Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

İcra Hakimiyyətinə gedənlər niyə özünü öldürmək istəyir?


Afət Əmirli
Afət Əmirli
«Gəldim İcra Hakimiyyətinə, dedim ki, başçını görmək istəyirəm, dedilər qəbul eləmir, dedim niyə? Dedilər, olmaz. Mən də çıxartdım ülgücü, doğradım damarlarımı».

Bakı şəhər sakini Afət Əmirli deyir ki, müharibə vaxtı cəbhədə tibb bacısı kimi fəaliyyət göstərərkən Kəlbəcərdə minaya düşüb «kantuziya» alıb. Bundan başqa, Hepatit C daşıyıcısıdır. Prezident təqaüdü və əlilliyə görə aldığı təqaüd üst-üstə 186 manat edir ki, heç dərmanlarına da çatmır.

Müharibə əlili olandan sonra ona yataqxanada verilmiş 14 kvadratmetrlik otaqda yaşayır. Üstəlik, yataqxana binası daim yararsız vəziyyətdə olduğundan, yağış yağanda darısqal otağı yağış suları ilə dolur. Tez-tez Nərimanov rayon İcra Hakimiyyətinə gedir ki, ona həm mənzil şəraitinin yaxşılaşdırılmasında, həm də dərmanları üçün yardım etsinlər. Ancaq onu qəbul edib dərdini dinləyən yoxdur. Bu səbəbdən iyulun 19-da Nərimanov rayon İcra Hakimiyyətinin binası qarşısında intihara cəhd edib.

«BU ÖLKƏDƏ KİM HAQQINI TƏLƏB EDİRSƏ, DEMƏLİ NARKOMANDIR»

Afət Əmirlinin sözlərinə görə, hadisədən sonra əraziyə gələn polis işçiləri onu 18-ci polis bölməsinə aparıblar: «Dedilər narkomansan, bu mənim qolum, bu mən, bu da canım. Apardılar yoxladılar, tər-təmiz çıxdım. Deməli, bu ölkədə kim haqqını tələb edirsə, sözünü deyirsə, o narkomandır?».

Nərimanov rayon Məhkəməsi isə bu hadisəyə görə Afət Əmirlini ictimai asayişi pozmaqda təqsirləndirərək ona 50 manat məbləğində cərimə kəsib.

TORPAĞINI ÖZƏLLƏŞDİRMƏK İSTƏDİ, CANI ƏLDƏN GETDİ

«Bu adamın 6 sot torpağı var, özəlləşdirə bilmir, istəyir sənəd alsın, gedir bələdiyyəyə, bələdiyyədən göndərirlər Bağ İdarəsinə, Bağ İdarəsindən göndərirlər İcra Hakimiyyətinə, İcra Hakimiyyətindən göndərirlər Mənzil Təsərrüfat İdarəsinə. Axırda bezib, gedib İcra Hakimiyyətinin binasının qabağına, deyib başçı ilə görüşmək istəyirəm, buraxmayıblar, deyib özümü öldürüb qanımı tökəcəyəm buralara».

Bunu deyənsə iyulun 21-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin binası qarşısında eyni səbəbdən canına qəsd etdiyi bildirilən şəhərin sakini Nizami Zeynalovun yaxın
Ehsan Zahidov
qohumu Vahid Quliyevdir. Onun sözlərinə görə, «7-8 nəfər polis işçisi onu təpiklərinin altına salıb elə döyüblər ki, meyit vəziyyətində atıblar maşına».

«POLİSLƏR NİZAMİNİ ÖLÜMCÜL DÖYÜBLƏR»

Vahid Quliyev deyir ki, polis işçiləri Nizami Zeynalovu necə möhkəm döyüblərsə, o, xəstəxanalıq olub: «Əməliyyat ediblər, reanimasiyada qaldı, sonra da gətirib palatada çarpayıya qandallayıblar. Cinsiyyət orqanına o qədər vurublar ki, partladıblar».

