Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:18

Yol polisi rəsmisi: «Youtube-da polislə bağlı video saxtadır»




Bu video-görüntüdə yol polisi sürücüyə qaydanı pozduğunu deyir, amma sürücü yol hərəkəti qaydasını pozmadığını bildirir. Və onların arasında belə bir mübahisə yaranır (bu hadisənin harada baş verdiyini hələlik dəqiqləşdirə bilməmişik).

Polislə sürücünün dialoqunun mətni:

Sürücü: Mənim ayın-oynumu götürüb qaçasan...

Polis: Sənin ayın-oynunu götürüb qaçmamışam, danışığına fikir ver.

Sürücü: Mən burda nə gəzirəm bəs?

Polis: O, sənin şəxsi problemindir...

Sürücü: Mənim problemim deyil, mən qaydanı pozmuşammı?

Polis: Bəli qanuni pozmusunuz.

Sürücü: Pozmuşamsa, İnzibati Xətalar Məcəlləsinə görə yerində....(sözü yarımçıq qalır)

Polis: Bax protokola, sənə protokol yazıram...

Sürücü: Hansı protokol, sən ora ratsiya ilə 90 yazmısan...(sürəti nəzərdə tutur)

Polis: 90 yox, 92.

Sürücü: Sən mənə göstərməlisən onu...

Polis: Yox o, heç sənə verilməməlidir...

Sürücü: Sən özbaşınalıq edirsən, qanunu pozursan, buna görə də məsuliyyət daşıyırsan...

Polis: Kim pozur qanunu, sən qaçırsan...

Sürücü: Mən qaçmıram, mənim hüququmdur...mən

Polis: Mən elə hərəkət edərəm adın yadından çıxar...

Sürücü: Nə eləyərsən?! Mən inzibati xəta eləmişəmmi?

Polis: Mən sənə deyirəm (polis birdən sürücünün üstünə qışqırmağa başlayır). Sən dövləti təhqir edirsən, mənə söyüş söyürsən...

Sürücü: Kim?

Polis: Sən, dartıb poqonumu cırdın...Sən öl sənin başına oyun açacam.

Sürücü: Bax səni çəkir, poqonun da Allaha şükür yerindədir... (mübahisəni bir nəfər kənardan lentə alır)

Polis: Qoy çəksin, elə çəkənlər çox olub...

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bu videonu izləyəndən sonra AzadlıqRadiosuna deyib ki, yol polisilə bağlı görüntü saxtadır.

BU, QURMA SƏHNƏDİR...


Şöbə rəisi hesab edir ki, ola bilsin, kimlərsə xüsusi olaraq polis paltarı geyinib və kamera qarşısında belə bir səhnə qurublar:

«Kimdirsə polis paltarı geyinib, özü də durub-durub birdən heç nə olmadan qışqıdırır. Orda heç polisin sürücüyə o sözü deməsinə səbəb də yoxdur (videogörüntüdə polis sürücünün üstünə qışqırır ki, güya sürücü onun poqonunu qoparıb). Mən o görüntüyə iki-üç dəfə baxdım və orda səbəb görmədik ki, inspektor o sözü desin. O söz üçün orda səbəb yoxdur. Sonra polis protokol göstərir, yol polisində ümumiyyətlə elə protokol yoxdur.Ona görə deyirəm ki, o, həqiqi çəkiliş deyil, elə bil qurma bir səhnədir».

Yol polisinin bu məsələ ilə bağlı araşdırma aparıb-aparmayacağına gəldikdə Kamran Əliyev deyir ki, orda araşdırılası elə bir şey yoxdur.

«Biz nəyi araşdıraq, o videoda heç polisin sifəti də heç əməli-başlı düşməyib, bundan başqa əgər həqiqi olsaydı onu çəkən adam ən azından patrul avtomobilinin nömrəsini və ya inspektorun döş nişanını çəkərdi, bunlar kifayət edərdi. Niyə bunlar yoxdur».
XS
SM
MD
LG