Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:17

«Azərbaycan mətbuatı tarixi»nin 2-ci cildi təqdim olundu


Akif Aşırlı
Akif Aşırlı
«Azərbaycan mətbuatı tarixi 2 cild yox, 42 cild olmalıdır». Bu sözləri Akif Aşırlının yazdığı «Azərbaycan mətbuatı tarixi» kitabının 2-ci hissəsinin təqdimat mərasimində kitabın rəyçilərindən biri olan dosent Akif Rüstəmov söylədi.

Atatürk Mərkəzində baş tutan təqdimat mərasiminə Azərbaycan mediasının, ədəbi mühitinin sayılıb-seçilən nümayəndələri toplanmışdı.

Ötən il Mətbuat Bayramı ərəfəsində bu kitabın birinci hissəsini (1875-1920) oxucuların ixtiyarına verən Akif Aşırlı düz bir il sonra ikinci hissəni (1920-1990) yazıb çap etdirdi.

Tarixindən də göründüyü kimi, 2-ci hissə Azərbaycan sovet dövrü mətbuatının tədqiqini əhatə edir.

Kitabın annotasiyasında bu zaman kəsiyi «obyektiv qiymət verməkdə çətinlik çəkdiyimiz» dövr kimi vurğulanır və nəşrin «populist yanaşmadan uzaq sovet dövrü mətbuatının mənzərəsi»ni verdiyini və «80-ci illərin sonu - çağdaş jurnalistikaya keçid dönəminin tədqiq olunduğu» bildirilir.

Birpartiyalı sistemə keçiddən Azərbaycanda sovet mətbuatı modelinin yaranmasınadək, bolşevik istilasının ilk vaxtlarında «İstiqlal» qəzetinin gizli nəşri, repressiya illərinin jurnalistikası, mətbuatın «xalq düşməni» obrazının yaradılmasına cəlb edilməsi, müharibə dövrü mətbuatı, ondan sonrakı illərin mətbuatı, 80-ci illərdə yeni jurnalistikaya keçid dönəmi, 80-ci illərin sonlarında çıxan leqal və qeyri-leqal nəşrlər və s. kitabda geniş təhlil olunur.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının bildirdiyinə görə, Həsən bəy Zərdabi mükafatına 2010-cu il üçün namizədlər sırasında Akif Aşırlının həmin kitabının da adı var.

Xatırladaq ki, Azərbaycan mətbuatı tarixinin 1920-1990-cı illər mərhələsi ilk dəfədir ki, araşdırılır və kitab halında çap edilir.

Kitabın 3-cü hissəsinin də yazılacağı gözlənilir.
XS
SM
MD
LG