Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:34

Elxan Qaraqan "Tualetə getməyənlər şəhəri..."


Dedilər ki, o şəhərdə tualet yoxdu. Mənə çox qəribə gəldi. Necə yəni yoxdur? Bir neçə gün bu sual məni narahat etdi. Heç başa düşmürdüm. Onda o şəhərdən gələn bir yolçu ilə rastlaşdım. Hündür çinarın kölgəsində əyləşib danışmağa başladıq. Mən öz sonuncu əsərimdən, o da öz şəhərlərindən. Amma mən “sizdə tualet var?” sualını verəndə o mənə tərs-tərs baxdı. Sonra başını yelləyib dedi:

- Sən nə danışırsan? Ağzına nə söz gəldi alırsan. Utanmırsan? Tualet nədir? Bizdə heç kəs tualetə getmir!

Sonra o mənə şəhərləri haqda danışdı.

Tualetə getməyənlər şəhəri.
Biri var idi, biri yox idi, uca dağların başında kiçik bir şəhər var idi. Bu şəhərin sakinləri gülərüz mehriban və çalışqan adamlar idi. Onlar günlərini tarlada, küçədə, bazarda, ofisdə işləyib gecələrini əllərində qəzetlə divanda yuxuya gedirdilər.

Bu şəhərdə hər şey bütün şəhərlərdə olduğu kimi idi. Amma bizim hələ doğulmadığımız bir vaxtda bir nəfər - bazarda işləməyən və gecələr yatmayan saqqalı bir kişi tualetə gedərkən ayağı ilişib ağzı üstə öz nəcisinin içinə yıxıldı. Dahi alimlərin başına düşən alma kimi, onun da ağlına yeni bir fikir gəldi.

“Tualetə getmək olmaz!”

O bunu əvvəlcə heç kəsə danışmadı. O bilirdi ki, bunu kiməsə desə camaat ona güləcək. Ona görə öz fikirlərini hamıdan gizlətdiyi kiçik kağıza yazmağa başladı.

Günlər keçir onun tualetə olan nifrəti artırdı. O hər dəfə ayaq yoluna gedəndə nəcisini ölçür və dünyaya nə qədər ziyan vurduğunu hesablayırdı. Hər gün 300 qrama yaxın nəcis. Bu o deməkdir ki, hər bir insan həyatı boyu 4 tondan çox nəcis qoyur.

Bu o deməkdir ki, Betxovendən bir neçə simfoniya və 4 ton nəcis qalıb. Eləcə də bütün dahilər və müqəddəslərdən. İllər ötdükcə o ayaq yoluna daha da çox nifrət eləməyə başladı və fikirlərini camaatın içində dedi. Əvvəlcə ona güldülər, sonra onu söyməyə başladılar. Lakin az-az insanlar onun yanına gəlib onun danışdıqlarını dinlədi. Sonra onlar da Camaata dedilər, ayaq yoluna getmək olmaz. Bu heyvanlara aid xüsusiyyətdir. Amma biz insanıq.

Biz ən üstün varlığıq. Biz dünyanı zibilləməməliyik. Biz əyilməməliyik. Biz çirklənməməliyik. Biz “üstün irqdən” , “namuslu millətdən” , “müasir insanlardanıq”.

Bu fikirləri ilə insanlar arasında hörmət qazanmağa başladılar. Sonra xeyriyyə adı ilə insanlardan ayaq yollarının təmizlənməsinə görə pul yığmağa başladılar. Bu pulu yığandan sonra xalq onlardan üz döndərdi. Dedilər ki, niyə pullarımızı alırsınız.

Xalq saqqallı kişini tənqid eləməyə başladı. Amma tualetə qarşı olanlar öz başçıları saqqallı kişini gizlicə öldürəndən sonra o xalqın qəhrəmanına çevrildi.

Hamı onun qəbrinin üstündə şam yandırır öz aftafasını sındırıb söz verirdilər ki, bir də heç vaxt tualetə getməyəcəklər. Saqqallının tərəfdarları isə şəhərin mərkəzindəki ayaq yollarını yandırıb dağıtmağa başladılar. Bütün şəhəri iy basdı. Ayaq yolları sınandan sonra ağacların dibi, bostanlar, bulaqlar iy verməyə başladı. Bunu görən şah xalqın nə istədiyini vəzirindən soruşdu.

Onda vəzir hər şeyi ona danışdı. Şah onların qarşısını almaq üçün dəmirdən aftafalar, poladdan ayaq yoları düzəltdirdi ki, heç kəs sındıra bilməsin. Ayaq yoluna getmək istəməyən kütlə , bunu öz qeyrətli, namuslu, mömin, müasir, elmli, üstün, ədalətli millətlərinə haqsızlıq kimi qəbul etdi. Ondan sonra şahı tənqin edən şüarlarla ayaq yoluna getməkdə bütün günahın şahda olduğunu qışqırmağa başladılar.

