Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:41

Gəncədə bağı kim salıb: xan, yoxsa sərdar?


Sərdar bağı Gəncənin simvollarından biridir
Sərdar bağı Gəncənin simvollarından biridir
Gəncə bu il 2503 yaşını qeyd etdi. Qədim şəhər uca yamyaşıl çinarları ilə məşhurdur. Gəncənin tarixi ilə bağlı «Çinarlı xiyaban» adlandırılan bağdan çox danışılır. Hazırda bu bağın adı və onu salan şəxsin kimliyi böyük müzakirələrə səbəb olub. Təsadüfü deyil ki, bir çox kitablarda və rəsmi mənbələrdə o, həm Sərdar, həm də Xan bağı kimi göstərilir. Rəsmi qurumlar bağın adının Xan olmasına əsaslar gətirməyə çalışsa da, şəhər ziyalıları bunun tarixi saxtalaşdırma olduğunu deyirlər.

Jurnalist, «Gəncənin tarix yaddaşı» kitabının redaktoru Zakir Murad da deyir ki, bu bağın adı Sərdardır və 1847-ci ildə Rusiya canişininin sərəncamı ilə salınıb. İndi onu Xan bağı adlandırmaq və Cavad Xan tərəfindən salınmasını demək tarixi baxımdan düzgün deyil:

«İndi Xan bağı adlandırılan, əslində isə Sərdar bağı olan bu bağ Gəncənin simvollarından biridir. Təsadüfü deyil ki, bizim böyük şairlərimizdən biri - Əhməd Cavad Gəncə şerində deyir ki,

Bura Şahsevəndi bura bağmandı…
Bura Sərdar Bağı, bura Ozandır...
Görənlər bilənlər sənə heyrandır
Açılsın güllərim Gəncəm, Gəncəm hey.

Sərdar bağı xaricə mühacirət etmiş ictimai-siyasi xadimlərin, Cümhuriyyət qurucularının ürəyində xüsusi yer tutub. Onlar həmişə öz xatirələrində Sərdar bağından, İmamzadədən, Göygöldən yana-yana danışırdılar. «Azərbaycanın istiqlalı qayıtsın biz də qayıdaq, Sərdar bağını bir də görək», - deyə yazanlar da var idi.

«RUSUN SƏRDARININ BAĞI»

Bu bağ qalanın qarşısında qurulub. Qalanın qarşısı – qala düzü boş olur, orda müdafiə qurğuları olur, qalaya gələnlər görünsün deyə. Deyirlər ki, o bağ orda ta qədimdən olub. Bu, düzgün deyil. Bu bağ 1847-ci ildə Qafqaz canişini Vorantsovun xüsusi fərmanı ilə salınıb. Ona görə də camaat bu bağı «rusun sərdarının bağı» adlandırıb. İşğalçının adı ilə bağlı olsa da, biz tarixi adlarımızı qorumalıyıq. Axı o, gəncəlilərin ürəyində Sərdar bağı kimi qalıb. Yaşlı nəsil gedəndən sonra bu ad itə bilər. Bu, tarixi yaddaşın itməsidir».

70 yaşlı Nizami Fərzəliyev cavanlığının ən şirin xatirələrini Sərdar bağında yaşayıb. Nizami dayı bizə ancaq şəkillərdə gördüyümüz bu bağın əvvəlki görkəmini təsvir edir:

«- Rus pulu ilə 10 qəpiyə bilet var idi. Camaat alırdı, gəlib istirahət edirdi. Bu ağacların arasında tor qurmuşdular, yellənirdin, dincələrdin, kitab alıb oxuyurduq. Cavan uşaqlar idi, pulları yox idi… Veteranların şahmat klubu var idi. İndi onlardan alıb çayçı elədilər. İndi də pulnan eyləyiblər. Nə nərd oynaya bilirsən, nə şahmat. Xanın sərdarlarının şərəfinə
düzəlmiş park idi.

- Bilirsiz park kim tərəfindən salınıb?

- O vaxtı Ziyadxan tərəfindən salınıb».

QISA ARAYIŞ

Bağın döşəməsi, elektrik xətləri, fontanları, su təchizatı, səkilər yenilənir
Yazıçı Fərrux Əhməd «Gəncənin tarix yaddaşı» kitabında yazır ki, Sərdar bağı Gəncə qalasının yerində - İçqala ərazisində 1847-ci ildə Rusiya canişini knyaz M.S. Vorontsovun göstərişi ilə salınıb. Bağın adı da elə bu səbəbdən Sərdarın bağı adlanıb. Sovet dövründə bağ Lenin adına Mədəniyyət və İstirahət Parkı adlanıb. Gəncədə o zaman Cənubi Rusiyanın ən gözəl bağı hesab olunan şəhər parkının əsası qoyulmuş, məşhur «Çinarlı xiyaban» salınmışdır. Gəncənin tarixi haqda məlumatlar toplusunda hətta əsl Xan bağının harada olması barədə də məlumat verilir. Bu barədə bizə kitabın redaktoru Zakir Murad danışır:

«Əslində, tarixi Xan bağı Gəncənin başqa yerində olub. Bu barədə arxiv sənədləri var. Xəritələr var. Rus ordusu gələndə, həmin o xan bağı dağılır. Çünki ən qızğın döyüşlərdən biri orda gedib. İndiki «Mahrasa» bağı deyilən yerdə olub. Onun üstündə «Xan arxı» da olub. Görünür, bağ onunla suvarılırmış. Həmin parkda xanın kiçik zooparkı da olub. Ona görə də həmin küçə - indiki Təbriz küçəsi Xan küçəsi adlanır».

