Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:25

Bloqlarda futbol bayramı başladı


FHN-dən «şad» xəbər…

Natiq Cəfərli
yazır ki, bu günlərdə Fövqəladə Hallar naziri su basan evlərin sakinlərinin geri, evlərinə qayıtmayacağını və onlar üçün yeni qəsəbələr salınacağını deyib. Bloqçu sual edir ki:

«Xub ağayi-nazir, bəs bu günəcən Kür və Araz çaylarında bəndlərin bərkidilməsi üçün, Kürün deltasının təmizlənməsi üçün ayrılan milyonlarla manatın hesabını kim verəcək? Bir də, yeni evləri kim tikəcək, «Gilan Xoldinq»? Bu hakimiyyət seldən də qazanır…».

***

Sabirabadda dashqin oldu, ya basqin?
Daşqın bölgəsi


Boşver
adlı bloqçu Sabirabadda suya qərq olmuş evlərinin şəkillərini yerləşdirib. Bloqçu yazır ki, doğrudanmı fəlakət «boşveriləsi» bir fəlakətdir:
«Doğrudanmı bütün bunları əvvəlcədən görə bilən bir ağıllı adam tapılmadı bu boyda ölkədə? Axı bizim iqtisadi inkişafımızı Şimali Koreya ilə müqayisədə 3 dəfə üstündü...».

***

Zöhrab İsmayıl
parlament seçkiləri yaxınlaşdıqca insanlarda dəyişikliklərin baş verəcəyinə inamın olmadığını yazır. Bloqçu hesab edir ki, müxalifət Forumuna, yeni yanaşma, yeni platforma, yeni mesajlara ehtiyac var:

«Ukraynada, Gürcüstanda, habelə Qırğızıstandakı inqilabların yalnız xarici faktorlar hesabına baş verdiyi barədə yanlış təsəvvürlərdən qurtulmaq lazımdır. Bu, dəyişiklər üçün yalnız faktorlardan biri ola bilər. Əsas məsələ daxili vəziyyətdir. Əgər hər hansı icazəsiz aksiyaya 100 nəfərdən artıq adam çıxmırsa, hətta aksiyanı keçirən partiyanın üzvləri çıxmırsa, fikirləşmək lazımdır niyə çıxmır? Şərtlərin daha ağır olduğu Belorusda icazəsiz aksiyalara 1000-dən çox insan qoşulur. Bu qədər narazılıq olan Azərbaycanda müxalif xətt niyə bu qədər miskinləşib? Hamı bir-birini satılmaqda günahlandırır. Bəs müxalifətçilər özləri niyə satılırlar? Niyə müxalifət partiyaları siyasi proseslərdən və cəmiyyətdən deqradasiya olunublar? Bunların səbəbi yalnız hökumətin təzyiqləridirmi? Başqa səbəblər yoxdurmu?

Əgər hökumətlə razılaşdırılmamış siyahı tədbirə 100 nəfərdən artıq insan qoşulmursa, burada xarici faktorların təsiri sıfıra enəcək. Bəlkə də, bunun nəticəsidir ki, Seçki Məcəlləsi demokratikləşdirin çağırışlarına cavab olaraq hökumət indi onu mürtəceləşdirir».

***

Turxan
bir neçə il öncə dini «qəribə şəkildə» təbliğ edən vərəqələrin indi də yayıldığını deyir. Həmin vərəqələrdə nə yazılıb?

«İllər öncə vərəqədən oxuduğum qismən yadımdadır: «Bu məktub Ərəbistandan gəlib. Bu məktubu yazan şəxs (guya) yatıb yuxsunda İslam peyğəmbərini görüb. O da həmin şəxsə deyib ki, Müsəlmanlara məktub yaz, onları düz yola dəvət et. Və əlavə edib ki, bu məktubun üzünü köçürüb 10 fərqli adama versinlər və əmin olsunlar ki, həmin 10 adam da məktubu 10 başqa adama verəcək! … Əgər bu məktubu oxuyub 10 nəfərə paylamasan sən də öləcəksən…
Məktəbimizdə demək olar ki, bütün müəllimlər SAVAB qazanmaq üçün uşaqlara vərəqələri çap etdirməyi tapşırdılar. Bu onlar üçün yeni əyləncə idi. Amma bircə idman müəllimimiz Salman müəllimdən başqa... Çox maraqlıydı, təkamüldən, əmöbdən, danışan müəllimimiz vərəqədə yazılana inanmışdı. Amma idman müəllimi inanmamışdı…».

***

İlqar İbrahimoğlu
isə qarşıdan 3 aylıq «mənəvi səfər»in gəldiyini yazır:
«Rəcəb, Şəban və mübarək Ramazan ayları. Bu – son dərəcə mənəvi yüklü bir səfərdir. Bu səfərdə mənəvi kamilləşmə üçün böyük fürsətlər vardır».

Və qayıdaq gündəliyinə futboldan yazanlara:

Ay can, ay can futbol başlayır …


Məmmədəli
dir belə sevinən. Kənan isə başqa məsələyə sevinir. Bloqçu yazır ki, Milli Telaradio Şurası «Lider TV»nin bütün oyunları nümayiş edə bilməyəcəyini bildirib. Ətraflı bloqundan oxuyun.

Fuad Ağayev
futbola baxmağa məhdudiyyət qoyulmasından şikayətlənir:

«2 saat bundan əvvəl futbol üzrə dünya çempionatının ilk oyunu başladı. Mən həmişəki kimi B&BTV şirkətinin yayımladığı kanallar vasitəsilə matça baxmağa hazırlaşırdım. Oyun başlamamış ORT, ESPN, Supersport, Showsport kanallarında təsvir yoxa çıxdı. Məlum oldu ki, azərbaycanlı futbol həvəskarları bu birinciliyin oyunlarını öz-özünü «Lider» adlandırmış televiziya şirkətinə məxsus kanal vasitəsilə izləməlidirlər.
Halbuki iki gün əvvəl B&BTV şirkəti ilə əlaqə saxladıqda, mənə söylədilər ki, dünya çempionatının oyunlarını azı iki ingilisdilli, 3 rusdilli (ORT, RTR-1, RTR-2) televiziya kanalları vasitəsilə izləmək mümkündür... Maraqlıdır, doğrudanmı B&BTV şirkəti ORT və RTR ilə danışıqlar aparmışdır? Tutaq ki, bu belədir, bəs ingilisdilli kanallar ilə bağlı şirkət niyə susur? Oxşar vəziyyət Ailə TV, KaTV və başqa kabel televiziya şirkətlərində də yaranmışdır. Buna nə ad qoymaq olar?

Bəlkə, onlara qarşı məhkəmələrə iddia verək?

Burada, əlbəttə ki, Milli Televiziya və Radio Şurasının fəaliyyətinə də aydınlıq gətirilməlidir. 4 ildə bir dəfə keçirilən turnirdən də məhrum olmalıyıq?»

***

Bloqçulardan biri futbol barədə maraqlı xəbərlər yazıb. Məsələn futbol tarixində rekord hesabın 36-0 olduğunu yazan bloqçu, həm də ən gənc oyunçun 13 yaşında olduğunu qeyd edir:

«Rekord hesab. Şotlandiya kubokunda, 1885-ci ilin 5 sentyabrında keçirilən Abrout-Bon Akkord matçı olmuşdur. Bu oyun 36-0 hesabı ilə başa çatmışdır…Suleyman Mamam 13 yaşında yığma komandada ilk oyununu keçirməklə dünya futbol tarixində yığma komandanın heyətinə düşmüş ən gənc oyunçu oldu».
XS
SM
MD
LG