Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:08

“...Lap əvvəldən deyirdi ki, noutbuku udsan, mənimkidi”


“Ədəbi Azadlıq” hekayə müsabiqəsinin qalibi Eyvaz Zeynalovla söhbət. Müsabiqədə onun "Əli metroda işləyir" hekayəsi qalib gəlib.

- Eyvaz bəy, nə qədər gözlənilən qələbə idi bu sizin üçün?


- Mən son dövrlərdə hekayə müsabiqələrində bir neçə dəfə iştirak etmişəm. Nə isə məndə belə bir ümid olub ki, 3-cü, 2-ci, 1-ci yeri tutacam.

Bu dəfə də ümid çox idi, amma 1-ci yeri tutacağıma tam əmin deyildim, 50-dən yuxarı faizdə inanırdım ki, 1-ci yeri mənim hekayəmə verərlər.

Daha doğrusu hekayənin özü buna ümid verirdi. Həm də ən çox ümidim şərhlərə, səs verənlərə görə idi.

- Azadlıq Radiosunun saytında 55-dən çox şərh gəlmişdi sizin hekayəyə...

- Hə, çox idi. Çoxu yazırdı ki, mənim hekayəmi bəyənib.

- Amma belə fikirlər də vardı ki, həyatdan uzaq, quru bir hekayədir.

- Belə də vardı, oxucu həmişə sərbəstdir, onunla mübahisə etməyə dəyməz.

- Deyirsiniz ki, hekayəmə güvənirdim. Bəlkə başqa hekayələrlə müqayisə edib bu qərara gəlirdiniz həm də?

- O da var, əlbəttə. Bu dəqiqə bizim ədəbiyyatımızda - müsabiqə keçirənlərdə belə bir tendensiya var: adətən deyirlər ki, birinciliyi cavanlara vermək lazımdır, ümid vermək lazımdır ki, irəli getsinlər.

Amma mən bunun tərəfdarı deyiləm. Yaşlı, cavan olmasının nə dəxli var.

Bütün dünyada belədir ki, müsabiqə keçiriləndə ortaya qoyulan əsərə qiymət verilir, mükafat o əsərin arxasında yatan, onu yazan adama verilmir.

Əsərin özündən çıxış edib qiymət vermək lazımdır.

Mən gördüm ki, Azadlıq Radiosunda seçim anonim olub. Onda ümidim bir az da artdı ki, əgər anonim gedirsə, deməli burada ədalət ola bilər, hekayənin özündən çıxış edib qiymət verə bilərlər.

- Əgər siz birinci yeri tutmasaydınız bu, ədalətli olmayacaqdımı?

- Yox, niyə ki. Bu, şəxsi, subyektiv fikirdir.

- Eyvaz müəllim, çoxmu yazırsınız? Mövzularınız nədir?

Xalq yazıçısı Əkrəm Əylisli "Ədəbi Azadlıq" mükafatını Eyvaz Zeynalova təqdim edir. 10 iyun 2010
- Çox yazıram. İlk hekayəm hələ orta məktəbdə oxuyanda 9-cu sinifdə qəzetdə çap olunub.

Hər il Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan”, “Ulduz” jurnallarında, “Literaturnı Azərbaycan”da çap olunuram.

Saytlarda hekayələrim qoyulub, Türkiyədə məsələn 2010-cu ildə 5-6 ayda 5 jurnalda mənim hekayəmi tərcümə edib çap ediblər. Orada kitabımı hazırlayırlar.

- Yeri gəlmişkən, türkcəyə çevrilənlər arasında bu hekayə də var idimi ?

- Yox idi, amma mənim tərcüməçim İmdad Avşar bu hekayəmi oxuyub zəng edib demişdi ki, “bəyəndim, çox xoşuma gəldi. Əli obrazı çox isti, yaxın obrazdır”.

- “Əli metroda işləyir” hekayəsinin qəhrəmanı sizin özünüzə nə qədər yaxın obrazdır?

- Doğrusu, bu, ümumiləşdirilmiş obrazdır. Həmişə yaxşılıq etməyə çalışan, əlinə bundan başqa iş gəlməyən, özünün elə bir işi olmayan təmənnasız tipik obraz yaratmaq istəmişəm. Haradasa iş görən, idarədə və s.-də işləyənlərdə haradasa, necəsə təmənna olur.

Amma Əli elə adamdır ki, onun heç bir təmənnası yoxdur. Düzdür mən orada yazıram ki, ona hərdən olurdu ki, yer verdiyi adamlar qəpik-quruş verirlər. Amma bu sayılmır, təmənnasız iş görür.

- Saytda hekayəyə çoxlu şərhlər gəlib. Bəziləri deyir ki, reallıqdan uzaqdır, bəziləri deyir bu mümkün deyil. Bir fikir var burada - mənim diqqətimi cəlb etdi. Ələsgər adlı oxucu yazıb ki, “halaldır bu adama qələm. Bu əsər “İdiot”u xatırlatdı. Mışkin dünyanın ən saf adamıdır, amma hamı onu axmaq, dəli və idiot sayır. Yaxşılıq etdiyi adam onu arxadan vurur. Bu, humanizmin faciəsidir. Əli də bizim cəmiyyətdə göstərir ki, insaniyyət, mənəvi dəyərlər haracan enib. Əli çox gözəl iş tutur, amma bu kimə lazımdır? Heç kimə...”.

