Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:43

Mübariz Qurbanlı: «Xalq YAP namizədlərinə səs verəcək»


Mübariz Qurbanlı
Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ANS PRESS-ə müsahibə verib. Müsahibədən bəzi məqamları çatdırırıq:

- Mətbuatda «seçkiqabağı mühitin süst olmasına səbəb iqtidarın müxalifətə qarşı sərgilədiyi sərt münasibətdir» kimi fikirlərə də rast gəlmisiniz. Bu fikirləri necə şərh edərdiniz?

SEÇKİQABAĞI MÜHİT NORMALDIR

- Seçkiqabağı mühitin süst olmasını iddia edənlər, onun qaynar olmasını nədə görürlər? Seçkiqabağı mühit tam normal şəraitdə inkişaf edir. Yəni namizədlərin dairələr üzrə müəyyən edilməsi işi hər bir yerdə gedir. Əgər kimlərsə seçkiqabağı mühitin fəallığını müxtəlif aksiyaların, mitinqlərin keçirilməsində görürlərsə, belə aksiyalar keçirməyə cəhd edənlər də var. Şübhəsiz qanun çərçivəsində, qanunvericiliyin tələblərinə uyğun olaraq aksiyalarını da reallaşdıra bilirlər. Yox əgər kimsə qanunsuz aksiya keçirmək istəyirsə, hüquq-mühafizə orqanları bunun qarşısını məntiqi olaraq alır.

Yəni seçkiqabağı mühitin süstlüyünü iddia edənlər görünür uzaq keçmişdən, 90-cı illərdən alışdıqları, «öyrəşdikləri», adət etdikləri forma və metodların qabarmasını gözləyirlər.

BUNLAR TƏKRAR OLUNMAYACAQ

Bunlar da qabarmayacaq, təkrar olunmayacaq. Çünki o zaman Azərbaycanda xaosdan və özbaşınalıqdan bəzi adamlar yararlanmağa çalışırdılar. Hər dəfə də seçki prosesi başlamazdan xeyli əvvəl bəzi siyasi qüvvələr seçki təbliğatına başlayırdılar, qanunu pozurdular.

Bütün dünyada seçkiqabağı kampaniya təşviqat dövründə özünü daha qabarıq büruzə verir. Seçkinin təşviqat kampaniyasının müddəti var. O müddətdə namizəd seçicilərlə görüşlər keçirir, öz rəqibləri ilə bağlı fikirlərini bildirir, müxtəlif siyasi aksiyalar, tədbirlər keçirir. Əgər seçki kampaniyası qanunda müəyyən olunubsa, təbliğat və təşviqat dövrü konkret olaraq qanunvericilikdə göstərilibsə, onda əlavə təşviqat dövrü nə üçündür? Axı bu, qanunun normasıdır. Bu normanı biz yox, qanun müəyyən edib. Qanun isə beynəlxalq standarta uyğun olaraq qəbul edilib.

MƏĞLUBİYYƏTİ SIĞORTALAMAQ MƏQSƏDİ GÜDÜRLƏR

Beynəlxalq standartda isə təşviqat müddəti var. Bu müddət ərzində namizədlər seçici auditoriyası ilə görüşür, bu və ya digər KİV-in imkanlarından istifadə edir, geniş təbliğat aparır. Təbii ki, bu zaman seçki prosesinin qızğın mərhələsi özünü büruzə verir. Ona görə də seçkiqabağı süstlükdür fikrini mən qəbul etmirəm. Bu iddiada olanlar görünür özlərinin fəaliyyətsizliyini, gələcəkdə onları gözləyən məğlubiyyəti bəri başdan sığortalamaq məqsədi güdürlər.

- Bir az öncə Seçki Məcəlləsinə dəyişikliklər layihəsi irəli sürüldü və Milli Məclis tərəfindən qəbul edildi. Bu dəyişikliklər müxalifət və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qarşılanmadı. Siz dəyişiklikləri texniki, onlar isə mahiyyət dəyişikliyi kimi izah edirdilər. Necə düşünürsünüz, bu dəyişiklikləri mahiyyət dəyişikliyi adlandırmaq olar?

- Bəli, mən bir də o fikrə qayıdıram ki, bu dəyişikliklər texniki xarakterli dəyişikliklərdir. Çünki bu dəyişiklikdə seçki qrafikinin müddəti məsələsi öz əksini tapıb. Bu da texniki, mahiyyətə təsir etməyən bir məsələdir.

