik, MSK-nın hazırladığı seçici siyahılarından görünür ki, vətəndaşların parlamentdə təmsilçilik hüququnu qanun yox, şəxsi təşəbbüslər müəyyən edir. 5 saylı Şahbuz-Babək seçki dairəsində seçicilərin sayı 25 min, 45 saylı Abşeron seçki dairəsində isə 51 min nəfərdir…».

Məhərrəm Zülfüqarlı:

«Seçici siyahılarında belə uyğunsuzluqlar aradan qaldırılmalıdır. Belə çıxır ki, Abşeronun bir deputatı Naxçıvanın 2 deputatı ilə bərabər götürülür. Bu uyğunsuzluğun aradan qaldırılması üçün qanuna düzəlişlər edib, deputat yerlərinin sayı artırılmalıdır. Ancaq mən seçkinin formal bir prosesə çevrilməsi fikri ilə razılaşmıram. Artıq ATƏT bir-birinin ardınca müxtəlif tədbirlər keçirib. Əhalidə bu seçkilərə maraq da müşahidə edilməkdədir. Elə bil bəzi təşkilatlar bismillah etməmiş, seçkilərin saxtalaşdırılacağını bəyan etmək istəyirlər. Halbuki, seçkinin azad və ədalətli keçirilməsi bizim hər birimizdən asılıdır…».

XS
SM
MD
LG