Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:19

Şikayət etdi, barəsində xuliqanlıq maddəsilə iş açıldı


«Azadlıq» Radiosunun «Qaynar Xətt»inə zəng vuran Gədəbəy rayonu Qumlu kəndinin sakini Elminaz Sarıyeva deyir ki, bir neçə ildir işsizdir. Rayonda ona iş verən yoxdur, üstəlik bir neçə ildir aldığı ünvanlı sosial yardım da kəsilib.

- Gədəbəy rayonu əhalisinin 99 %-i acıqacaqlı durumdadır. İllərdir davam edən işsizliyə çarə yoxdur. Məmur özbaşınalığı da baş alıb gedir. 15-20 nəfərlik qruplar hər ay Bakıya şikayətə gəlir. Ancaq qəbullardan da onları qovurlar. Deyirlər, bir də şikayətə gəlməyin, yoxsa, sizi tutduracağıq. Elə acınacaqlı durum yaranıb... İcra başçısı Kamran Rzazadənin qəbuluna düşdüm ki, ünvanlı sosial yardım almama yardım etsin. Müdirlik istəmirəm ki, adi bir iş verin, çörək pulumu qazanım. Axı mən də ali təhsil alanda düşünmüşəm ki, gələcəkdə ən azı bir parça çörək üçün heç kimə möhtac olmayacam. Mənə dedi ki, sənə iş verməyəcəm, çünki sən Bakıda məndən şikayət etmisən.

Şikayətçi bildirir ki, dərdinə Gədəbəydə çarə tapılmayanda çıxış yolunu Bakıya icra hakimiyyəti qurumlarına şikayət etməkdə görüb. 2010-cu ilin fevralında Prezident Administrasiyası şikayət edəndən sonra bəlli olub ki, sən demə, 2009-cu ilin noyabrında haqqında xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb.

- Prokuror Allahverdi Səfərov bilə-bilə ki, mən oktyabrın 30-da Gədəbəydən çıxıb Bakıya gəlmişəm, ittiham aktında yazıb ki, mən oktyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölməsinin əməkdaşı Ziyad Cəlilovu döymüşəm. Sənədlərdə o da göstərilib ki, guya orada 8 nəfər kişi onu mənim əlimdən zorla alıb. Bəs niyə onlar o zaman məni polisə təhvil vermədilər? Oktyabrın 16-da da, 30-da da mənə qarşı təzyiqlərlə bağlı prokurorluğa poçtla məktublar göndərmişəm. Yaxşı, o zaman məni niyə çağırmadılar? Axı bunların mən Bakıya gəlib Gədəbəydəki məmur özbaşınalığından şikayət edəndən sonra quraşdırıldığı gün kimi aydındır.

İndi fakt üzrə qaldırılan cinayət işinin məhkəmə araşdırması ilə Gədəbəy Rayon Məhkəməsi məşğul olur. Elminaz Sarıyevanın Şəmkirdə yaşayan vəkili Akif İsmayılovdan öyrəndik ki, artıq ötən məhkəmə baxışında hakim Hüseyn Hüseynov müdafiə etdiyi şəxslə bağlı həbs-qəti imkan tədbiri seçilib və onun haqqında axtarış elan edilib:

-2 dəfə mən onun xəstə olması və Bakıda müalicə olunması haqda vəsatət qaldırdım və vəsatət təmin edildi. Ancaq sonrakı mərhələdə Elminaz Sarıyeva məhkəməyə xəstəliyilə bağlı sənəd təqdim edə bilmədiyi üçün hakim həbs-qəti imkan tədbiri seçdi.

Akif İsmayılov bildirir ki, hakimin bu hərəkətində qanunsuz məqam axtarmaq yersizdir. Çünki iş məhkəmə baxışına çıxarılıbsa, ən doğrusu Elminaz Sarıyevanın öz şahidlərilə məhkəmə prsesinə gəlməsi, ittiham aktında yazılanların qondarma olduğunu sübuta yetirməyə çalışması olardı. Vəkil onu da bildirir ki, durumu bir qədər də qəlizləşdirən Elminaz Sarıyevanın Bakıda telekanallardan birindəki proqramda görünməsi olub. Verilişin anonsunda qadın başına gələn haqsızlıqlardan şikayətlənirmiş. Ancaq onun dedikləri elə anonsda da qalıb. Vəkil deyir ki, bəlli olmayan səbəbdən həmən veriliş efirə verilmədi:

- Bir tərəfdən Elminaz məhkəməyə teleqram vurur ki, xəstədir, digər tərəfdən də Bakıda telekanallara müsahibələr verir. Hakim də izah etdi ki, əgər telekanallara çıxa bilirsə, demək məhkəməyə də gəlməlidir.

