Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:34

Robert Qeyts niyə gəlmişdi?


İlham Əliyev Robert Qeytsi qəbul edir
İlham Əliyev Robert Qeytsi qəbul edir
ABŞ-ın müdafiə naziri Robert Qeytsin Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşüb danışıqlar aparması üçün iyunun 6-da Bakıya gəlməsi siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

Birləşmiş Ştatların Bakıdakı səfirliyindən AzadlıqRadiosuna deyildiyinə görə, cənab Qeyts Azərbaycana əsasən Əfqanıstandakı Amerika hərbçilərinin təchizatı məsələsini müzakirə etməyə gəlib. Politoloqlar isə məsələyə bir qədər fərqli yanaşırlar. Uzun müddət ölkədə ABŞ- Azərbaycan münasibətlərinin yaxşı olmadığı barədə fikirlər səsləndiyi halda, belə bir səfərin gerçəkləşməsini hərə bir cür dəyərləndirir.

Politoloq Rasim Musabəyov hesab edir ki, Robert Qeytsin Bakı səfərinin mahiyyətində Azərbaycanın ABŞ siyasətindəki əhəmiyyəti dayanır. Cənab Qeytsin gəlişi, onun ardınca ABŞ dövlət katibi Hillari Klintonun səfərinin nəzərdə tutulması göstərir ki, Amerikanın Azərbaycanla siyasətdə hansısa ciddi səylər baş verəcək. Buna qədər ABŞ özünü maraqlandıran məsələlərdə Azərbaycandan dəstək almaq istəyirdi, ancaq Azərbaycanı maraqlandıran məsələlərdə biganəlik nümayiş etdirirdi.
Rasim Musabəyov
Bunun müqabilində prezident İlham Əliyev öz sərt mövqeyini ortaya qoydu və çatdırdı ki, Azərbaycanı maraqlandıran məsələlərdə - ilk növbədə əlbəttə ki, Qarabağ məsələsində ABŞ-dan dəstək olmadıqca Azərbaycanın dəstəyini unutmaq lazımdır:

İLHAM ƏLİYEV NÜMAYİŞ ETDİRDİ Kİ, BELƏ İŞ GETMƏYƏCƏK


«Ermənilərin ABŞ-dakı lobbisi Konqresdə və Dövlət Departamentindədir. Azərbaycanın lobbisi isə Energetika Nazirliyi ilə Pentaqon olub indiyədək. Energetika Nazirliyi və Pentaqonu da maraqlandıran məsələlərdə əməkdaşlıq, dəstək qarşılıqlı olurdu, ancaq Azərbaycana lazım olan məsələlərdə özlərini kənarda saxlayırdılar. İlham Əliyev nümayiş etdirdi ki, belə iş getməyəcək. Və düşünürəm ki, Qeyts gəlib həm dinləməyə, həm də ABŞ-nı qarşılıqlı şəkildə nə edə biləcəyini müzakirə etməyə».

Rasim Musabəyov düşünür ki, Qeytsin Bakı səfərində yalnız Əfqanıstana tranzit məsələsi deyil, təhlükəsizlik sahəsində bir sıra başqa məsələlər də müzakirə olunub.

AMERİKANIN DÖVLƏT MARAQLARINA AZƏRBAYCANDA DEMOKRATİYANIN VƏZİYYƏTİ ZƏRRƏ QƏDƏR DƏ TƏSİR ETMİR

Politoloq Zərdüşt Əlizadə hesab etmir ki, ABŞ-Azərbaycan münasibətləri müxalifət mətbuatının yazdığı kimi pisdir. Deyir ola bilsin Azərbaycan rəhbərliyinin bəzi addımları ABŞ-ın xoşuna gəlməyib. Ancaq ortada gerçək maraqların da olduğunu unutmaq lazım deyil. Qərbin neft şirkətləri Azərbaycanda fəaliyyətdədirlər, BTC işləyir, qaz layihələri var.
Zərdüşt Əlizadə
Bundan da başqa münasibətlərdən asılı olmayaraq Azərbaycan coğrafi mövqeyini itirmir. Ona görə də demokratiya kimi məsələlərin münasibətləri korlayacağını düşünüb malı-mala qatmağa dəyməz:

