Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:28

Yazıçı Anar: «Mən elə söz demirəm ki, məni türməyə bassınlar»


Yazıçı Anar
Yazıçı Anar
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar iyulun 6-da AzadlıqRadiosunun «İşdən sonra» proqramının qonağı olub. Onunla müsahibənin birinci hissəsini təqdim edirik:

- Jurnalist Eynulla Fətullayevə yenidən 2 il 6 ay həbs cəzası kəsilib. Sizin də mövqeyinizi öyrənmək maraqlı olardı.

- Ümumi şəkildə deyə bilərəm ki, mən heç kəsin, xüsusilə qələm əhlinin həbsdə olmasını istəməzdim. Onun mənə və Azərbaycana münasibətinin nə cür olmasından asılı olmayaraq hər bir qələm sahibinin haqqı var ki, öz sözünü desin, yazsın. Eynulla barədə isə azadlığa çıxandan sonra mən ona fikrimi deyə bilərəm. İndi o həbsdədir. Və mən heç kəsin həbsdə olmasını istəmirəm.

UTANC BUDUR

- Amma beynəlxalq təşkilatlardan belə bir fikir gəlir ki, Eynulla Fətullayevin həbsdə olması ölkə üçün utancdır. Siz bu fikri bölüşürsüz?

- Mən bu fikri bölüşmürəm. Mən bu barədə danışmaq istəmirəm. Çünki Eynulla həbsdədir və həbsdə olan bir adamın dalınca danışmaq insana yaraşmaz. Ona görə mən onun dalınca danışmıram. Və yenə də təkrar edirəm ki, istərdim ki, o, azadlıqda olsun. Amma mənim üçün utanc odur ki, həmin o Eynulla yazırdı ki, mən Zori Balayana Anardan çox hörmət bəsləyirəm. Və yazırdı ki, Xocalıdakı soyqırımı Xalq Cəbhəsinin adamları törədiblər. Utanc budur. Yenə təkrar edirəm ki, artıq ayrı söz demək istəmirəm. İstərdim ki, o, azadlıqda olsun.

- Dinləyici yazır: «Ədəbiyyat» qəzetinin maliyyəsinin artırılması planı varmı? Eşitdiyimə görə, qəzetin maliyyə vəziyyəti çox aşağıdır və işçilərin vəziyyəti pisdir.

- Düz deyil. Çünki əks fikir də var. Bəzi qəzetlər yazır ki, «Ədəbiyyat» qəzetinə çox pul ayrılır. «Ədəbiyyat» qəzetinə ayrılan pullar hamısı dövlətin nəzarətindədir. Nə qədər lazımdı o qədər də ayrılır. «Ədəbiyyat» qəzeti Azərbaycanda ədəbli qəzetlərdən biridir. Bu qəzetdə bəzi başqa qəzetlərdə olan ədəbsizlik, tərbiyəsizlik, böyüklərə qarşı hörmətsizlik - belə şeylərə rast gəlməzsiniz. Bunun üçün də qiymətləndirmək lazımdır.

ƏXLAQ AŞINMASI GEDİR

- Böyüklərə qarşı hörmətsizlik - müxtəlif baxışlar var bu məsələyə. Bəziləri hesab edir ki, ədəb-ərkan subyektiv nəsnələrdir. Yəni hər kəsin özünə görə əxlaqı var. Və hər kəsin özünə görə ədəbli bildiyi və saymadığı subyektiv baxışı var.

- Əgər tərbiyəsizlik, söyüş, böhtan kiminsə anlayışında əxlaq meyarıdırsa, onda o adamlarla mübahisə etməyin mənası yoxdur. Çünki əsrlər boyu bütün dünyada və Azərbaycanda əxlaq meyarları var. Bu əxlaq meyarları ədəbsizliyə, təhqirə, tərbiyəsizliyə yol vermir. Elə adamlar var ki, deyir mən böhtan atıram, şərləyirəm, ləkələyirəm, bu, mənim prinsipimdir. Onda meşədə ayı da deyə bilər ki, mənim öz prinsipim var, canavar da deyə bilər ki, mənim öz prinsipim var.