“Şah bizi qəfəsdə saxlayır. Biz ayaq yoluna getmək istəmirik amma o bizi məcbur edir. Məcbur edir ki, dəmir aftafalarla yuyunaq. Məcbur edir ki, polad ayaq yollarına gedək. Şah ədalətsizdir. O bizim ayaq yoluna getməmək haqqımızı əlimizdən alır. Hər dəfə kimsə ayaq yoluna girəndə şahı söyür, sonra deyir ki, bu millət belə şahla düzələn deyil. Sonra tumanını çıxarıb oturur.

Qurtaranda əgər qarşısına başqa bir adam çıxırsa ona deyir, yenə məcbur elədirlər gedim. Özüm heç istəmirəm ki. Məcbur edirlər. Onda qarşıdakı da deyirdi ki, elə məni də bu dəqiqə göndərdilər.

Allah Saqqallı kişiyə rəhmət eləsin. əgər o qalsaydı indi heç kəs işəyib oranı- buranı bulamazdı. Bundan sonra ayaq yoluna getməyi təhqir sayanlar xarici ölkələrə məktublar yazmağa başladılar. “Burda hamı tualetə gedir, heç kəs burda təmizliyə riayət eləmir. Hamı içində saxlamaq istəyir amma şah qoymur. Şah olmasa bir heç vaxt heç yanı bulamayacağıq.”

Düşmən şahlıqlar bunu görüb düşmənçiliyi daha da qabartmaq üçün, xalqın sevgisini qazanmaq üçün cavab verir. “ Aaa siz nə danışırsınız? Heç elə şey olar? Getməyin. Hamı bir nəfər kimi imtina edin. Bizdə heç kəs tualetə getmir. Bizə tualetlər lazım deyil.

Əgər bütün aftafaları sındıra bilsəz, bir iki dəfə əliniz - dalınız çirkli qalsa siz iyrənib bir də heç vaxt heç nə ifraz etməyəcəksiniz.” Bunu eşidən xalqın ümidləri oyandı. Onlar saraya hücum edib şahı öldürdülər. Sonra qəbrinə aftafa qoyub onunla bir basdırdılar. Daha sonra isə bütün aftafaları sndırıb bütün ayaq yollarını dağıtdılar. Böyük bir şənlik başladı.

Onlar bayraqlarının üstünd təmiz dal şəkli qoydular. Bu onların dallarının heç vaxt çirkli olmadığının rəmzi oldu. Sonra televiziyalarda məşhur müğənnilər göz yaşları və utanc ilə sonuncu dəfə nə vaxt ayaq yolluna getdiklərini danışdılar.

“ Xanım siz gənc yaşlarınızda ayaq yoluna gedirdiniz?
- Bəli, çox utanıram indi bunu etiraf etməkdən amma mən doğrudan da ayaq yoluna gedirdim. Hər dəfə söz verirdim amma hər dəfə qarnım dolanda özümü saxlaya bilməyib ayaq yoluna gedirdim. Lakin bir gün ayaq yoluna böyük bir güzgü qoyub öz halıma baxdım.

Ayaq yoluna gedərkən olan halıma baxdım. Onda özümə nifrət elədim. Və başa düşdüm ki, bizim millətə belə namussuzluq yaraşmaz, biz təmiz və günahsız, namuslu və qeyrətli olmalıyıq. O gün bu gün ayaq yolu mənim üçün bitib.
- Neçə il olar təxminən?
- 5 ildir ki, mən ayaq yoluna getmirəm
- Alqışalar, bizim dahi sənətkarımız 5 ildir ki, ayaq yoluna getmir.”

Bundan sonra dərsliklərdə ayaq yolunun pis cəhətləri haqda mətnlər uşaqların beyninə dolduruldu. Daha sonra ayaq yoluna gedən qızlara namussuz deyilməyə başladı. Daha sonra bütün xarici filmlərdəki ayaq yolu səhnələri kəsilib uşaqların tərbiyyəsini pozar deyə qadağan olundu. Bütün kitablardan ayaq yolu sözləri çıxarıldı.

Bu şəhər məni çox təəccübləndirdi. Mən yolçudan yolu öyrənib ora getdim. Şəhərə girən kimi əski ilə burnumu tutdum. Bütün şəhər iy verirdi. Hər yerdən iy gəlirdi. Amma bütün insanlar buna baxmayaraq çox rahat idi. Əvvəlcə mən elə bildim ki, yalnız mənə bu iy gəlir. Amma sonra başa düşdüm ki, onlar sadəcə bu iyə öyrəşdiyindən onu hiss etmirlər. Sonra restoranların birində əyləşib qarşı masadakı adamlara baxdım. Onlar qaqqıldıyır, pivə içir və domino oynayırdılar. Elə bu an restoranın qapısı açıldı və içəri gözəl bir xanım girdi. O içəri girən kimi qarşı masadakı kefi kök kişilərin qaşqabağı yerə-göyə sığmadı. Onlardan biri qışqırdı:

- Aftafalı əllərinlə bizim restoranın qapısını açma! Mundar, namussuz, qeyrətsiz, geridə qalmış!!!

