Bakı bağları barədə söhbətimiz davam edir. Xatırlayırsınızsa, ilk dəfə Bakı bulvarının 100 illiyində onun tarixini vərəqləmişdik.
Sonra Filarmoniya bağı təmirdən çıxdı. Və «Qubernatorsuz, Mixailsiz, Pionersiz, Vahidsiz...Filarmoniya bağı» adlı yazı saytımızda göründü.
Başıbəlalı 26-lar bağı təmirdən çıxanda, «Zəncirsiz... ruhsuz...26-lar bağı» yazıldı.
Növbə Fəvvarələr bağınındır.
AXIR Kİ!
Uzun və üzücü təmirdən sonra bağ bakılıların istifadəsinə verildi. Media bu xəbəri «Axır ki» sözləriylə qarşılayıb çatdırdı. Doğrudan da, axır ki...
Aylardır uzun labirintlərdən keçib özünə yol axtaran şəhər sakinləri dərindən nəfəs ala bilərlər. Bağa giriş azaddır! Bağdan keçid azaddır! Xoşbəxtlik!
Hər dəfə o ərazidən keçəndə, arakəsmələrin dəlmə-deşiyindən baxa-baxa qalmışdıq. Görəsən nə edirlər, necə edirlər--sualı bizə rahatlıq vermirdi.
Axır ki, gördük!
BAĞ ELƏ O BİRİ BACILARINA BƏNZƏYİR
Gülməyin, doğru sözümdür.
Sözsüz ki, çox xərclənib, lap çox xərclənib, gözəl olmasına səy göstərilib.
Amma o biri ekiz bacıları kimi ruhsuz alınıb. Koloritsiz alınıb. Bu bağdan dünyanın hər bir yanında taparsan. Bu, bizim Parapet deyil, Marks bağı deyil, hətta Fontanlar bağı da deyil...Bu, başqa bağdır. Hər şey ütülüdür, parıltılıdır, çığırtılıdır.
Bir-birinə bənzəyən Hollivud gözəlçələri kimi.
Görünür, Bakı bağlarının öünəməxsusluğunu unutmaq zamanı gəlib çatıb.
BAĞIN TARİXİ BİR ƏSRİ KEÇİR...
Bakıda bağ salmağın hansı çətinliklərdən keçdiyini yəqin ki, bilirsiniz. İsti və küləkli hava, şoran, neftli torpaq, üstəlik, su da yox...
Bakının ilk memarı sayılan Qasım bəy Hacıbababəyov şəhərin layihəsini hazırlayanda, ora meydanlar, bağ-bağça, bulvar da əlavə edibmiş.
İlk bağ XIX əsrin 30-cu illərində salınmış Filarmoniya bağı (Mixail bağı) hesab olunur.
Həmin əsrin 50-60-cı illərində Malakan bağı salınır.
Bakı milyonçuları çox əziyyətlərdən sonra şəhərdə az-çox yaşıllığı artıra bilirlər.
Əsrin sonlarında Hacı Zeynalabdin hətta Bağbanlar məktəbi də yaradır.
Ötən əsrin əvvəllərində artıq Bakı bulvarı vardı.
QURU BAĞ BULVARDAN DA QOCADIR
Məni bağa təzə ad qoymaqda suçlamayın. Bu bağın adı doğrudan da, Quru bağ olub. Qılman İlkin yazır ki, əkilmiş ağaclar sulanmadığından, yarpaqlayıb boy atmırdılar. O üzdən də, bakılılar bu bağa Quru bağ deyərdilər.
Manaf Süleymanovun eşitdiyinə görə, yarım xaraba hovuz heç vaxt su görməzdi, zir-zibillə dolu olardı. Yağışın yuxarı məhəllələrdən gətirdiyi çirkab bu hovuza yığılardı...
RƏDD OLSUN MÜTLƏQİYYƏT!
Rəhmətlik Manaf müəllim bir başqa müəllimə dayanaraq yazır ki, 1905-ci ildə Parapetdə fəhlələrin nümayişi keçirilərdi. Qırmızı parçanın üzərində iri ağ hərflərlə «Rədd olsun mütləqiyyət!», «Yaşasın sosializm!» şüarları yazılan plakatlar asılıb, hətta havaya şar buraxılıbmış. Şarların üstündə «Məhv olsun monarxiya!», «Satqınlara, casuslara ölüm!» yazılıbmış.
POLİSLƏR ŞÜARLARDAN BƏRK QORXUBLAR
Qorodovoylar şarlara güllə atmağa qorxurlar. Çaxnaşma düşəcəyindən, qırğın olacağından çəkiniblər. Adamlar həm də göyə buraxılan şarlara baxmaq üçün bura toplaşıbmış. Mitinqlər keçirilir, kürsüyə çıxan natiqlər Azərbaycan (?) və rus dillərində nitq söyləyir, istibdadı lənətləyir, hürriyyəti alqışlayırmış...
BİRDƏN...
Silahlı qorodovoylar indiki Azərbaycan küçəsindən (Bazarnı) üzüaşağı hücuma keçirlər. Aşağıdan—Starı Politseyski (Y.Məmmədəliyev) küçəsindıən də atlı kazaklar camaatın üstünü alırlar. Şallaq və tatarı işə salınır (Müxalifətin son mitinqləri yadıma düşdü). Hərə bir yana dağılışır—Voronsov küçəsinə, Qəssabbazarına, Tatarskiyə...
QURU BAĞDA DAR AĞACI...
Həm Qılman İlkinin, həm də Manaf müəllimin məşhur kitabında 1918-ci ildə türk ordusu Bakını azad edərkən Quru bağda və şəhərin digər yerlərində cinayətkar və oğrular üçün dar ağacı qurulduğu yazılır. Kim nə oğurlayıbsa, elə yanından asılırmış... Şəhərdə oğurluğun kökü kəsilibmiş. İsa bəy Hacınskinin evinin (Qız Qalasının solundakı bənzərsiz bina) qabağında içi qiymətli şeylərlə dolu şifonerə yaxın düşən yoxmuş. Bir çörəksatan müştəridən bir şahı artıq aldığına görə qulağını dükan qapısına mıxlayıblarmış...Pardon! Mövzudan kənara çıxdım. Amma çörəkçinin bir şahılıq mıxlanmış qulağı...mənə qəribə gəldiyindən bunu sizin də bilmənizi istədim.
QURU BAĞIN ADI NİYƏ DƏYİŞİLDİ?
Bolşeviklər dəyişdilər. Azərbaycanı tutan il - 1920-ci ildə ora rəsmi olaraq Karl Marksın adını verdilər.
Heyhat! Marksın adı bu bağa heç zaman yapışmadı. Bakılılar Sovetlərin qılıncının iti kəsən vaxtlarında da, korşalan zamanında da ora bəzən Quru bağ, ən çox da Parapet deyirdilər...
PARAPET NƏ DEMƏKDİR?
Parapet - fransızca parapet, italyanca parapetto sözündən götürülüb - müdafiə etmək, qorumaq mənasında işlənir. (Parare—qorumaq, petto—döş) Binanın özülünü, terrası, balkonu, körpünü, sahili çəpərləyən, qoruyan, çox da hündür olmayan divara deyirlər. Görünür, ilk vaxtlarda bağda belə bir çəpər - divar olubmuş. O üzdən də, bağa Parapet deyiblər.
Vəssalam! Əzizlərim, Parapetsiz, Markssız, Fəvvarəli Quru bağ sizin ixtiyarınızdadır.
Adını özünüz seçin.