Əvvəllər Seçki Məcəlləsinə görə Azərbaycanda seçki proseduraları üçün müddət 120 gün nəzərdə tutulmuşdu. Dünyanın heç bir yerində seçki prosedurası üçün bu qədər müddət ayrılmır. Seçki ilə bağlı bu və ya digər məsələləri həll etmək üçün uzun müddətə ehtiyac yoxdur. Seçkilərin normal keçirilməsi üçün dövlət xeyli iş görüb. Kifayət qədər vəsait ayrılıb, dairə seçki komissiyaları yaradılıb, lazımi texniki avadanlıqla təmin edilib. Namizədlərin irəli sürülməsi işi seçkiyə 1-2 ay qalanda yox, daha tez başlanır.

POTENSİALI OLMAYAN NAMİZƏDƏ AYLAR AYIR, XEYRİ YOXDUR

Potensialı olan siyasi təşkilat və siyasətçi üçün bir neçə çıxış yetərlidir ki, seçicini inandıra bilsin və onun rəğbətini qazansın. Potensialı olmayan namizədə isə istər aylarla, ya da illərlə vaxt ayır, yenə xeyri yoxdur. Biz Avropa Şurasının, ATƏT-in üzvüyük. Bu təşkilatların tələblərinə uyğun olaraq Azərbaycanda bütün demokratik proseduralar həyata keçirilir.

RUSİYADA GÜNƏŞ BATMIR, AMMA SEÇKİ PROSEDURASI 90 GÜNDÜR

İnkişaf etmiş bir çox ölkələrdə seçki müddəti bizdəkindən azdır. Məsələn, İspaniyada bu, 45 gündür. Rusiya federativ respublikadır. Bu ölkənin ərazisində günəş batmır. Ancaq bu ölkədə seçki proseduraları üçün müddət cəmi 90 gündür. Böyük Britaniyada bu müddət 45 günə yaxındır. Fransada da yenə azdır. Buna görə də mən hesab edirəm ki, bu müddət beynəlxalq standartlara uyğundur. Qeyd edim ki, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in müvafiq institutları bu dəyişiklikləri ümumilikdə Avropa standartlarına uyğun adlandırıblar.

- Bir sual da rəqib düşərgə ilə bağlı vermək istərdim. Bilirsiniz ki, AXCP ilə Müsavat birgə seçki bloku yaratmaq, hətta bir partiyada birləşmək barədə razılığa gəliblər. Bu qərar müxtəlif cür şərh olunur. AXCP sədri Əli Kərimli deyib ki, hakim partiya onların qərarından narahat olmağa başlayıb. Narahatlığınız varmı?

- Azərbaycanda siyasi palitraya nəzər salaq və onların təsnifatını verməyə çalışaq. 110 partiya özünü elan edib. 42-43 siyasi təşkilat rəsmi qeydiyyatdan keçib. Azərbaycanda iqtidar var, müxalifət var və heç bir siyasi fəaliyyətlə məşğul olmayan qruplar var. İnsanların bir hissəsi siyasətlə məşğul olmur. Əslində siyasətlə məşğul olmamaq da bir siyasətdir.

MƏMURDAN NARAZI ŞƏXSLƏR MÜXALİFƏTİN ELEKTORATI SAYILA BİLMƏZ

Azərbaycan cəmiyyətinin çox az bir hissəsi siyasiləşib. Ən böyük partiya YAP-dır, 510 min üzvü var. Müxalifətin də özü dediyi rəqəmləri nəzərə alsaq belə, yenə çox kiçik bir rəqəm alınır. Siyasi palitrada prezident İlham Əliyevi dəstəkləyən, amma bizimlə müəyyən məsələdə fikir ayrılığına mənsub olan partiyalar da var. Eyni zamanda müxalifətin də tərkibi yekdil deyil. Doğrudur, narazı elektorat var. Heç kim bunu danmır. Ancaq prezident İlham Əliyev də deyib ki, xalqın böyük bir hissəsi bizi müdafiə edir. Narazı elektoratı müəyyən etmək üçün sorğu keçirmək lazımdır. Yerlərdə hansısa məmurdan narazı olan şəxs müxalifətin elektoratı sayıla bilməz. Çünki hansısa məmurdan narazı olan şəxs YAP-çı da ola bilər. Narazı elektoratı müəyyən etmək üçün sorğuların keçirilməsi vacibdir. Biz obyektiv rəy sorğuları keçirmişik. Müəyyən olunub ki, ümumilikdə müxalifətə səs verən elektorat 5-8 faiz arası dəyişir. Hətta prezident seçkisində bu faiz 3-ə düşür. Bu o deməkdir ki, narazı elektoratın içərisində belə prezidentdən narazı olanların sayı azdır. Bununla nə demək istəyirəm?