- Hər zaman belə olmayıbmı?

- Əxlaq aşınması gedir. Dəhşətli dərəcədə bu saat əxlaq aşınması gedir. Bu, təkcə Azərbaycana aid deyil. Məni Azərbaycan maraqlandırır. Böhtan, yalan bir həyat prinsipinə çevrilib. Elə insanlar var ki, deyir ki, mən yalançıyam. Mənim mübarizə üsulum təhqir etmək, böhtan atmaqdır.

SABAH HƏMİN QƏZETLƏR AĞIZLARINA GƏLƏNİ YAZACAQLAR MƏNİM BARƏMDƏ

- Gəlin baxaq haradan qaynaqlanır bu?

- Birinci mən elə bilirəm ki, bunun maddi qaynaqları var. Onlar sifarişli yazılardır. Elə yazı yazanların muzd verənləri var. Onlar o tapşırıqlarla yazırlar. Atamın bir şeiri var idi: «Tapşırıqlı mərdiməzar». «Tapşırıqlı mərdiməzar»lar var, çörəkləri bundan çıxır. Gəlin bir az xoş şeylərdən danışaq. Bunlardan danışmağın nə mənası var axı? İndi mən burada danışıram, sabah həmin qəzetlər ağızlarına gələni yazacaqlar mənim barəmdə.

- Bu nəsillərarası problemdir?

- Xeyr. Nəsillərarası problem deyil. Onu da yalandan ortaya atmaq istəyirlər. Cavan nəslin elə layiqli təmsilçiləri var ki, onlarla bizim aramızda heç bir problem yoxdur. Yaşlı nəsildə də yetərincə mərdiməzar adamlar var. Ona görə bu, insanların əxlaqlı və əxlaqsız olma problemidir. Yaş problemi deyil.

- Müxtəlif baxışlar məsələsinə toxunsaq - bəziləri üçün əxlaqsızlıq sizin dediyiniz kimi, özündən böyüyə bu cür fikirlər söyləməkdir. Digəri üçün əxlaqsızlıq rüşvət almaqdır məsələn.

- Rüşvət almaq da əxlaqsızlığın bir formasıdır. Bu da bir rüşvət formasıdır da.

- Siz rüşvət alan insanlara da belə kəskin reaksiya verirsiz?

- Siz mənim yazılarımı oxumusuzsa, mənim yazılarımda həmişə, sovet dövründə də, indi də rüşvətxorluq, yerlibazlıq, yalançılıq, yaltaqlıq ifşa olunub. Yazıçının silahı onun yazdıqlarıdır, əsərləridir. Danışdıqları deyil. Sözləri deyil.

- Bu gün də buna ehtiyac var sizcə?...

- Təbii var. Ehtiyac olmasa yazmarıq.

MƏN MÜFƏTTİŞ, PROKUROR DEYİLƏM

- Nədə təzahür edir o problemlər? Nə sizi məcbur edir ki, bu barədə yazasız?

- Mənim vətəndaşlıq vicdanım, vətəndaşlıq borcum məcbur edir ki, rüşvətxorluğa qarşı, əliəyriliyə qarşı, əxlaqsızlığa qarşı, tərbiyəsizliyə qarşı yazım. Bəs mən yazmasam nə cür ola bilər bunlar?

- Sizcə bunlar cəmiyyətdə niyə var?

- Bütün cəmiyyətlərdə var. Elə bilirsiz Avropada, Amerikada yoxdur? Hər yerdə var. Amma bizdə bir az ifrat forma şəklini alıb. Əndazədən çıxıb – necə deyərlər. Ölkə hissini itirib. Bir də bu müəyyən adamların özünü təsdiq və təqdimat formasıdır. Bilirlər ki, yüz ildə yazsalar bunlara fikir verən yoxdur. Amma bir məşhur adam tapırlar onun haqqında yazırlar ki, onda oxuyacaqlar.

