Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:03

Siğə oxuyan mollalar cəzalandırılacaq


CƏFƏRİ MƏZHƏBİNDƏ SİĞƏ VAR

AzadliqRadiosunun əməkdaşları «Siğə sövdələşmələri» adlı reportaj hazırlayıblar. Həmin reportajdan sonra çoxsaylı sualları «İşdən sonra» proqramında müxtəlif ekspertlər şərh ediblər.

«Məşədi Dadaş» məscidinin axundu Hacı Şahin Həsənli deyib ki, cəfəri məzhəbində belə anlayış var. Hacı Şahin bunu məzhəblərarası ixtilaf kimi qələmə verilməsinin tərəfdarı olmadığını da deyib.

«Məzhəblər arasında fərqli baxışlar var. Cəfəri məzhəbində belə anlayış var».

Hacı Şahin Həsənli deyib ki, müvəqqəti kəbin - Qərbdə mövcud olan «vətəndaş nikahı» anlamına gəlir. Axundun sözlərinə görə, bu, kişi və qadının qarşılıqlı razılığı əsasında baş verir.
Solda: Hacı Şahin Həsənli


«Mən siğənin məscidlərdə bağlanmasının əleyhinəyəm. Bu, insanların özləri arasında bağlana bilər».

Axund deyib ki, müvəqqəti kəbin məsələsinin cəmiyyətdə bu qədər təəccüblə qarşılanmasını anlaya bilmir.

«Qadın və kişi arasında hər hansı bir müddətə kəbin bağlanırsa, burda faciəvi heç nə yoxdur. Belə vəziyyət zəruri hallarda mümkündür. Siğə cəmiyyətdə olan zinanın qarşısını alır. Bu kəbinə alternativ bir yoldur».

Axund deyib ki, müvəqqəti kəbin bağlamaq üçün onların məscidinə də üz tutanlar olur.

«Bizə də müraciət edənlər olur. Amma biz belə məqamlarda həssas mövqe tuturuq. Tanımadığımız adamlar üçün bunun oxunmasının tərəfdarı deyilik. Siğə də, kəbin də insanların özləri tərəfindən öz aralarında oxuna bilər».

BİR QADINI BİR GÜNDƏ BİR NEÇƏ NƏFƏR SİĞƏ EDƏ BİLƏR


«Əbu-Bəkr» məscidinin imamı Qamət Süleymanov isə deyib ki, siğə kəbin deyil.

«Siğə müvəqqəti olan bir şeydir. Hətta 15 dəqiqəlik də siğə mümkündür. Ola bilər bir qadını bir gündə bir neçə nəfər siğə etsin».

Qamət Süleymanov
Qamət Süleymanov deyib ki, İslam belə hallara qarşıdır.

Ekspert Elşad Miri də deyib ki, İslamda belə bir anlayış yoxdur.

«İslamda ailə ağır, məsuliyyətli işdir. Burda isə ailənin ağırlığı, məsuliyyəti puç olunur. Qadının haqları ayaqlar altına atılır. Burda qadına bir mal kimi baxılır, əşya kimi baxılır».

Ekspert deyib ki, məsələyə birtərəfli yanaşmaq düzgün deyil:

«Peyğəmbərimiz siğə edibmi, öz qızlarını kiməsə siğə etdiribmi? Bəzi məzhəblərin qəbul etdiyi imamlar özləri siğə edibmi, qızlarını siğə etdiriblərmi? Kişiyə olarsa, onda qadın da gedib istədiyi kişiyə özünü siğə etdirsin. Övlad dünyaya gəlsə necə olacaq? Bu məsələyə qarşı tərəfin mövqeyindən də baxmaq lazımdır».

Elşad Miri bildirib ki, belə hallar Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olan məscidlərdə baş verir.

«İlahiyyat məscidində belə bir anlayış varmı? Şəhidlər xiyabanındakı məsciddə, Əbu-Bəkr məscidində belə şeyləri etmək mümkün idimi? Qafqaz Müsəlmanları İdarəsindən, Qazilər başda olmaqla, axundlardan soruşaq, onlar bu tələbi yerinə yetirirlər? Bəs onda bu qurumun mahiyyəti nədən ibarətdir? «

SİĞƏ DUASINI OXUYAN AXUNDUN RƏSMƏN ORA TƏSDİQİ SUAL ALTINDADIR
Elşad Miri









Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov deyib ki, belə hallar əxlaqa və dinə sığmır. Buna görə də komitə tərəfindən araşdırmalar aparılır. Qafqaz Müsəlmanları İdarəsi ilə birgə belə hallara yol verən dini xadimlər cəzalandırılacaq. Konkret AzadlıqRadiosunun əməkdaşlarının «Siğə sövdələşmələri» adlı araşdırmasındakı siğə duasını oxuyan «Sultanəli» məscidinin axunduna gəldikdə isə Ceyhun Məmmədov bildirib ki, həmin şəxsin rəsmi şəkildə ora təyin olunması sual altındadır.

«Məscidlərdə təyin olunmamış adamlar da var. Ola bilsin, həmin duanı oxuyan axund yox, dini icmanın üzvlərindən biri ola bilər. Azərbaycan cəmiyyətində din xadimi olduğunu iddia edib, din adından istifadə edən insanlar var. Bu dinə sığmayan hərəkətdir».

Şöbə müdiri bildirib ki, 2002-ci ildən rəsmi nikah olmadan məscidlərdə kəbin kəsilməsinə də icazə verilmir. Buna görə də belə halların qarşısını almaq üçün komitə tərəfindən bütün tədbirlər həyata keçiriləcək.

SİĞƏ MÜASİR FAHİŞƏLİKDİR.

Ekspert Elşad Miri isə deyib ki, hansısa addımların atılacağına inanmır.

«Mollanın cibindən narkotika çıxır, idarə deyir ki, din xadimi deyil. Axund söyüş söyür. Deyirlər ki, biz onu çoxdan vəzifəsindən çıxarmışıq. Buna görə də mən hansısa bir addımın atılmasını gözləmirəm. Bu addım atılarsa, Qafqaz Müsəlmanları İdarəsinin qol budağı tamamən budanacaq. Orada elə bir adam yoxdur ki, bu işlə məşğul olmasın».

Ekspert bildirib ki, siğənin məqsədi ehtirasın söndürülməsindən başqa bir şey deyil:

«Siğənin adı müasir fahişəlikdir. Ailə həyatının isə ülvi məqsədləri var».

Hazırladı Kamran Mahmudov
XS
SM
MD
LG