Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:38

5 jurnalist İlham Əliyevə müraciət edib


Həbsdə olan «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həmkarlarına etdiyi müraciətlə bağlı 5 jurnalist görüş üçün mayın 4-də prezident İlham Əliyevə müraciət edib.

Müraciəti «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov və köşə yazarı Şahvələd Çobanoğlu imzalayıb.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu AzadlıqRadiosuna bildirib ki, onların prezidentlə görüşmək istəmələrinin məqsədi Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarının niyə yerinə yetirilməməsini aydınlaşdırmaqdır.

Eynulla Fətullayev iyunun 2-də keçirilən məhkəmə iclasında Avropa İnsan Haqları Məhkəməsinin onun barəsində çıxardığı bəraət hökmünün icra olunmamasından təəssüfləndiyini bildirib. Jurnalist deyib ki, bu məsələdən dövlət başçısı İlham Əliyevin ya xəbəri yoxdur, ya da ona azadlığa buraxılmamasının səbəbi dəqiq bildirilməlidir.

Eynulla Fətullayev iki gündür saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir.

2007-ci ildə Eynulla Fətullayev vergidən yayınma, terrorçuluğu qızışdırma ittihamlarıyla üst-üstə 8 il yarım həbs cəzası alıb. Avropa Məhkəməsinin çıxardığı qərara görə, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödənməlidir.

Hazırda Eynulla Fətullayevin narkotik saxlama ittihamıyla məhkəməsi gedir, jurnalist bu ittihamı qurama hesab edir.
XS
SM
MD
LG