«Amerikanın dövlət maraqlarına Azərbaycanda demokratiyanın vəziyyəti zərrə qədər də təsir etmir. ABŞ-ın ən yaxın müttəfiqləri Səudiyyə Ərəbistanı, Misir, Yəmən və digər bu kimi dövlətlərdir. Və kimliyindən asılı olmayaraq, Amerikanın maraqlarına uyğun siyasət yürüdən yetərincə diktatorlar var ki, ABŞ onlarla normal münasibətlər saxlayır. Təbii ki, Qeyts burada ilk növbədə Amerikanın dövlət maraqlarını təmin etməyə çalışıb, Azərbaycan hakim zümrəsi də çalışıb ki, özü üçün yaxşı olsun, özünü sığortalasın».

Zərdüşt Əlizadə ABŞ-la Azərbaycanın Bakıda hansısa bir razılığa gədiklərini düşünür.

Robert Qeyts Bakıdan sonra Londona, ordan isə Brüsselə - NATO müdafiə nazirlərinin toplantısında iştirak etməyə gedəcək. Onun ardınca isə ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri gözlənilir. Bəzi siyasi şərhçilər isə bütün bunları bir prosesin elementləri kimi dəyərləndirirlər.

Xaləddin İbrahimli
Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə şübhə etmir ki, Robert Qeytsin Bakıya səfəri ABŞ-Azərbaycan münasibətlərinin əvvəlki dövrlərə nisbətən sərin olması ilə bağlıdır. Onun fikrincə, ABŞ heç istəməz ki, Azərbaycanla münasibətlərində sərinlik, gərginlik olsun. Xüsusilə də Türkiyə, İsrail və Amerika münasibətlərinin indiki gərgin dövründə. Çünki bu fonda Azərbaycanla da münasibətlərin normal olmaması gözə görünür.

ƏSAS MƏSƏLƏ AZƏRBAYCANLA TÜRKİYƏNİN ABŞ-LA MÜNASİBƏTLƏRİDİR

Xaləddin İbrahimli güman edir ki, bu səbəbdən də yəqin ki, bir sıra məsələlərlə bağlı Bakı ilə Vaşinqton arasında danışıqlar olacaq:

«Bu səfər protokol xatirinə Qırğızıstan, Əfqanıstan məsələləri ilə əlaqələndirilə bilər. Amma əsas məsələ Azərbaycan-Türkiyə, həmçinin Azərbaycanla Türkiyənin ABŞ-la münasibətləridir. Məncə, ABŞ tərəfindən müəyyən cəhdlər hiss olunur. Artıq səfir təyin olunub, bir azdan fəaliyyətə başlayacaq. Və hansısa bir sıra məsələlərin müzakirəsi üçün Ağ Evdən hansısa rəsminin Azərbaycana gələcəyi gözlənilirdi. Bu da Robert Qeyts oldu».

Xaləddin İbrahimli deyir ki, müsəlman dünyasına, Mərkəzi Asiyaya yönəlik siyasət qurulanda, Əfqanıstan, Xəzərin karbohidrogen ehtiyatlarının Qərbə nəqli məsələləri müzakirə olunanda, Türkiyə ilə münasibətlərin tənzimlənməsinə ehtiyac yarananda Azərbaycan ABŞ-ın yadına düşür. Digər tərəfdən, Türkiyə ilə Qərbin münasibətləri korlananda da adətən bunun ümumiyyətlə türk dünyasına yönəlik siyasət olmadığını nümayiş etdirmək üçün Azərbaycana bir jest, münasibətlərdə istilik müşahidə olunur.
XS
SM
MD
LG