AXCP-MÜSAVAT BİRLİYİNƏ ÇOX AZ FAİZ İNSAN SƏS VERƏCƏK

Bu gün AXCP ilə Müsavat birgə blok yaratmaq istəyir. Buyursunlar. Heç kim mane olmur. Narahat da deyilik. Çox az faizdə narazı insanlar onlara səs verəcək. Hətta bu faiz də hər gün azalır. Çünki rayonlarda aparılan inkişaf bu elektoratın həcmini sıxır. Belə bir durumda 3-4 partiyanın bir yerdə olması heç də elektoratın artmasına səbəb olmayacaq. Yadınıza salın, 1998-ci ildə, 2003-cü ildə, hətta 2005-ci ildə böyük koalisiya yaratmışdılar, vəziyyət dəyişdimi, dəyişmədi. Düzdür, onlar deyir ki, seçki saxtalaşdırılır. Bunlar cəfəngiyatdır. Siz onların namizədləri ilə bizim namizədləri müqayisə edin. Bütün parametrlərinə görə bizim namizədlər onların namizədlərindən üstündür. Mənim bir alternativim vardı. Onu heç öz kəndində belə yaxşı tanımırdılar. Seçkidən sonra bəyanat verdi ki, mən keçəcəkdim, Mübariz Qurbanlı keçdi. Təvazökarlıqdan uzaq da olsa deyim ki, mən on illərdir siyasi proseslərin ortasındayam. Niyə xalq mənə səs verməməlidir?

İSA QƏMBƏR MÜSAVATIN BİRİNCİ VƏ SONUNCU BAŞQANI OLMAQ İSTƏYİR

Bəzən deyirlər ki, bizim xalq seçkiyə hazır deyil. Bu, yalandır. Azərbaycan xalqının güclü seçim qabiliyyəti var. O, kimi seçdiyini yaxşı bilir. Odur ki, belə birliklərin olması bizi narahat etmir. Çünki biz cənab prezidentin apardığı siyasətin doğruluğuna inanırıq və bu siyasət hər birimizin həyatına rifah gətirir. Digər tərəfdən, Müsavatın nizamnaməsinə görə, İsa Qəmbər növbəti dəfə başqan kimi seçilmək imkanına malik deyil. Ola bilsin ki, İsa Qəmbər bu səbəbdən 20-ci əsrdə bərpa olunmuş Müsavat Partiyasının birinci və sonuncu başqanı olmaq istəyir və ətrafındakı insanları yaxşı tanıdığından kiminsə bu posta oturmasına razı deyil. Ola bilsin ki, gələcəkdə onlar bir partiyada birləşəndə partiyanın adı nə Müsavat, nə də AXCP olmayacaq. Çünki bu bir partiyanın digərini udması kimi anlaşılar və digər partiya üzvlərini narazı sala bilər. Onu da deyim ki, bu fikirləri artıq mən YAP funksioneri kimi yox, politoloq kimi deyirəm. Bunu xüsusi qeyd etməyinizi xahiş edirəm.

XALQ YAP NAMİZƏDLƏRİNƏ SƏS VERƏCƏK

Yəni, yeni yaranacaq təşkilatın nizamnaməsi də yeni olduğundan təbii ki, bu nizamnamə İsa Qəmbərə yenidən rəhbər seçilmək üçün qadağa qoya bilmir. Buna görə də kimsə ona irad tuta bilməz. Ola bilər, belə olmayacaq. Ancaq bunu tarix üçün dedim. Başqa məqamları da deyə bilərəm. Ancaq bunlar siyasi etika baxımından doğru olmaz. Onların işinə qarışmıram, özləri bilər. Ancaq bir daha bəyan edirəm ki, biz narahat deyilik. Birincisi, cənab prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya böyük və güclü partiyadır. İkincisi, İlham Əliyevin müəyyən etdiyi siyasi xətt xalq tərəfindən sevilir, bəyənilir, xalqla prezident arasında böyük birlik, vəhdət var. Üçüncüsü, bu gün prezident İlham Əliyev lider olaraq, şəxsiyyət olaraq, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq xalqı və ölkəni çox düzgün bir yolla irəliyə aparır. Onun yürütdüyü siyasətə alternativ görmürəm. Heç bir təşkilat da belə bir siyasət ortaya qoya bilmir. Həqiqət də budur. Bu həqiqəti xalq da gözəl anladığından payız seçkisində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək.
XS
SM
MD
LG