- Mən də mətbuatda sizin haqqınızda yazılanları oxuyuram. Belə bir təəssürat var məndə ki, siz ad çəksəniz, daha kəskin mövqe bildirsəniz, bəlkə sizi daha çox sevərlər?

- Mən müfəttiş, prokuror deyiləm. Bu iş prokurorun vəzifəsidir ki, rüşvət alan adamın adını çəksin. Mən yazıçıyam. Yazıçı ümumiləşdirilmiş şeylər yazır. Sabah mən yazım ki, Məmməd rüşvət alır. Sabah durub gələr mənim üstümə ki, nə bilirsən rüşvət alıram. Onda gərək mən prokuror vəzifəsini boynuma götürüm. Yazıçının vəzifəsi ümumiləşdirilmiş şəkildə naqisliyə qarşı mübarizə aparmaqdır. Konkret adamların isə kimi rüşvətxordur, kimi əliəyridir – bu yazıçının işi deyil.

MƏN BÜTÜN ÖMRÜMÜ TƏMİZ İNSAN KİMİ YAŞAMIŞAM

- Rəsul Rza da yazırdı rüşvətxorlar barədə. Onun bir şeirini biz bu yaxınlarda tapdıq. «Rüşvətxor Binamusoviçə açıq məktub» adlanırdı.

- O da yazanda siz deyə bilərsiniz ki, niyə o Rüşvətxor Binamusoviç yazır, adını yazmır. Çünki Rüşvətxor Binamusoviçlər çox idi, ona görə də ümumiləşmiş formada yazırdı. Onu da deyim ki, sizə sovet dövründə o adamlar vardı ki, rüşvətxor idilər, bu şeiri qəzetlərdən kəsib, həmin adamlara göndərirdilər. Yəni ünvanına çatırdı bu.

- Sizcə rüşvətxor, rüşvətxor olduğunu və bunun pis olduğunu bilirmi?

- Nə bilim mən ömrümdə rüşvətxor olmamışam, ona görə də onun psixologiyasını bilmirəm. Bilirsiz elə bir dövrdə yaşayırıq ki, bu fikirləşir ki, mən təmiz yaşayıram, o biri natəmiz yaşayır. Onun hər şeyi var, mənim heç nəyim yoxdur. Niyə belə olsun? Və təmiz yaşayanlar da ən çox ləkələnən adamlardır. Ən çox kimə çamur atırlar, kimə çirkab atırlar? O adamlara ki, təmiz yaşayırlar. Çünki istəmirlər ki, bu cəmiyyətdə təmiz yaşayan adamlar olsun. İstəyirlər ki, hamı elə nəyə isə bulaşmış olsun. Mən şəxsən özüm haqda deyirəm. Mən bütün ömrümü təmiz insan kimi yaşamışam. Ona görə də o imtiyazlar ki, mənim tay-tuşlarımda var, heç biri məndə yoxdur. Amma ən çox çamuru mənə atırlar. Ən çox mənə ilişirlər. Ona görə ki, hamını çirkli görmək istəyirlər, təsəvvürlərinə sığışdırmırlar ki, insan təmiz də yaşaya bilər.

MƏN «TARİXİ-NADİRİ» YARIYACAN OXUMUŞAM, AMMA…

Anar: «Dəhşətli dərəcədə bu saat əxlaq aşınması gedir»
- Dinləyici yazır: Niyə elmin digər sahələrində olduğu kimi, ədəbiyyatımızda da miqyassızlaşdırma sindromu tüğyan edir?


- Gəlin əvvəlcə xırdalayaq ki, bu miqyassızlaşdırma sindromu nədir? Mən «Tarixi-Nadiri» yarıyacan oxumuşam, amma belə qəliz şeylərə rast gəlməmişəm.

- Bəlkə demək istəyir ki, ədəbiyyat cılızlaşır?