Xanım qəmli gözləri ilə onları süzüb başını aşağı saldı. Elə bu an kişilərdən biri pivə şüşəsini onun başına atmaq üçün ayağa qalxdı. Mən tez onun qarşısını alıb enli qollarını nazik əllərimlə saxlamağa çalışdım:
- Eləmə! Sakitləş!

O mənə baxıb yekə qarnının bir hissəsini yağlı masaya söykəyib dedi:
- Sən buna bir bax. Tualetə gedən namussuzu qoruyur. Bilirsən o yemək yeyəndən sonra nə oyunlardan çıxır?

- Nə?
- O tualetə gedir. Eşidirsən? Deyilənə görə xaricdən özünə aftafa alıb, evində də unitaz qoydurtdurub. Mundarın biri , mundar! Bizim təmiz qızlar kimi deyil o çirklidi!
Mən gülümsəyib ona dedim:
- Güya sən heç tualetə getmirsən?

Bundan sonra heç nə yadımda qalmayıb. Bircə onu bildim ki, başıma iri bir şüşə dəyib çilik –çilik oldu. Özümə gələndə məni artıq məhkəməyə hazırlayırdılar. Mən çığırırdım - Niyə? niyə?!

Bütün zaldakı adamlar və hakimlər mənə tər-tərs baxdılar. Onlar mənim əllərimi bağlamışdılar. Sonra bir nəfər ayağa durub mənə yaxınlaşdı.
- Dünən saat 17 radələrində siz restoranda namussuz, cinayətkar bir qadınla əlbir millətin namusu və müqəddəs dəyərlərini alçaltmısınız. Siz cinayətkarın qarşısını almağa çalışan bu qeyrətli vətəndaşın əlini sındırmaq istəmisiniz. Sizi vətən xaini elan edirik.

Mən əsəbiləşib ayağa qalxdım.
- Ey siz, axmaqlar, cahillər, yalançılar! Güya siz özünüz ayaq yoluna getmirsiniz? Bəs yediyiniz haradan çıxır? Sizin bütün şəhəriniz iy verir. Hara gedirdim ağacların dibində nəcis var idi. Güya siz özünüz bulamırsınız? Hə? Nə namusdan danışırsınız? Nə qeyrətdən, müasirlikdən danışırsınız. Biz hamımız insanıq hamımız da ayaq yoluna gedirik. Açıq ya gizlin.

Bunu gizlin edəndə siz namuslu olursunuz? Hə? Ayaq yoluna getməyən insan yoxdur. Əgər bu günahdırsa, əgər bu cinayətdirsə onda niyə bütün insanlar belə yaranıb, hə? Siz öz hisslərinizi, öz arzularınızı öz ehtiyaclarınızı özünüzdən gizlədirsiniz. Siz ölü şairlərin, məktəb kitablarının, valideynlərin və cəmiyyətin qulusunuz.

Onlar sizi idarə edir. Siz həmişə günahı başqalarında görürsünüz. Siz də aftafa almaq istəyirsiniz amma utandığınız üçün gizli də olsa, çirkli gəzməyi ondan üstün tutursunuz.

Və sizin arzuladıqlarınıza sahib olanları məhv edirsiniz. Yazıq millət, başıboş xalq. Siz hamınız ayaq yoluna getməsəz də...

Elə bu an hakim çəkicini vurdu. Məhkəmə işi sona çatdı. İnsanlar oturacaqlardan durub yavaş- yavaş dağılışmağa başladılar. Oturacaqlarda qalmış sidik-nəcisin iyi bütün zalı götürdü. Kimlərsə gizlicə bunu masanın altında edirdi, kimlərsə elə şalvarlarını çıxarmamış.

Kimlərsə arxalarına torba bağlayırdılar. Kimlərsə ovuclarına götürüb oturacağın arxasına sürtürdülər. Kimlərsə eləyib qurtaran kimi, qaçıb polis çağırırdılar. “Bura baxın, bura baxın kimsə bulayıb”.
Mən isə bir gün sonra zindana salındım. Deyilənə görə bir neçə gün sonra o qızı kəndirdən asıb, ocaqda yandırdılar.

Deyilənə görə bir neçə gün xalq mənim ölümümü istəyib zindanın darvazalarını döydülər.

“ Ayaq yoluna gedənlərə ölüm, namussuzlara, alçaqlara, çirklilərə, kafirlərə, geridə qalmışlara ölüm!!! ”

Zindanda mənimlə bir başqa adamlar da qalırdı. Hərdən təzə adamlar gəlir və mənə digər şəhərlər haqda danışırdılar. “Fahişəlik etməyənlər şəhəri”, “İçki içməyənlər şəhəri”, “Rüşvət almayanlar şəhəri”, “Millətçilər şəhəri”, “Dindarlar şəhəri”, “Demokratik insanlar şəhəri”, “Xoşbəxt ailələr şəhəri”, “Milli musiqini sevənlər şəhəri”, “Bir-birinə xəyanət etməyən sevgililər şəhəri”, “Porno filmlərə baxmayanlar şəhəri”, “İtirlimiş torpaqları həqiqətən qaytarmaq istəyənlər şəhəri” və daha hansı tanımadığm gözəl şəhərlər.
XS
SM
MD
LG