Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:52

Təlxək olmaq istəyirdi, mer oldu


Yon Qnar seçicilərin 34.7 faizinin səsini toplayıb
Yon Qnar seçicilərin 34.7 faizinin səsini toplayıb
- Zooparka qütb ayısı gətirəcəm.

- İctimai hovuzlarda pulsuz dəsmallar qoyacam.

- 2020-ci ilə narkotiklərin sərbəst olduğu parlamentimiz olacaq.

- Aeroportda Disneylend salacam.

Bu cür vədlərlə də şəhər meri seçkisini udmaq olarmı? Özü də paytaxtda?

«İnternational Herald Tribune» qəzeti yazır ki, olarmış. İslandiyanın paytaxtı Reykyavikin meri Yon Qnar – parodiyaçı, komediya ustası məhz belə vədlərlə seçilib. May ayında keçirilən seçkidə seçicilərin 34.7 faizinin səsini toplayıb.

UŞAQLIQDA PİRAT, YA DA TƏLXƏK OLMAQ İSTƏYİRMİŞ

Yon Qnarın tərcümeyi-halına baxanda, heç düz-əməlli orta təhsili olmadığını da görmək olar.

Reykyavikdə dünyaya gələn Yon Qnar 11 yaşında qərara gəlib ki, məktəbdən öyrənəcəyini artıq öyrənib. Arzusunda olduğu sirk klounu və ya pirat olmaq üçün daha oxumağa ehtiyacı yoxdur. Odur ki, öyrənməyə son verib. 2 il sonra məktəbi tamamilə atıb. 14 yaşında artıq çətin tərbiyə olunanlar üçün xüsusi internata göndərilib və 16 yaşına qədər burda qalıb.

Məktəbdən sonra Yon təsadüfi işlərdə çalışıb, kirayədə yaşayıb, «Qreenpeace» kimi müxtəlif qrupların aksiyalarına qatılıb. O vaxt da, elə indi də özünü anarxist sayıb.

ARZULARINDAN BİRİNƏ ÇATIB - KOMEDİYA USTASI OLMUŞDU...

43 yaşlı Qnar mer seçilənə qədər adi komediyaçı olub. Seriallarda, şoularda başqalarıyla, elə siyasətçilərlə məzələnirmiş.

«İnternational Heral Tribune» yazır ki, Yon Qnar öz partiyasını – Best – Ən Yaxşı adını verdiyi partiyanı ötən ilin dekabrında yaradıbmış. Əsl siyasətçilərlə məzələnmək üçün. Partiya üzvlərinin əksəriyyəti elə Qnarın özü kimi aktyorlar, musiqiçilərdir. Çoxlarının heç ali təhsili də yoxdur.

Mer seçiləndən sonra keçirdiyi ilk mətbuat konfransında ondan soruşanda ki, «hansı partiyayla koalisiya quracaqsız?» sualına cavabı belə olub ki, mənim oynadığım filmə baxmayan heç kimlə koalisiya mümkün deyil.

NİYƏ BELƏSİNİ SEÇİRLƏR?

Necə olur ki, belə məsul vəzifəyə, özü də İslandiya kimi maliyyə böhranından zərər görən, siyasətçiləri ciddi tənqidlərlə üzləşən bir ölkədə bu cür mübahisəli adam, komediya ustası seçilir?

«İnternational Herald Tribune» qəzeti bu suala cavabı belədir ki, məhz İslandiya seçicilərinin artıq siyasətçilərə, iqtisadçılara inamı qalmadığından qabaqlarına çıxan, heç tanımadıqları bir başqasına – «hər necə olsa, tanıdıqlarından pis olmaz» ümidiylə səs veriblər.

P.S.

Yer gəlmişkən, komediya ustası da olsa, yeni mer verdiyi vədlərdən birinə əməl edib. İstimai hovuzlarda dəsmallar artıq pulsuzdur.
XS
SM
MD
LG