- İnsanlarda çox belə şablon düşüncə var. Mən dinləyicinin ürəyinə toxunmaq istəmirəm. Bu tipdə sual verən adamların çoxunda trafaret düşüncə var. Deyirlər ədəbiyyat zəifləyib. Soruşursan, hansı kitabları oxumusan? Deyir ki, oxumamışam. Oxumamısansa nə bilirsən zəifləyib? Oxu, de ki Anarın tutalım «Ağ qoç, Qara qoç» əsəri zəif əsərdir. Onda mən razılaşaram. Oxumadan bir şablon, bir trafaret düşüncə var ki, ədəbiyyat zəifləyib. Niyə görə bunu deyirlər? Ona görə ki, sovet dövründə rəsmi ədəbiyyat var idi. Bu rəsmi ədəbiyyat rəsmi də təbliğ olunurdu. Hamı elə bilirdi ki, bu, böyük ədəbiyyatdır. Amma rəsmi təbliğ olunmayan ədəbiyyat olanda, yəni cürbəcür mükafatlar almayan, təsdiq olunmayan ədəbiyyat olanda, onda gərək bu ədəbiyyat haqqında öz düşüncənlə fikir söyləyəsən. Oxuyun ondan sonra deyin. Bizim əsərlər Türkiyədə, Rusiyada çıxır. Miqyası da var.

- Dinləyici yazır: Anar müəllim, siz xalq yazıçısınız və cəmiyyətdə nüfuzlu adamsız. Nazim Hikmət də, Əziz Nesin də öz xalqlarının yazarları olublar. Və hər zaman haqsızlığa qarşı çıxıblar. Siz də nüfuzunuzdan istifadə edib, gənc ziyalıları müdafiə edə bilərsiniz. Təkcə bu deyil. Siz ümumiyyətlə cəmiyyətimizdə olan qüsurlarla mübarizə apara bilərsiniz. Amma siz susursunuz. Niyə?

- Ona görə ki, mənim 72 yaşım var. Amma bu sözləri yazan adamın neçə yaşı var bilmirəm. Onun mənim başıma ağıl qoymağı bir az yerinə düşmür.

- Ağıl yaşdadır?

- Ağıl yaşdadır, ağıl başdadır. Mən niyə susuram? Harda susmuşam? Məndən çox danışan var? Verilişlər aparıram, məqalələr yazıram, kitablar çap etdirirəm. Buna susmaq deyirsiz siz? Nazim Hikmət 16 il türmədə yatıb. Məni də gərək türməyə bassınlar ki, siz inanasız.

MƏN ELƏ SÖZ DEMİRƏM Kİ, MƏNİ TÜRMƏYƏ BASSINLAR

- Yəni dediyiniz sözə görə sizi basa bilərlər türməyə?

- Mən elə söz demirəm ki, məni türməyə bassınlar. Çünki mən sözümün yiyəsiyəm və mənasız sözlər danışmıram. Və elə hesab etmirəm ki, türməyə basılmaq çox böyük məziyyətdir. Bəzən elə adamları türməyə basırlar ki, elə adamları türməyə basmaq lazım deyil. Xalda ifadə var: «Mərdi qova-qova namərd etmək». Amma mən tərsini deyirəm: Namərdi qova-qova mərd eləmək. Madam ki, bu türməyə düşüb deməli, bu, mərddir. Nə üçün düşüb? Neyniyib? Xalqa nə xidmət göstərib? Bunun çəkisi nədir ki, siz bunu mənə örnək göstərirsiniz. Mənim indi kitabım çıxacaq. O kitabda bütün bu illər ərzində həbs olunan müxalifət liderləri, ya başqa jurnalistlərə aid məktublarım, müraciətlərim, onların xilas olması üçün göstərdiyim fəaliyyət əks olunub. Oxusunlar, görsünlər. İnsan yaddaşı belədir. Yaxşı şeyi unudur, pis şeyi isə yadda saxlayır.

