Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:53

Ronaldo Fortunadan gileylənir


Qazanda qucaqlaşan iki qoç
Qazanda qucaqlaşan iki qoç

Kot d`Ivuar (Fil dişi sahili) – Portuqaliya oyunu 0 - 0 hesabı ilə heç-heçə bitdi. Oyundan əvvəl əsas diqqət Droqbada idi - o meydana çıxacaqmı, onun Ronaldu ilə dueli baş tutacaqmı?

EİKSSON İNGİLTƏRƏNİN HAYIFINI ALMAQ İSTƏYİR

Kot d`İvuarın məşqçisi İsveçli Sven-Göran Erikssonun isə Portuqaliya ilə oyunu udmaq həvəsi əlavə səbəblərlə güclənirdi.

Onun vaxtılə başçılıq etdiyi İngiltərə yığması iki dəfə məhz Portuqaliyaya uduzub yarımfinala çıxa bilməmişdi, 2004-cü ilin Avropa çempionatında, və 2006-da Dünya çempionatında. Hər iki oyunda Portuqaliyalılar 11 metrlik cərimə zərbələrindən sonra ingilisləri turnirdən çıxrtmışdılar.

Onun oyunun sonuna 24 dəqiqə qalmış meydana buraxdığı zədəli Didier Droqba az qala onu möhkəmcə sevindirəcəkdi. Oyunun son dəqiqələrində Portuqaliya qapıçısı ilə təkbətək çıxan Droqba zərbə əvəzinə topu yoldaşına vermək istəsə də, onun ötürməsi dəqiq alınmadı.

Nəticədə Eriksson hayıfını qismən ala bildi, Portuqaliyanı 2 xaldan məhrum edib, ondan 1 xal qoparmaqla.

OYUNDAN SONRA DEYİLƏNLƏR

- Portuqaliya çox güclü komandadır. Biz tam məmnun olmasaq da, maraqlı oyun nəticəsində bir xal qazana bildik. – deyə Eriksson oyundan sonra bildirdi.

Hesabın quru qaldığı bu oyunda qol vurmağa ən yaxın oyunçu Cristiano Ronaldo idi. Onun 12-ci dəqiqədə guclu zərbə ilə vurduğu top qapı dirəyinə dəydi.

- Biz yaxşı oynasaq da, bəxtimiz gətirmirdi. Kot d`İvuar bizdən qorxurdu, ona görə sərbəst oynamağımıza elə də böyük meydan vermirdilər – deyə Ronaldo oyundan sonra bildirib.

Bu oyunu çoxları Droqba – Ronaldo dueli kimi də qiymətləndirirdi.

DROQBA DİQQƏT MƏRKƏZİNDƏ

Lakin bir həftə əvvəl Yaponiya ilə hazırlıq görüşündə qolunu sınıdran və cərrahiyə əməliyyatından keçən Droqbanın meydana çıxması sual altında idi. Bununla da Droqba oyundan əvvəl bütün diqqəti özünə çəkmişdi.

Ronaldo isə Drqoba ilə duel haqqında suala təmkinlə cavab vermişdi ki, onu Droqbanın oynayıb-oynamayacağı qətiyyən maraqlandırmır.

RONALDO ŞOUNU OĞURLAYIR

Oyunun əsas hissəsini Droqba ehtiyyat oyunçular oturacağından Ronaldo şousuna baxmağa məcbur oldu. Ronaldo gah topu dirəyə, gah da qapıdan azacıq yuxarı vurur, gah rəqib müdafiəçilər tərəfindən kobud şəkildə yerə yıxılır, gah da hakimlə dilləşib sarı vərəqə alırdı. Droqba isə baxırdı.

Nəhayət oyunun sonunda meydana çıxaraq qısa müddət ərzində özünün də “az aşın duzu” olmadığını göstərdi.

İki futbol ulduzu nisbətən sönük oyun keçən meydanı qucaqlaşıb tərk etdilər. Çempionatın başlanğıcı üçün pis deyil. Burada oyun formasını tədricən yığmaq daha səmərəlidir.

Odur ki, əsl Droqba-Ronaldo dueli ola bilər ki, hələ qabaqdadır.

Oyunun ən maraqlı epizodlarına burada bax
XS
SM
MD
LG