Gədəbəy Məhkəməsinin hakimi Hüseyn Hüseynovla da əlaqə saxladıq. Bildirdi ki, prosessual qanunvericilik ciddi səbəb olmadan məhkəməyə gəlməyən cavabdeh haqqında həbs qətimkan tədbiri seçilməsini tələb etdiyinə görə belə bir addım atıb:

- O qadın Gədəbəydə yaşamır. Dəfələrlə onun məhkəməyə gətirilməsi üçün yaşadığı ünvana məhkəmə nəzarətçiləri gedir, ancaq qadın evdə tapılmır. Bu halda mənim başqa çıxış yolum yoxdur. Onun haqqında axtarış elan edilib. Mən vəkili vasitəsilə ona xəbər göndərdim ki, bu elə də ağır cinayət deyil, gəl, baxaq, işi bitirək. Ancaq yenə də gəlmədi.

KOMMUNAL XƏRCİ ÖDƏYİB, AMMA BORC SİLİNMƏYİB


AzadlıqRadiosunun Qaynar Xəttinə müraciət edən Bakının Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 6, mənzil 24-də yaşayan Asiyə Əliyeva «Azərsu»dan şikayətçidir. Dediyinə görə, uzun illərdir su və kanalizasiya üzrə ödənişlərini «Azərsu»nun yerli bölməsinin İlham adlı işçisinə verib. Həmin işçi abonentdən pulu alıb, əvəzində ona qəbz verib.

2010-cu ilin fevralında mənzilə su sayğacı quraşdıran zaman «Azərsu» işçiləri Asiyə Əliyevaya bildiriblər ki, daha hər qapıya gələnə pul verməsin. Çünki indiyə qədər «Azərsu» işçisinə verdiyi pullar hesaba oturmayıb və 1998-ci ildən bu yana düz 804 manat bir, 364 manat manat da bir borcu var. Toplam 868 manat. 804 manat borc isə onun 1998-ci ildə dünyasını dəyişən həyat yoldaşı Zəhmət Əliyevin adınadır. Qadın deyir ki, həyat yoldaşı vəfat edəndən sonra evin bütün sənədlərini öz adına dəyişdirib, o sıradan, su idarəsinə də həyat yoldaşının «ölüm kağızını» verib və sənədlərin onun adına rəsmiləşdirilməsi haqqında ərizə yazıb.

Bundan sonra abonent bir neçə illk su və kanalizasiya xidməti üzrə ödəniş qəbzlərini təqdim edib ona 868 manat borc tapanlara. Ancaq «Azərsu»nun Səbayel rayon bölməsinin əməkdaşları qəbzləri yox, qeybdən onlara deyilən 868 manatı əsas götürüb. Daha sonra Asiya Əliyeva qəbzləri də götürüb gedib «Azərsu»nun yerli bölməsinə. Qəbzləri idarə rəisinə təqdim edib. Problemin nəticəsini öyrənmək üçün yenidən idarəyə gedən qadına bildiriblər ki, qəbzlər it-bata düşüb. Qəbzlərlə birgə onları yazan, imzalayan, abonentdən pul alan İlham da qeybə çəkilib:

- 1998-ci ildə rəhmətə gedən insanın adına borc yazılır. Belə biabırçılıq və özbaşınalıq harda var. Mənə deyirlər səhv olub. Uzun illər neft sektorunda mühasib olaraq çalışmışam. Həm sənədlərə, həm də borclara həminə xüsusi zəssaslıqla yanaşmışam. İlham mənə ağ kağıza imza atıb verməyb ki? O «Azərsu»nun möhürlü qəbzini tələb edib. Mənbən başqa o bu ərazidə neçə binanın sakinlərindən eyni qaydada uzun illər su pulu yığıb. Azərsuya borcların ödənməsi gərəkdirsə, o Adamı tapıb pulları tələb eləsinlər. İndi də yayın günü gündə qapını kəsdirirlər ki, suyunuzu kəsirik.