Mingəçevir Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinin soyadını bildirmək istəməyən Şahin adlı həkimi deyir ki, Nizami Zeynalov xəstəxanaya qarnından bıçaq xəsarəti ilə daxil olub: «Mən onda başqa xəsarətlər görməmişəm, qarnındakı xəsarətə gəlincə, onu xəstəxanaya gətirən polis işçiləri dedilər ki, o, özü özünü vurub».

«ÖZÜ-ÖZÜNÜ VURUB»

Hazırda polis işçilərinin nəzarəti altında Mingəçevir Şəhər Xəstəxanasında müalicə olunan Nizami Zeynalova yaxın qohumları ilə görüşməyə icazə verilmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, Nizami Zeynalovu polis işçiləri döyməyib, o, özü özünə bıçaqla xəsarət yetirib:

«Şəhər İcra Hakimiyyətinin binasına daxil olmaq istəyərkən onu saxlamaq istəyiblər. Polis əməkdaşlarına müqavimət göstərib. Sonra qaçıb evinin həyətində gizlənib. Əməliyyat qrupu məlumat alıb ki, evinin həyətində xuliqanlıq hərəkətlərini davam etdirir, dalınca gediblər. Polis əməkdaşlarını hədələyib ki, mənə yaxın gəlməyin, yoxsa özümü öldürəcəyəm. Polis əməkdaşları onu zərərsizləşdirərkən, bıçaqla öz qarnına xəsarət yetirib».

Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə göndərilən Bakı sakini, 52 yaşlı Sücayət Xəlilova isə iddia edir ki, heç bir ruhi xəstəliyi yoxdur. O, şəxsi mənzilindən qardaşını məhkəmə yolu ilə çıxartmaq istəyərkən məhkəmə qərarı ilə ruhi xəstəxanaya yerləşdirilib:

HANSI MİLLƏTDƏ, HANSI DÖVLƏTDƏ BELƏ ŞEYLƏR VAR

Namizəd Səfərov
«Həm mənim evimdən istifadə edəsən, həm də mən pis adam olum. Özüm də qalım küçələrdə, xəstəxanalarda. Mən bilmirəm, hansı millətdə, hansı dövlətdə belə şeylər var. Bu boyda haqsızlıq ancaq Azərbaycanda ola bilər».

Elə intihara cəhdi baş tutmayan Afət Əmirli də bildirir ki, onu polis bölməsindən buraxarkən deyiblər ki, bir də İcra Hakimiyyətinin binasına yaxın düşsə, onu ruhi xəstəxanaya göndərəcəklər.

Hüquqşünas Namizəd Səfərov deyir ki, vətəndaşların vəzifəli şəxslər, hakimiyyət orqanları tərəfindən qəbul edilməsini nizama salan qanunvericilik aktı var. Cinayət hadisəsindən tutmuş gündəlik problemləri ilə bağlı hər kəsin icra hakimiyyəti başçısı və strukturun digər vəzifəliləri ilə görüşüb dərdini deməyə haqqı çatır. Son 15 ildə isə belə bir tendensiya yaranıb ki, icra strukturları, hakimiyyət orqanları bütün vasitələrdən istifadə edirlər ki, problemi olan insanları qəbul etməsinlər:

QƏBULA DÜŞMƏYƏ CAN ATAN VƏTƏNDAŞI XULİQAN ADI İLƏ YA CƏRİMƏLƏYİRLƏR, YA DA HƏBS EDİRLƏR


«Öz problemi üçün, o problemi həll etməli olan orqanın yanına gəlib qəbula düşə bilməyən vətəndaş da özünə qəsd də edir, başqa qanunsuz hərəkətlərə də yol verir. Vətəndaşı qəbul edib problemlərini həll etmək əvəzinə, qəbula düşməyə can atan vətəndaşı xuliqan adı ilə ya cərimələyirlər, ya da həbs edirlər».

Hüquqşünas bütün hallarda məsləhət görür ki, yerli icra orqanları başçılarının qapılarında canlarına qəsd etməkdənsə, daha real yolu seçsinlər. Bu yol isə sonu Avropa Məhkəməsinə aparıb çıxaran yerli məhkəmə çəkişmələridir.
XS
SM
MD
LG