- Hər halda lazımdır, Onsuz da təmənnasız iş görən, həyatda çalışan insanlar həqiqi qiymətini almayıb.

- Çox az rastlanır ki, cəmiyyətdə kimsə öz yerini başqasına versin təkcə metroda yox , başqa yerlərdə də.

- Doğurdan da elədir. Amma Əli eləyir də.

- Bundan sonra nədir planlarınız, konkret bir fikriniz, planınız varmı?

- Demək olar ki, gündəlik hekayə üzərində işləyirəm. Mənim altı kitabım çap olunub, rus, ukrain dillərində, türkcə. Jurnallarda povestlərim də çıxıb.

- Mövzularınız nədir?

- Hər mövzuda yazıram – məhəbbət, həyatda gördüyüm, mənə, hisslərimə təsir edən hər şeydən yazıram. Bir şeyi deyim ki, Qarabağ hadisələri başlayandan demək olar ki, bütün yazılarımda Qarabağ mövzusu bu və ya digər formada öz əksini tapıb.

"Ədəbi Azadlıq" müsabiqəsinin finalçıları. 10 iyun 2010
Hətta Qarabağ hekayələrini ayrıca kitab şəklində iki dəfə nəşr etdirmişəm. Aradan iki il keçəndən sonra keçən il bu kitabı yenidən nəşr etdirdim. Bu kitab Türkiyədə də tərcümə olunub, çap olunmalıdır.

- Siz özünün Qarabağ döyüşlərində iştirak etmisiniz?

- Döyüşdə iştirak etməmişəm, çünki yaşım imkan verməyib. Amma Ağdamın özündə anadan olmuşam, Ağdamda yaşamışıq. Hətta qrad qurğuları ilə atılan atəşlərin neçə dəfə altına düşmüşəm.

Çünki ermənilər şəhərin özünü bombardman edirdi.

Neçə dəfə olub ki, onun altından qaçmışıq. Təsadüflər olub ki ,sağ qalmışıq. Ona görə bu hadisələr mənə tanışdır, yaşadığım hisslərdir. Bu və ya digər dərəcədə hekayələrimdə əksini tapıb.

Həm də Ağdamdan gələndən sonra burada keçirdiyimiz hisslər mənim kimi qaçqınların keçirdiyi hisslər - təzədən dolanışıq, iş yeri, ev-eşik tapmaq...

Çünki 93-cü ildə ev-eşiyimizi qoyub gəlmişdik. Qohum, tanış-bilişin yanında neçə il yaşamışıq. Amma hisslərimi bu və ya digər dərəcədə təsvir etmişəm.

- Bu həyata alışa bildinizmi – Ağdamdan sonra Bakının həyatına?

- Çətindir alışmaq. Amma insan zülmə tabedir, həmişə uyğunlaşmağı bacarmalıdır. Uyğunlaşa bilməsən nə edəcəksən, ya gərək meydandan çıxasan, ya gərək yaşayasan, uyğunlaşasan, ya da yaşamayasan.

Biz də bir növ uyğunlaşmışıq. Mənim yadımdadır institutu qurtaranda hətta dedilər qal burada - Bakıda, mən onda dedim ki, heç institut illərində Bakını xoşlamamışam.

Bir dəfə ağzımı dirəyib krantdan ürəyincə su içməmişəm, çünki bu Ağdamda bulaq suyu idi, içmişəm.

Bir dəfə çöldə pəncərəni açıq qoyub yatmamışam, çünki “diddili” var. Amma Ağdamda “diddili” də yoxdur.

Təzədən təsadüf, tale elə gətirib ki, məcburi surətdə bir də qayıtmışam Bakıda məskunlaşmışam.

- Əgər Qarabağ hadisələri olmasaydı, nədən yazardınız. Deyirsiniz bütün əsərlərinizdə hansısa şəkildə bu mövzu öz əksini tapır.

- Dolanışığımızdan, həyatımızdan. Mövzu çoxdur yazmağa. Bir də görürsən mövzular biri digərini üstələyir, qaralayıram atıram kənara.

Deyirəm bu biri tələsir, axı onlar da canlıdır. Onlarla yaşayıram, otururam-dururam, fikirləşirəm daim, yol yoldaşlığı edirəm.

- İlk sevincinizi kimlə bölüşdünüz?

- Evə zəng açdım, oğluma dedim anasına çatdırsın. Çünki onlar məni yola salıb, xeyir-dua verdilər və dedilər ki, xəbər olan kimi çatdır.

Oğlumdur, həyat yoldaşımdır, qızımdır, bir də yeznəmdir, qaynımdır, ümumiyyətlə yaxınlarıma birinci çatdırdım, təbrik etdilər, sevindilər.

- Noutbuka görə, yoxsa sizə görə?

- Yox, noutbuka görə yox. Mənim özümün də var, oğlumun, qızımın da var.

- Bəs bunu nə edəcəksiniz?

- Yoldaşıma verəcəm. Çünki oğlumla mənim noutbukumdan istifadə edir. Əvvəldən də zarafatla deyirdi ki, qazansan, o mənimkidir. Qoy onun da özünün müstəqil noutbuku olsun.
XS
SM
MD
LG