Vətəndaşın şikayətilə bağlı «Azərsu»nun mətbuat xidmətilə əlaqə yaratmağa çalışdıq. Ancaq mətbuat xidmətinin nə rəhbərliyi, nə əməkdaşları dəstəyi qaldırmadılar. «Azərsu»nun operatorları isə bildirdilər ki, yay mövsümü ilə bağlı Bakıda suya tələbat artıb, Kür daşqınları isə Azərbaycanın böyük bir ərazisində içməli su qıtlığı yaradıb ona görə də idarədə hər kəs gərgin iş rejimində çalışır, başqa sözlə, kabinetində tapılmır.

Şikayətin aid olduğu ərazi «Azərsu»nun Səbayel rayon bölməsinə aid olduğu üçün ora da zəng vurduq. Orada isə bildirdilər ki, məsələdən xəbərləri var, indi problem rəhbərlik səviyyəsində araşdırılır. «Azərsu»nun yerli bölməsindən ona da bildirdilər ki, vətəndaşlar belə problemlərdən yayınmaq üçün borclar üzrə qəbzlər gətirən «Azərsu» əməkdaşlarına pul verməsinlər, borclarını poçt və bank şöbələrində uyğun hesablara köçürsünlər.

KİMƏ DEYİRİK, XEYRİ YOXDUR...


1992-93-cü illərdə Ermənistan işğalı nəticəsində Ağdam, Gəlbəcər və Zəngilandan məcburi köçkün düşüb İndi Bərdənin Hacallı kəndində yaşayan sakinlər deyir ki, hər yay ciddi su qıtlığı çəkirlər. 23 ailənin yerləşdiyi köhnə inzibati banının içərisində nə su, nə də sanitariya qovşağı yoxdur. Su yalnız binanın yaxınlığındakı artezian quyularından çıxır. Əhali su ilə bağlı bütün ehtiyaclarını bu quyu ilə ödəyir. Ancaq yayda suyun səviyyəsi azaldığından quyuya su motorları qoşulur. Motor isə bir müddətdir xarab olub, düzəldən yoxdur:

- İsti bir yandan, su qıtlığı da bir yandan əhdimizi kəsib. Şikayətlərimizə baxan yoxdur. Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komissiyasının maddi yardımı ilə artezian quyusuna mator almışdıq. O da xarab olub. Kimə deyirik, xeyri yoxdur. Deyirlər, gedin hara şikayət edirsiniz, edin.

«Azərsu»nun Bərdə rayon üzrə bölməsinin başçısı Firudin Baxşəliyev məcburi köçkünün şikayətinin haqlı olmadığını deyir. Dediyinə görə, ərazidə 23 ailəyə 3 kran «xidmət göstərir»:

- O ərazidə 50 metrdən bir 3 artezan quyusu var. Su da öz axarı ilə həmişə gəlir. Orada bir Kəlbəgər köçkünü var, işi-gücü rəsmi qurumlardan şikayət etməkdir.

Şikayətçi onu da bildirir ki, bir neçə vaxtdır ərazidəki mağazalar elektrik borclarını ödəmədiyi üçün onların yaşadığı binaqarışıq böyük bir ərazinin işıqları söndürülür. Kəndin incra nümayəndəsi də su idarəsinin başçısı Kimi deyir ki, Hacallıda hər iş yolundadır – su gəlir, işıq yanır.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə dövlət komitəsinin Bərdə rayonu üzrə nümayəndəsi Sərdar Zeynalov isə bildirir ki, ərazidəki məcburi köçkünlərin su problemi yaranır. Ancaq konkret bu şikayətlə bağlı məsələ artıq çözülüb:

- Doğrudan da məcburi köçkünlərin məskunlaşdığı köhnə inzibati binada su problemi vardı. Ancaq mən vasitəçilik etdim, bir neçə gün öncə mator təmir edildi. Hələlik, su gəlir. Elektrik enerjisinə gəlincə, məcburi köçkünlərə dövlətin müəyyən etdiyi güzəştli şərtlərlə enerji verilməsində ciddi problem yoxdur.

Buna da bax:

XS
SM
MD
LG