- Bəlkə çoxdan olub deyə unudub?

- Son illər də olub. 89-cu ildən başlayaraq kim həbs olunubsa, onun müdafiəsinə qalxmışıq, yazmışıq. Sonra həmin adamlar da bizim əleyhimizə yazıblar.

- Sonuncusu nə vaxt olub?

- Yadımda deyil. Mənim həyat prinsipim budur ki, balığı at dəryaya, balıq bilməsə də, xalıq biləcək. Mənim ümidim ancaq onadır ki, bu şeyləri xalıq görür, Allah görür. Və kimin kim olduğunu da bilir.

SƏBƏBSİZ HEÇ KƏS HƏBS OLUNMUR

- İki bloqçu həbsdədir.

- Allah eləsin tezliklə çıxsınlar türmədən.

- Onların da niyə həbs olunması ilə bağlı cəmiyyətdə xeyli sual var. Onlar heç kimə söyüş söyməyiblər ən azı.

- Hər halda səbəbsiz heç kəs həbs olunmur axı. Mən yenə təkrar edirəm ki, mən onların da azadlığa çıxmasını istəyirəm. Heç kəsin həbsdə yatmasını istəmirəm. Amma bir xalqı təhqir edən adam onun məsuliyyətini də düşünməlidir.

- Dinləyici yazır: Anar müəllim, müasir dövrdə xalq artisti, əməkdar artist adları bayağı səslənmirmi?


- Mən buna çoxdan cavab vermişəm. Rəhmətlik prezidentimiz Heydər Əliyevin iştirak etdiyi toplantıda iki dəfə bu məsələni qaldırmışım ki, bu adları vermək lazım deyil. Bu, sovet dövründə verilən adlardır. Kim alıbsa halal xoşu olsun. Müstəqillik dövründə dünyanın heç bir ölkəsində verilməyən bu adlara ehtiyac yoxdur. Amma bundan sonra mənim özümə də ad verdilər. Mənə ad verəndən sonra daha bu məsələni qaldıra bilmirəm, deyərlər özü alıb, özgələrinin almasını istəmir.

İMTİNA EDƏNLƏR İKİ DƏFƏ QAZANIRLAR

- İmtina etmək ağlınızdan keçmədi ki?

- İmtina edənlər iki dəfə qazanırlar. Birinci dəfə mükafatı qazanırlar, ikinci dəfə imtina etməklə qazanırlar. Həm o tərəfdən xal qazanırlar, həm bu tərəfdən.

- Sartr kimi məsələn?

- Sartrınkı başqa məsələ idi. Sartr deyirdi ki, mənə «Lenin» mükafatı versələr, ondan da imtina edərəm. Çünki mən ideoloji mükafat almaq istəmirəm. Bu, tamam başqa bir şeydir.

- Sizcə hökumət niyə davam edir bu adları verməkdə?

- O sualı hökumətə verin, mən bilmirəm.

- Sizcə bu yazıçını hökumətdən asılı vəziyyətə salırmı?


- Əsl yazıçını heç bir ad, heç bir imtiyaz heç kəsdən asılı edə bilməz. Onu ancaq cılız düşüncəli adamlar düşünə bilər ki, hökumət buna ad veribsə, demək bu hökumətin adamıdır. Boş şeylərdir. Üzeyir Hacıbəyov iki dəfə «Stalin» mükafatı laureatı almışdı. «Lenin» ordeni almışdı. SSRİ-nin deputatı idi. Bu o demək idi ki, Üzeyir bəy hökumətin adamıdır? Ağıllı hökumət layiq olduğu adamları qiymətləndirir, onlara mükafat da verir, orden də verir. Bu, təbiidir, bütün ölkələrdə bu var. Amma bu o demək deyil ki, o bu ordeni alıbsa, mükafatı alıbsa mütləq hökumətin adamıdır. Bunu bilirsiz kimlər deyir? Bunu o adamlar deyirlər ki, özləri o mükafatların tamarzısıdırlar. Ala bilmirlər, ona görə də alanlara da bu cür münasibət bəsləyirlər.

