Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:03

Bulvarda 5D formatlı kinozal quraşdırılacaq


Yaxın vaxtlarda Milli Parkda 5D formatlı kinoteatr fəaliyyətə başlayacaq. Bunu AzadlıqRadiosunun «Can Bakı» proqramına Dənizkənarı Milli Parkın direktor müavini Nazim Məcidov verib.

Onun bildirdiyinə görə, Milli Parkda 4D formatlı kinoteatr xeyli vaxtdır ki, tamaşaçıların xidmətindədir. «Amma 5D əvvəlkindən daha üstün xüsusiyyətlərə malik olacaq».

ÜSTÜNDƏ GƏZƏN HƏŞƏRATI DA...

Rəis müavini 5D formatının 3D və 4D-dən fərqini də açdı. «İnsan əvvəlki formatlarda öz üzərində hiss etmədiyi əlamətləri 5D-də daha rahat duyacaq. 4D-də küləyi, isti-soyuğu hiss edirdinsə, 5D-də üstündə gəzən həşəratı, hətta qoxunu belə duyacaqsan».
Nazim Məcidov


4D İSRAİLDƏN GƏTİRİLMİŞDİ, 5D İSƏ YAPONİYA İSTEHSALIDIR


Yaponiya ilə müqavilənin xeyli vaxtdır bağlandığını deyən Nazim Məcidov artıq avadanlığın yolda olduğunu da bildirdi. «Gözləyirik, bu ayın axırı, gələn ayın əvvəli istifadəyə verə biləcəyik».

AzadlıqRadiosu müxbirinin «Quraşdırılma çox vaxt aparmayacaq ki», -sualına direktor müavininin cavabı belə oldu: «Yox, 3-4 gün vaxt aparacaq. Çünki yüngül konstruksiyadan ibarətdir».

QURAŞDIRILMADAN SONRA SINAQDAN KEÇİRİLƏCƏK


Nazim Məcidov avadanlığı gətirən mütəxəssisin burda ona qulluq edəcək işçilər hazırlayacağını da sözlərinə əlavə etdi. «Bunlar da bir az vaxt aparacaq. Amma cəmi 5-10 günə bütün məsələlər yoluna qoyulacaq».

TAMAŞAÇI QITLIĞI OLMAYACAQ


4D formatlı kinoteatrın üç aylıq fəaliyyətinin tamaşaçı qıtlığı yaratmayacağına əminlik yaratdığını deyən Nazim Məcidov hətta bəzi günlər—şənbə-bazar və bayram günlərində bu formata marağın təklifi üstələdiyini də vurğuladı. «O üzdən daha müasir formatı seçdik və düşündük ki, 5D-nin Bakı bulvarında olması onun şöhrətini artıracaq».

KİNOZAL 12 YERLİK OLACAQ


Nazim Məcidov belə kinozalların adətən böyük olmadığını dedi. «7 və 10 yerlik olanları da var».

QİYMƏTİ 5 MANAT OLACAQ


4D formatının da bu qiymətə olduğunu bildirən müsahibimiz 5 D-nin bundan artıq olmayacağına əminliyini ifadə etdi. «Yenə 5 manat həddində olacaq».

«ŞEYTAN TƏKƏRİ»NİN YANINDA OLACAQ


Müsahibimiz sonda kinozalın bulvarın orta hissəsində, «Şeytan təkəri»nin, qoşa fəvvarələrin yanında qərar tutacağını da bildirdi.

4D formatlı kinozal Bulvarın «Hökumət evi»ylə üzbəüz hissəsindədir.

XS
SM
MD
LG