Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:52

«Adam Bakıda 4-5 gün qalandan sonra kiməsə yaltaqlanmaq istəyir»


Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu
«Bakı dost, qardaş ellərdən heç də gözəl görünmür». Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan İstanbul Yedditəpə Universitetinin müəllimi Kamil Vəli Nərimanoğlu söylədi.

ŞƏRQİN ÜMİD QAPISI...

Bakını Şərqin ümid qapılarından biri hesab edən professor onu həm də birləşdirici şəhər kimi görür. «Bakı türk dünyasının mərkəzidir. Həm coğrafi, həm də tarixi mənada. Odur ki, Bakını xilas etmək lazımdır. Bu şəhər istilərdən tıncıxır, boğulur».

BAKI RAHAT ŞƏHƏR DEYİL

Kamil Vəli Nərimanoğlunun fikrincə, ətrafda gedən tikililər, şəhərsalma qaydalarına meydan oxuyan özbaşınalıq Bakının başına elə oyun açıb ki, onu ancaq gecə hamı yatandan sonra gəzmək olur. «Yoxsa tıxaclar, bir-birinin qarşısını kəsən göydələnlər və onların min bir problemi Bakını rahat şəhər etmir».

Bunun günahını son illərin tikinti partlayışında görən professor «tikinti mafiyası yuxarıların qəyyumluğu ilə şəhəri öz zövqünə uyğun şəkildə yenidən salmağa başladı», - deyir.

ŞƏHƏR PLANSIZDIR

Qonağımız Bakını olimpiya stadionlarına bənzətdi. «Burda çoxpilləlik var. Bu pozulursa, dəniz görünmür, şəhərin mənzərəsi dəyişir».

Açıq şəkildə dənizin qırağında hakim ailəyə yaxın adamların otellər, ofislər, ticarət mərkəzləri tikdirdiyini deyən Kamil Vəli bunun üçün şəhərin kənarında kifayət qədər yer olduğuna diqqət çəkdi. «Odur ki, şəhər plansızdır, bir kompleksi xatırlatmır, şəhərsalma mədəniyyəti az hiss olunur».

BAKI GÜNDƏN-GÜNƏ BAHALANAN ŞƏHƏRDİR


Professorun fikrincə, az maaşlı camaatın bu şəhərdə yaşaması möcüzədir. «Bəzi şeylər var ki, özümüzdən gəlir. Əgər dəbdəbəli toy məclisləri ediriksə, bol süfrəli yaslar keçiririksə, bu xalqın adət-ənənəsinə də, şəhərin maddi-sosial vəziyyətinə də uyğun deyil».

Kamil Vəli Nərimanoğlu və aparıcı Sevda İsmayıllı
Bütün bunların insanları darıxdırdığını, kədərləndirdiyini bildirən Kamil Vəli bu dalandan çıxmaq üçün yolların olduğunu da bildirdi.

YOLLAR VAR!

Müsahibimiz Bakının canını paytaxt olmaqdan qurtarmağın vacibliyini bildirdi. «Bütün dünyada paytaxt seçimi var. Nazarbayev gözümüzün qabağında Astananı seçdi».

Paytaxt kimi Gəncə-Yevlax arasını, Dəvəçi-Quba istiqamətini götürməyin mümkünlüyünü vurğulayan Kamil Vəli «inzibati mərkəz paytaxt olar, mədəniyyət, ticarət mərkəzi yenə Bakı olar - İstanbul kimi», - dedi.

ŞƏHƏRİN YÜKÜ AZALAR...

K.V. Nərimanoğlu qaçqın problemini də şəhər kənarında həll etməyin vacibliyini bildirdi. «Bütün bunlar Baklının canını qurtarar».

--Professor eyni yolun ildə bir neçə dəfə sökülüb yenidən düzəldilməsini nə ilə izah etdi?
-- Azərbaycandakı siyasi vəziyyət barədə nələr dedi?
--Ölkədə müxalifətə münasibəti necə dəyərləndirdi?
--Jurnalistlərə və bloqqerlərə qarşı həyata keçirilən həbs qəti imkan tədbirinə münasibətini necə bildirdi?
--«Azərbaycanda alimlərin vəziyyəti olduqca pisdir!»-- fikrini necə əsaslandırdı?
--Çalışdığı universitetdən nələr danışdı?
--Türkiyə təhsil sistemi ilə Azərbaycan təhsil sisteminin müqayisəsi hansının xeyrinə bitdi?
--Dost ellərdən, hətta düşmən ellərdən necə söz açdı?
--Hansı mövzuda danışarkən şahmatdakı kimi atla gediş etməyin vacibliyini vurğuladı?
--Niyə «adam Bakıda 4-5 gün qalandan sonra kimə isə yaltaqlanmaq istəyir», - dedi?
--Və nəhayət, Kamil Vəli Bakıdan getməyinin səbəbini niyə «mənəvi terror» adlandırdı?

«Can Bakı»qarşınızdadır.

XS
SM
MD
LG