Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:42

Qumbara üstündə yaşayanlar...


Evləri sökülən vətəndaşlar və onların vəkili
Evləri sökülən vətəndaşlar və onların vəkili
«Elə bil ki, qumbara üstündə yaşayırıq, hər dəqiqə polis təcavüzü olacağını gözə alırıq».

Bunu AzadlıqRadiosunun «Can Bakı» proqramının qonaqlarından biri - Sonaxanım Əliyeva «Qış Bulvarı» salınacaq ərazinin sakinləri yayı necə keçirirlər» sualına cavabında söylədi.

DAİM SƏKSƏKƏDƏYİK...


Onun sözlərinə görə, yayı toz-torpaq içində, bərbad halda, darmadağın bir vəziyyətdə yaşayırlar. «Pəncərələri açmaq mümkün deyil. Səhər saat 5-ə, 6-ya qədər səs-küyün içində yatmağa məcburuq».

Daim polis təzyiqinə uğradıqlarını deyən Bakı sakini dəfələrlə polis tərəfindən tutulduqlarını, bölməyə aparıldıqlarını, aylardır səksəkədə yaşadıqlarını etiraf etdi.

Verilişin digər qonağı—Hikmət İsmayılov isə nə istədiklərini bircə kəlmə ilə ifadə etdi: «Bizə çatan payın 10-da, 15-də bir qismini istəyirik ki, gedib mənzil alıb yaşayaq. Verdikləri pula isə heç nə ala bilmərik».

PREZİDENTƏ SƏHV MƏLUMAT VERİRLƏR


Hikmət İsmayılov ölkə prezidentinə bu durumla bağlı yalan məlumat verdiklərini iddia etdi: «O gün prezident də dedi ki, təzə tikilmiş binalarda, təmirli, 10 kv.m artıq mənzil verilir. Mən deyirəm ki, verilmir. Prezidentə səhv məlumat verirlər».



SÖKÜNTÜYƏ RƏHBƏRLİK EDƏNLƏR BİZDƏN QAÇIRLAR


Bakı Şəhər İcra Hakimiyyətinin bu işə rəhbərlik edən şəxslərini həmişə keçirdikləri mətbuat konfransına dəvət etdiklərini deyən Hikmət İsmayılov «bəlkə 20 dəfə dəvətnamə göndərmişəm ki, gəlin, oturaq, danışaq, qoy mətbuat işıqlandırsın. Gəlmirlər, bizdən qaçırlar» - fikrini sözlərinə əlavə etdi.

ONLAR DAİM TƏHDİD ALTINDADIRLAR


Sakinlərin hüquqlarını qoruyan tanınmış vəkil Fuad Ağayevin fikrincə, onlar daim təhdid altında yaşayırlar. «Sakinlərə deyirlər ki, 1500 manat alacaqsınız və buranı tərk etməlisiniz, başqa yolu yoxdur. Bəzən axşam gəlib əmr edirlər ki, sabah günortaya buranı boşaltmalısınız. Çox ağır, psixoloji sarsıntılar keçirirlər. Elələri var ki, bu təhdidlər altında öz ata-baba mülkünü su qiymətinə verib».

O ƏRAZİDƏ DÖVLƏT EHTİYACLARI YOXDUR!


Tanınmış vəkilin dediyinə görə, dövlət hakimiyyəti orqanlarının həmin ərazidə yerləşən hər hansı mülkü zor gücünə almağa hüququ yoxdur. «Həmin ərazidən ev, mənzil almaq söhbəti gedirsə, bu ancaq danışıqlar yolu ilə edilməlidir. Əgər mülkiyyətçi razı deyilsə, xoş gəldin deyib qapını göstərə bilər».

Bu barədə həmişə mətbuata açıqlamalar verdiyini deyən Fuad Ağayev «o ərazidə dövlət ehtiyacları yoxdur. Dövlət ehtiyacları o zaman mövcud olur ki, bu barədə müvafiq 3 haldan biri olsun—ya müdafiə təyinatlı obyektdir, ya sərhəd zonasıdır, ya da ki, yol və digər kommunikasiyalar keçir».

Vəkilin bildirdiyinə görə, bunların heç biri yoxdur. Üstəlik, bu barədə Nazirlər Komitəsinin ərazidə müdafiə təyinatlı obyekt tikildiyinə görə ordakı torpağı və ya evləri satın almaq barədə qərarı yoxdur. «Özləri etiraf ediblər ki, belə bir qərar yoxdur».

BƏS NƏYƏ İSTİNAD EDİRLƏR?


Vəkil Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci ildə qəbul etdiyi qərara istinad olunduğunu deyir. «O qərara görə Bakının Baş Planı təsdiq olunub. Baş Plana görə isə, orda park salınmalıdır».

Vəkil parkın nə kommunikasiya, nə müdafiə tipli obyekt, nə də sərhəd zolağı olduğunu vurğuladı və «belə olan halda, dövlət ehtiyaclarından danışmaq əbəsdir», –dedi.

Məhkəmə iclasında Bakı şəhər İcra Hakimiyyəti nümayəndəsinin özünün etiraf etdiyinə görə, bəzi sakinlərə 3.500, hətta 5 min manat verildiyini deyən vəkil haqlı sual verdi: «Əgər siz kimlərəsə bu qədər vermisinizsə, niyə başqalarına 1500 manat təklif edirsiniz?».

BUNUNLA BAĞLI MƏHKƏMƏDƏ VƏSATƏT QALDIRDIQ


Vəkil deyir ki, həmin ödənişlərin, vəsaitlərin paylanması ilə bağlı Dövlət Neft Şirkətindən, Bakı şəhər İH-dən, Maliyyə Nazirliyindən müvafiq sənədləşmələri tələb etdik. «Məhkəmə iki dəfə sorğu göndərdi həmin təşkilatlara...»

--Cavab gəldimi?
--Qış Bulvarının layihəsini tələb edən vəkilə nə cavab verildi?
--Layihənin olmadığını desək, inanarsınızmı?
--Vəkil Füzuli küçəsinin xarabazarlığa çevrilməsini niyə qəsd adlandırdı?
--Füzuli -58-də yerləşən, memarlıq abidəsi sayılan ev barədə nə dedi?
--Hikmət İsmayılov BMT-yə müraciətində niyə «Bakının tarixi dağıdılır»--deyə haray çəkdi?
--H. İsmayılovun «Bizim məhkəmələr azad, müstəqil adlandırıla bilər»—sualını vəkil necə cavabladı?
-- «Polis haqqında Qanun»da polislərin səlahiyyətləri necə verilib?
--Polisin belə fəaliyyəti—yəni sakinlərə zorakılıq göstərməsi barədə Qanunda bir şey varmı?
--Vəkil Nəsimi Rayon Polis İdarəsinə hansı müraciətlə üz tutdu?
--Bu hadisədən sonra Qış Bulvarı salınacaq ərazidə neçə adam dünyasını dəyişdi?

Sualların sayını artırmaq olar, cavabları isə ancaq «Can Bakı»nı dinləyəndən sonra biləcəksiniz...

XS
SM
MD
LG