Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:10

99 il qabaq bu gün


Azadlıq Radiosunun İstanbul müxbiri

Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 12-də dünyasını dəyişib.

2 il sonra 150 illiyi qeyd ediləcək və böyük ehtimalla, onun “özünü ayinədə əyri görən” qəhrəmanlarından biri kürsüyə çıxaraq Sabirin böyüklüyünü zaldakı “qıraxmal qalstuklulara” xatırladacaq və alqışlanacaq.

Ölüm xəbərini məmləkətə elan edən Abbas Səhhətin ona verdiyi qiyməti aşağıda oxuyacaqsınız.

Böyük maarifçi Sultanməciq Qənizadənin xatirəsi isə onun dəfn mərasiminə olan münasibəti bir daha gözlərinizin önündə canlandıracaq…

150 illiyindəki rəsmi nitqin əks-sədası indidən adamın qulaqlarını deşir. Sovet dövründə Asif Əfəndiyevdən Yaşar Qarayevə qədər onu “sosialist realizminin beşiyi başına” qoymuşdular. 150-ci ilin rəsmi nitqi ona necə bir yer lütf edəcək?

Rəsmi nitq onu “dövlətçi bir şair” kimi təqdim etsə, buna da təəccüblənməyəcəm.

Elə isə o, Şərq ölkələrinin böyük bir demokratı idi.

Azərbaycan onu öz gündəmindən silsə də, buna görə qəm yemirəm; çünki hələ 25 il qabaq Qulam Məmmədlidən eşitmişdim ki, müharibə vaxtı Təbrizin bazarında “Hophopnamə” 4 min tümənə satılırmış.

Təbrizdəki yaşlılar mənə o vaxtın 4 min tüməninin çox böyük pul olduğunu demişdilər.

Türkiyədə getdikcə populyarlaşması isə narahatlığımı tamamilə aradan qaldırır.

Buna görə də tərəddüd etmədən deyirəm ki, onu ya layiq olduğu kimi ya edin, ya da sözü ilə əməli bir-birinə “diametralno protivipolojno” zidd olan adamları kürsüyə çıxarıb onun ruhunu incitməyin.

Türkiyədə biz onu layiq olduğu şəkildə yad edəcəyik; çünki onun qoyub getdiyi “ayinəyə”- “Hophopnamə”yə düppədüz baxarkən özümüzü orada əyri görüb əsəbləşmirik.

Bir də ki, aynaya əsəbləşməyin dəlilik olduğunu bilirik.

“Hophopnamə” müəllifinin matəm günləri ilə bağlı bəzi yazıları professor Abbas Zamanovun “Müasirləri Sabir haqqında” kitabından götürmüşəm.

Kitab qiymətli türkoloq alim, professor Məhərrəm Erginin kitabxanasında idi. Zamanova və Erginə Tanrıdan rəhmət diləyirəm.

Abbas Səhhət

QARA XƏBƏR

Ey qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksiniz.

Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər – ki, bir anda səni həm ağladıb, həm güldürürdü,- onları bir də görməzsən.

Zira onların nazimi, onların mübdii, onların müxtərei olan sevimli, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!

Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm; bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir.

Sabirin vəfatı millət üçün bir ziya”i- əbədidir, bir zərbə fəlakətidir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir.

Biz indilik buralarını danışası deyilik. Əlhal, Sabirə bir qədər ağlamaq istəyirəm.

Ey qare, sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatın bəyan etməkdən keçəməm. Deyirəm:

-Sabir! Alimlər, ədiblər, şairlər öləndə sən onlar üçün mərsiyə yazardın, nitqlər söylərdin. İndi sənin üçün mərsiyə oxuyan yoxmu, əcəba? Xeyr, nə qədər ölməmişəm, səni yaddan çıxartmaram.

Sən yaddan çıxmazsan, sən ölməmisən, sən aləmi-mənada dirisən. Bir milləti diriltməyə çalışan özü ölərmi? Yox, ölməz!

Firidunbəy Köçərli

VƏFATİ-ŞAİR

Bu günlərdə “Məlumat” ruznaməsinin axirinci nömrələri yetişdi.

Bəradərim Səhhətin verdiyi qara xəbəri oxudum. Bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, bilaixtiyar qəzet əlimdən yerə düşdü.

Bu xəbər milli şairimiz Mirzə Ələkbər Sabirin vəfatı xəbəri idi. Hər yaranan öləcəkdir.

Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərək getsin.
Sabir getdi- bizi dəxi sinəsi dağlı və ürəyi qəmli və həsrətdə qoydu.

Mərhumdan bizim böyük təmənnalarımız vardı. Onun lisanından təzə sözlər, təzə fikirlər eşitmək istəyirdik.

Vəli, çox əfsus ki, əcəldən macal qalmadı və Sabir həsrət ilə gedib bizi də həsrətdə qoydu.

Mərhumun tərcümeyi-halı və a”sarı haqqında gələcəkdə əhəmiyyətli məlumat yazmağı möhtərəm oxucularımıza və”də veririk.

Onun məndə bir çox nəzmən və nəsrən yazılmış məktubu var ki, cümləsi mənim məhəlli-iqamətim olan Qori şəhərində qalıbdır.

Borjom yaylağının basəfa bir küncündən Sabirin ruhi-pakinə salamımı yetirib, əhli-əyalına və qövm-əqrəbasına başsağlığı verirəm.

Sultanməciq Qənizadə

SABİR HAQQINDA KİÇİK BİR XATİRƏ

Səfərimin son günü mən Sabir ilə xudahafizləşib səhəri günü Bakıya yola düşəcəkdim.

Kürdəmir faytonu qapımda dayanmışdı. Mən səfər libasında əşyamı faytonun içinə yığışdırırdım, bu əsnadə iki nəfər gənc yüyürüb yanıma gəldi və Sabirin ölümünü mənə xəbər verdilər.

Mən faytonu bir saat saxlatdırıb meyit üstünə getdim.

Küçədə qoyulmuş mafə qarşısında xeyli adam var idi. Cənazə dəfnə hazır olduqda, ziyalı cavanlar mafəni əlləri üstündə qaldırıb Qalabazar məscidinin qarşısında küçə ayrıcında yerə qoydular.

Məhəllə axundu Ağa Mir Mehdi ağa şairin namazını qılmalı idi. Ağanın evi məscid ilə qapı-qapı olduğundan, camaat gözünü oraya zilləyib onun təşrifini gözləyirdi.

Amma onun “isbati-vücudi” çox uzun çəkdi. Adamlar bir-biri ilə pıçıldaşıb himləşirdilər.

Mir Mehdi ağanın Sabirin namazını qılmaq istəmədiyi məlum olduqda, gənclərdən bir neçəsi onun əleyhinə səslərini ucaldıb üsyan etməyə başladılar.

Bunun nəticəsində ağa cənabları, yəqin ki, məcburiyyət gücü ilə evdən çıxıb, dinsiz şairin namazını qılsa da, dua əvəzinə lənət oxuyub onun cənazəsini cəhənnəmə göndərmək istədiyi qiyafəsindən görünürdü.

Sabiri “Yeddi Gümbəz” qəbristanında dəfn etdik.

Həmçinin oxu
Sabirin şeirlərini Türkiyədə necə “şikəst etdilər”?
XS
SM
MD
LG