«DƏRMANLARDANSA BAĞ YAXŞIDIR»

Deyilənlərə görə, Sərdar bağında əvvəllər 90-a yaxın müxtəlif ağaclar olub. Ürək və asmadan əziyyət çəkən insanlar bağın atmosferi ilə sağalıblar.

Gəncə Elm Mərkəzinin ekoloqu İrşad Abbasov:

«Qabaqlar Sərdar bağı deyirdilər, sonra parkı elədilər Lenin adına, indi də Xan bağı adı qoyublar. Bizim bu bağımız müalicəvi təsir baxımından çox əhəmiyyətli bağdır. Yerli adamlardan söhbət edirdilər, mən də oturmuşdum yanında. Dedilər filankəs gəncəli xəstə idi. Ürəyindən böyük şikayəti var idi. Moskvada böyük xəstəxanada bunu qəbul edib, yoxlayandan sonra həkim soruşub ki, Azərbaycanın harasından gəlirsən? Deyir dedim Kirovabaddan (o vaxtlar Gəncənin adı Kirovabad olub). Həkim deyib orda hərbi hospital var, onun altında park var, vaxtının çox hissəsini orda keçirərsən. Orda yaxşı ağaclar var. Dərmandansa o, yaxşıdır».

Kənd təsərrüfatı elmləri doktoru Zaur Həsənov da deyir ki, Sərdar bağında elə ağaclar var ki, ona dünyanın heç bir yerində rast gəlmək olmur. Bağa həmin vaxt elə Vorontsovun göstərişi ilə Şamaxıda salınmış tinglik təsərrüfatından ağaclar gətirilib.

XAN BAĞI BAŞQA YERDƏ OLUB

Professor da deyir ki, Xan bağı başqa yerdə yerləşib. Xanın bağı dağılandan sonra oradakı əksər ağaclar Sərdar bağına köçürülüb:

«Çox qiymətli ağaclar olub. «İpək yolu»nun üstündəydi deyə, xaricdən qonaq gələndə, vergi kimi, vergi əvəzi bitki istəyirlər. Çox qiymətli ekzotik bitkilər olub orda. Sonradan müharibələr dövründə bağ dağılıb. Qiymətli hissələrini indiki bağa köçürüblər. Bura iynəyarpaqlılar, maqnoliyalar, qaraçöhrə gətirilib. Qafqaz qaraçöhrəsi son vaxtlara - parkın bərpasına qədər dururdu. O qaraçöhrənin qırmızı meyvələri olurdu. Sonrakı dövrlərdə osmantus gətirilib. Ətirli zeytun var idi. Sabun ağacı da olub, hazırda yoxdur. Baxımsızlıq ucbatından bəziləri quruyub... Burda böyük bir cəngəllik şəklində bambuklar olub».

Zaur Həsənov deyir ki Sərdar bağı çox böyük ustalıqla qurulub. Park tam Avropa üslubundadır. Sərdar bağının Xan bağı adlandırılması isə tarixə edilən hörmətsizlikdir:

Sərdar bağı əsaslı təmir olunur
«Sərdar qubernator deməkdir, yəni qubernatorun bağı. O vaxtdan adına Sərdar bağı deyilib. Özü isə Vorontsovun adı ilə bağlıdır. O Xan bağı isə xanlıq dövrlərində salınıb. İndi Cavad xanın adıyla bağlamaq istəyirlər, amma tarixi saxtalaşdırmaq da düzgün çıxmaz... Bunu yaradan insan olub, tarixi faktlar var».

«NİYƏ BİZ RUSİYA İDEOLOGİYASINI DAŞIMALIYIQ?»

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova isə deyir ki, artıq Sərdar bağının əsaslı təmirinə başlanılıb və 2 milyon manat pul ayrılıb. Girəcəyinə böyük bir stenddə Xan Bağı yazılacaq:

«Döşəməsi, elektrik xətləri, fontanları, su təchizatı, səkilər yenilənir. Müasir dizayn veriləcək. Bağın adı da yazılacaq. «Venesiya» deyilən yer, maralların yanı da gözəlləşdiriləcək. Obyektlər gözəl dizaynla tikiləcək. Yaşıllıq gücləndiriləcək. Köhnə ağaclara dəyilməyəcək. Qurumuş ağaclar kəsiləcək».

O ki, qaldı tarixi faktlara Mina Məlikova deyir ki, biz parka öz xanımızın adını qoymalıyıq, nəyinki Rusiya qubernatorunun:

«Mən buna qarşı çıxıram. Sərdar o deməkdir ki, qubernator parkı. Axı sərdardan - qubernatordan qabaq Gəncədə xanlıqlar olub. Biz niyə bunu Sərdar bağı adlandırmalıyıq. Bunu qəsdən belə qoyublar ki, Xan bağını silsinlər. Niyə biz Rusiya ideologiyasını daşımalıyıq?».

Sərdar bağı Azərbaycan musiqisinin ölməz sənətkarlarını qonaq edib. Parkın baş hissəsində Gəncənin ilk Sovet İttifaqı Qəhrəmanlarından olan İsrafil Məmmədovun büstü qoyulub. Elə onun kənarında - Yaşıl Teatrda Bülbül, Rəşid Behbudov kimi sənətkarların səsi ucalıb.

...Gəncənin ağac yaddaşı olan bu bağ ilin bütün fəsillərində gəzişənlərin ürəyində Sərdar bağı kimi yaşasa da, Xan bağı kimi rəsmiləşəcək.
XS
SM
MD
LG