- Dinləyici yazır: Sizə elə gəlmirmi ki, beş mərtəbəli evin altıncı mərtəbəsini tikmək əvəzinə indiki rejim nəinki altıncı mərtəbəni, hətta beş mərtəbənin özünü uçuraraq zirzəmidə yığılıb qalmış üfunət iyi verən suyu xalqa qoxutmaqla işini bitmiş hesab edir?

- Ədalətsiz fikirdir. Tək Bakıya baxmaq lazımdır, tək zirzəmilər deyil, nə qədər yeni evlər tikilir, yeni yollar çəkilir. Bu görünür müxalifətyönlü adamdır. Hər bir ölkədə müxalifət olmalıdır. Mən də istəyirəm ki, Azərbaycanda müxalifət olsun. Və mən onları çox müdafiə etmişəm. Amma müxalifətin ən böyük bəlası əvvəla mətbuatıdır ki, mətbuatın heç bir məsuliyyəti yoxdur. İkincisi də odur ki, bir yaxşı şey görmürlər. Əgər desələr ki, burda bina tikilib, burda körpü yaxşıdır. Amma burda bu binanın sökülməsi pisdir. Bakıda köhnə «İnturist»in sökülməsini mən pis hadisə sayıram. O tarixi bina idi, gərək sökülməyəydi, qalaydı. Amma mən bunu deyirəmsə, o biri tərəfdən deyirəm ki, bu qədər gözəl evlər tikilir. Bunu gör, bundan sonra naqis cəhətləri tənqid elə.

BİR ƏNDAZƏ OLMALIDIR

- Sizcə efirimiz həddən artıq yüklənməyibmi, gözəl mənzərələrlə?

- Sizin efir yox (Gülür). İndi o cür də efir var, bu cür də. Əlbəttə, mən razıyam ki, bəzən o şit təbliğat heç kəsə lazım deyil. Mən də o şit təbliğatı qəbul eləmirəm, bir əndazə olmalıdır. Orada bir zövq məsələsi olmalıdır. Gərək təbliğat edəndə də, zövqlü təbliğat olsun. Düşünən təbliğat olsun. İnsanları kütlə halına çevirən təbliğat olmasın. Amma hər şey üfunətdir, zirzəmidir bunu da qəbul etmirəm.

- Bu, dinləyicinin fikridir.

- O onun fikridir, bu da mənim fikrimdir.

- Mən də sizinlə razı deyiləm ki, jurnalistin işi yaxşı şeylər barədə danışmaqdır. Pis şeylər barədə danışmaq lazımdır ki, onlar düzəlsin.

- Sizin sözünüzdən belə çıxır ki, jurnalistlər yaxşı heç bir şey görməməlidirlər.

- Görsünlər, amma pis şeylər barədə danışmaq lazımdır ki, onlar düzəlsin.

- Pis şeylər barədə danışmaq o vaxt olar ki, sənin obyektivliyinə inansınlar. Yəni bilsinlər ki, sən yaxşı şeyi görürsən, amma pis şeyin əleyhinəsən. Amma səndə bu ədalət hissi olmayanda sənin dediyin o pis şeylərə də heç kəs inanmır.

- Danışmıramsa, görmürəm demək deyil.

- Ürəyində nə var mən nə bilim. Ürəyini oxumamışam axı.

- Amma problemi etiraf etmək lazımdır.

- Problem odur ki, lətifəsi sizdən uzaq, bəzi jurnalistlər o qədər yalan danışırlar ki, hərdən doğru söz deyəndə də ona heç kəs inanmır.

- Hər halda lətifəsinin bizdən uzaq olduğunu dəqiqliklə deyə bilərəm sizə.

- Bəli, bəli, mən də razıyam.

/Müsahibəni apardı: Xədicə İsmayılova/

/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG