Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:44

CAVIDAN "Ağrı" (Hekayə)


Qadın ağrı çəkirdi.

Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu.

Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış oğlan uşağına baxırdı.

- Ay Allah..köməyini əsirgəmə..körpəmə, ərimə yazığın gəlsin, bizi tək qoyma, ay Allah..ay Allaahhh…aaaayyyyy…ayallaaaaaahhh…

- Suyu səhərdən gedib, -deyirdi mamaça., – on saatdı susuzdu uşaq, Allah özü kömək olsun. Bəlkə aparaq xəstəxanaya, hə?!- ümidsizliklə ona baxdı.

- Yox, həkim lazım deyil…-dedi o.

- Mənə deyirdi suyu gedib, inanmadım, dedim bəlkə ağırdı, sidiyə çıxıb, hiss eləməyib, vaxtına bir ay qalmışdı axı, -qaynanası ona qısılmış oğlan uşağının ayaqlısını yoxlayıb batıq olduğunu gördü və odun peçinin böyründən aftava-ləyəni götürüb uşağı yumağa başladı

Daha bir sancı dalğası gəldi.

Qadın bütün vücudunu sarmış bu dəhşətli ağrıdan başqa yer üzündə heç nəyi və heç kimi hiss eləmirdi… Yalnız bu ağrı vardı dünyada, bir də qadının özü. Daha heç kim və heç nə.

Saçlarından tutmuş ayaq dırnaqlarınadək ağrayırdı və bu ağrı onun canından zərrə-zərrə qoparaq kainatın hər bir nöqtəsinə yayılırdı. Aramsız qışqırırdı və bu qışqırığın əks-sədası kainatın hər bir nöqtəsində eşidilirdi.

Saçları balışın üzərinə səpələnmişdi, alnında, boynunda tər damcıları parıldayırdı.

O, qeyri – ixtiyari əlləriylə saçlarını arxaya daradı, bir neçə anlıq qulaqlarını sıxıb gözlərini yumdu, alnında, boynunda parıldayan tər damcılarını əllərinin içi ilə sildi, halsızlaşdığını, gücünün və səbrinin tükəndiyini, bu yeri-göyü sarmış ağrıya tab gətirməyərək bu alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasından, bu pilləkənləri sidik qoxuyan köhnə və rütubətli binadan uzağa, mümkün qədər uzağa qaçmaq istədiyini hiss elədi.

Amma hara?

Ağrı hər yerdəydi.

Başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan yaşadığımız, ağrıdığımız dünyaya daha bir insan gəlirdi.

Ağrısı özündən əvvəl doğulmuşdu yer üzünə…

O, bu uşağı illər idi ki, gözləyirdi. Bu ağrını nə qədər arzulamışdı.

Bu ağrını çəkən qadınlara həsəd aparıb ağrısızlığa məhkum olduğundan utanıb yerə girmişdi hər dəfə. Sızıldamışdı, yanıb-yaxılmışdı ağrıdan məhrum olduğuna görə.

Ağrımışdı ağrısızlığından…Gecələr boyu dualar oxumuşdu , gündüzlər boyu ziyarətgahlara ayaq döymüşdü, saysız-hesabsız cinsi əlaqələrdən əri də bezikmişdi, bitməz-tükənməz müalicələrdən öz canı da yorulmuşdu..

Amma bütün bunlar hər 28-ci gün tamam olub

Ay bədirləndimi, bir ovuc qana dönüb ümidlərini məhv edirdi.

Bəndələr aciz idi.

Allahsa susurdu.

Dəqiq əmin idi ki, Allahın bircə dəfə üzünü ona çevirib dilucu “OL!” deməsi kifayət edər ağrısızlıqdan qurtulmasına.

Dünya, Kainat bu bircə sözdən yaranmadımı?

Bəs onun bətnində niyə bu nəhayətsiz həyatdan bircə zərrə belə cücərib doğula bilmirdi, niyə?

Axı o da duymaq istəyirdi ağrını.

Bu dadı hiss etmədənmi köçəcəkdi yer üzündən?

Bəs Allah?

Bəs “OL!” kəlməsi?

Öncə SÖZ vardı axı?!

Sonra Dünya yaranmışdı.

İndi burda – bu alaqaranlıq, hisli otağın yoxsulluqla dolu havasında öncə ağrı var.

Sonra insan doğulacaq.

Doğulub öləcək bəlkə.

Doğulub öldürəcək bəlkə.

Doğularkən onu doğanı öldürənlər az olubmu?

-Gəlir..başını görürəm..Caann, qanla doğulur uşaq, susuz, zülümlə..caan, can bala..bir az da..aay sağ ol..ay sağ ol..dayan, hə, güc vermə..mən deyəndə ancaq, eşidirsən? Ancaq mən deyəndə..hə…dayan..indi ver..gəlir..bax, gəlir uşaq…- mamaçanın səsi son anlarını yaşayan ağrını ovutmağa çalışırdı…

Qaynanası yenə də otağın küncündəki kətilə pərçim olmuşdu, qucağındakı oğlan uşağına əmzikli şüşədən süd içirirdi.

Öncə balaca başının təpəsi, sonra alnı, daha sonra üzü göründü…

İlahi!

Bu balaca üzdə nə qədər əzab vardı!

Doğulan onu doğandan daha çox ağrıyırmış sən demə…

O, başının hərləndiyini, gözlərinin qaraldığını, qulaqlarının küyə düşdüyünü hiss elədi..

Bax bu halda, insanın “özündən getməsi” halında, onun ruhunun bədəniylə əlaqəsinin qəfildən kəsilib yenidən qayıtması məqamında ağrı hiss olunmur, unudulur, bəlkə də yoxa çıxır…

Bəs kliniki ölüm məqamı?

İnsanlar ruhlarının bədənlərindən qoparaq onu kənardan seyr etdiklərini danışırlar sonradan…

Qaranlıq və uzun tunel, qatar səslərini xatırladan “tak-tarak, tak-tarak” ritminin içinə düşmək, o tunelin sonuna doğru hərəkət, o tunelin sonundakı işıq..sonra isə yenə də ağrı…

Həyat – ağrı deməkdir.

Ölüm isə daha bir qaranlıq bətn, daha bir ana ürəyinin çırpıntıları ritminin içinə düşmək, daha bir doğuş prosesi və daha bir işıqlı dünyaya çıxmaq şansıdır…

Yenə ağrımaq şansı…

Yenə ağrıtmaq şansı…

- Şükür Allaha!- mamaça çağanın göbəyini burub kəsdi və onu indicə qoyub gəldiyi başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan ayırdı, – göyçək bir qızın oldu, maşallah! Göbək ciyəsi də dümdüzdü, bundan sonra mütləq oğlan olacaq…

- Mən elə qız istəyirdim…- dedi o.

- Atası gəlsin, muştuluq alım, -mamaça sevinirdi.

- Atası gec gələcək, çay kənarından daş daşımağa gedib. Ancaq yatmağa gəlir, bəlkə də səhərə gələ, – qaynana otağın küncündəki kətildən nəhayət ki qalxıb qucağındakı oğlan uşağını yaxına gətirdi, -bacıya baax, əl çal bacıyçün, əl çaal…
-
Oğlan uşağı mamaçanın büküb-bələdiyi çağaya baxdı, gözləri lampanın zəif işığında parıldadı və o, balaca, totuq əllərini bir-birinə vurub güldü. Çağa sanki buna bəndmiş kimi əvvəl tənbəl-tənbəl bir gözünü açdı, sonra balaca ağzını instinktiv olaraq sağa-sola əyərək yeməyini axtardı, tapmayıb ağladı.

Oğlan uşağının balaca , totuq əlləri havada qaldı, gözlərindəki parıltılı sevinc heyrətə, sonra qorxuya çevrildi və o, çağaya qoşulub ağlamağa başladı…

Qadın üstündə uzandığı yemək stolunun qıraqlarını əlləriylə sıxmış, gözlərini möhkəmcə qapamışdı. Nə bu körpə ağlaşmalarını, nə də indicə deyiləcək sözləri eşitmək istəmirdi.

Mamaça son tapşırıqlarını verirdi:

- Bax, soyuqdan qorun. Bilirəm qonşulara-filan ev-eşik təmizləyirsən, pal-paltar yuyursan, amma hələ bir-iki ay eləmə bunu. Onsuz da çox zəifsən. Yadında saxla, doğan arvadın qəbri düz qırx gün, qırx gecə açıq olar deyiblər. ..bir şey olsa, mənə zəng eləyin, gəlib dəyərəm, – ona sarı dönüb əlavə elədi, – məni yola salın gedim.

O, mamaçanın paltosunun cibinə pul basdı, qapını bağlayıb hələ də stolun üstündə uzanmış qadına yaxınlaşdı:

- Əslində …mamaça mənlik deyildi, bilirsən. Amma biz danışdığımız vaxtdan sonra qiymətlər bahalaşıb, həm də sənin vəziyyətini də nəzərə aldım. Ona yüz dollar verdim, bu min dolları isə qoyuram sənin balışının altına..

- Çox sağ ol, -qadın zorla pıçıldadı.

Baxışları alaqaranlıq və hisli otağın tavanında donub qalmışdı.

- Sən də sağ ol, – o da demək olar ki pıçıldadı və qalın adyala bükülmüş çağanı divanın üstündən qucağına götürdü.

- Ona baxım..-qadının baxışları tavandan qopub qalın adyalın qırmızı güllərinə qondu.

- Yox, ona baxmağını istəmirəm, toxunmağını da. Səninlə şərtimiz vardı. ..Mən bu ayın axırınadək paytaxta köçürəm, bir də heç vaxt səni görmək istəmirəm, yadında saxla, nə vaxtsa bu uşağı axtarmağı, ona kim olduğunu deməyi də ağlına gətirməyəsən..bu, sənin deyil, eşidirsən? Sənnənəm…-az qala yalvararaq sızıldadı…

- Hə…-qadının baxışları qalın adyalın qırmızı güllərindən qopa bilmirdi.

- Allaha əmanət olun, – o, qapıya tərəf getdi, otağın küncündəki kətildən durmaq fikri olmayan qadına baxdı, – zəhmət olmasa qapını açın. Arvad tənbəl-tənbəl qalxıb qapını açdı, qalın adyalın qırmızı güllərini çölə ötürüb qadının yanına qayıtdı. Oğlan uşağını yenidən qucağına alıb küncdəki kətilə sarı getdi:

- Puldan özünə saxla, qalanını da verərsən, ərin sənəd-sünədini düzəldib gedər Moskvaya-zada. Kişi olub kişilərə qarışacaq barı…On beş manat da mənə verərsən, unun pulundan dükana borclu qalmışam, onu verməliyəm…yatmısan?

- Yox..- qadın zorla eşidiləcək səslə deyə bildi.

Əlləri, üstündə uzandığı yemək stolunun qıraqlarını sıxmaqdan yorulmuşdu, gözləri yenə də tavana dikiliydi..baxışları isə qalın adyalın qırmızı güllərinə ilişib getmişdi…
XS
SM
MD
LG