Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Fridrix Dürrenmatt "Şahmat oyunu" (Hekayə)


Gənc prokuror öz sələfinin, qoca prokurorun dəfnində mərhumun yaxın dostu sayılan hakimlə tanış oldu.

Mərasim zamanı hakim dedi ki, hər ay rəhmətliklə şahmat oynayırmış. Gənc prokuror cavab verdi ki, (bu zaman onlar artıq krematoriyə çatmışdılar) o da şahmat həvəskarıdır.

Matəm mitinqi başa çatdıqdan sonra təzə tanışlar daha tabutun arxasınca qəbrə qədər getmədilər. Əvəzində qoca hakim gənc prokurora bir partiya şahmat oynamağı təklif etdi.

Prokuror təklifi qəbul elədi və onlar gələn şənbə gününə vədələşdilər. Prokurorun gənc xanımı da görüşə dəvət olundu. Hakimin evində isə ailə işlərini qızı idarə edirdi, çünki hakim dul idi.

Şənbə günü saat yeddidə gənc prokuror öz arvadı ilə birlikdə hakimgilə gəldi.

Hakimin evi hündür küknar ağaclarının bitdiyi parkla əhatə olunmuşdu. Ev şəhər kənarında, "ingilis məhəlləsi" deyilən ərazidə yerləşirdi və orada yalnız hakim yaşayırdı.

Ağaclardan quşların cikkiltisi eşidilir, Günəşin son şüaları bərq vururdu. Yemək əla, şərab isə misilsiz idi.

Yeməkdən sonra hakimin qızı ilə prokurorun arvadı qonaq otağına getdilər, kişilər isə kabinetə keçdilər.

Şahmat taxtası hazır vəziyyətdə idi. Qoca hakim konyak süzdü və onlar üzbəüz əyləşdilər, amma oyuna başlamazdan qabaq qoca hakim prokurora bir etirafda bulunmaq istəyində olduğunu bildirdi.

O, rəhmətlik prokurorla düz iyirmi il əvvəl, özündən əvvəlki hakimin dəfn günü tanış olmuşdu.

Dəfndə prokurorla razılığa gəlmişdilər ki, qabaqlar ölmüş hakimlə hər ay oynadıqları kimi, bir partiya şahmat oynasınlar.

Amma bu, xüsusi bir oyun idi. Şahmatdakı hər fiqur oyunçuların yaxşı tanıdığı bir şəxsi göstərirdi, vəzir isə onların ən yaxın adamı olurdu.

O zaman prokuror üçün bu, arvadının ölümündən sonra ona baxan bacısı, hakim üçün isə arvadı idi.

Fil olaraq onlar tanış keşişləri və müəllimləri seçirdilər, atlar – vəkilləri yaxud zabitləri, toplar – məmurları və fəhlələri göstərirdi, piyadalar qismində isə sadə şəhərlilər, o cümlədən, onların özlərinin qulluqçuları və ya südçüləri çıxış edirdilər.

Oyunun yeganə qaydası belə idi: hər bir oyunçu hansısa fiqurunu itirdikdə, onun göstərdiyi insanı öldürməli idi.

Oyun yalnız bu qətl həyata keçirildikdən sonra davam etdirilirdi. Mat olmuş oyunçu isə öz həyatına qəsd etməli idi.

Elə buna görə də bir oyun onilliklər boyu davam edirdi və hər gediş üzərində bəzən aylarla düşünülürdü.

Qoca prokuror qoca hakimin sələfini mat etmək üçün on beş il oynamışdı və bu müddət ərzində o da, rəqibi də öz arvadlarını öldürməli olmuşdular.

Bu oyunu kim ixtira edib – əhəmiyyəti yoxdur, əsas odur ki, hakimin sələfi təzəcə ölmüş prokurorun sələfi ilə, o isə qoca hakimin sələfinin sələfi ilə bu oyunu oynayıb. Beləcə bu şəhərin hakimi ilə prokuroru daim gizli şəkildə həmin oyunu oynayıblar.

Bu izahatı ona, qoca hakimə, köhnə prokuror veribmiş, bununla da özünün və ölmüş hakimin törətdiyi cinayətləri açıq etiraf edibmiş.

Qoca hakim dedi ki, əvvəlcə indiki prokurorun sələfini dərhal həbs etmək istəyib, lakin onunla yeni oyuna başlamaqdan özünü saxlaya bilməyib.

Prokuror vəzir roluna əvvəlki oyun nəticəsində həyatdan getmiş arvadından sonra ailəyə analıq edən böyük qızını, hakim isə öz gənc xanımını təyin edib.

Həmin andan etibarən onların hər ikisi üçün həyatın tam başqa bir dadı olub: onlar oyun gedişində seçdikləri adamlar üzərində ilahi hakimiyyətə malik idilər, hakim və prokuror Əhrimən və Hörmüz kimi qarşı-qarşıya otururdular.

Beləcə onlar hər bir fiqur uğrunda çarpışaraq iyirmi il oynadılar. Hər hansı fiquru qurban vermək lazım gələndə, qorxu hissi qüdrət duyğusu ilə əvəz olunurdu.

Hakim matdan yaxa qurtarmaq üçün öz doğmaca arvadını qurban verdiyi günü və axırı mat edə bildiyi qoca prokurorun bir həftə ərzində necə həyatdan getməsini heç vaxt unutmaz.

Onların iyirmi il ərzində törətdiyi qətllərin üstünün açılmaması qəribə görünə bilər, amma iş orasındadır ki, əvvəla, onlar çox ustalıqla hazırlanırdılar və bunu hakim öz timsalında nümayiş etdirib; üstəlik, heç kəsin ağlına gəlməz ki, bütün bu ölümlərin arxasında şahmat oyunu kimi cəfəng bir motiv dayanır.

Qoca hakimin izahatı gənc prokuroru dəhşətə gətirdi. Hakim stulun arxasına söykəndi. Qonşu otaqdan xanımların şən söhbəti eşidilirdi. "Beləliklə, siz məni həbs edə bilərsiniz" – hakim dedi.

Gənc prokuror fikrə getdi, sonra fikirli halda oyun taxtasının böyründəki fiqurları nəzərdən keçirib vəziri yerinə qoydu. "Mən arvadımı qoyuram" – deyə dilləndi.

Qoca hakim: "Mən də qızımı" – söyləyərək, öz vəzirini taxtanın üzərinə qoydu.

Çevirəni: Məsiağa Məhəmmədi
"Cahan" jurnalı
XS
SM
MD
LG