Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

“Biz Yazıçılar Birliyi ilə döyüşü udmuşuq”


Seymur Baycan (Foto Turxanındır)
Seymur Baycan (Foto Turxanındır)
“Biz – müstəqillik dövründə qələbə qazanmış yeganə hərəkatıq”. Bunu "Oxu zalı"na Azad Yazarlar Ocağının sədri Seymur Baycan deyir.

“Özü də biz elə bir qeri-bərabər döyüşdən qalib çıxmışıq ki... Dəhşətli dərəcədə. Bizə gülürdülər, həqarətlə baxırdılar.

Hətta bu günün özündə də Azərbaycanda dəyişiklik istəyən adamların bir xeylisi o birliyin tərəfindədi.

Onları tərifləyirlər, bizə isə yuxarıdan aşağı baxırlar ki, “siz kimsiniz”.

Amma bütün bunlara baxmayaraq AYO Yazıçılar Birliyi ilə döyüşü uddu.

Seymur Baycanla AYO-nun son toplantısından sonra söhbətləşirik. Çox nikbindir.

- Siyasi müxalifət bizə vaxtında açıq dəstək versəydi, əgər başa düşsəydilər ki, mədəniyyət müxalifəti də lazımdır və bunlarsız mümkün deyil, biz bu döyüşü 4-5 il əvvəl bitirərdik, daha tez qalib gələrdik.

Sonra başqa sahələrə keçərdik. Dəstək vermədilər, amma biz öz qüvvəmiz hesabına jurnal çıxardıq, hərəmiz öz sahəmizdə tanındıq.

AYO-nun son toplantısı avqustun 11-də bulvarda çay süfrəsi arxasında keçirilib.

Toplantıda birliyə daha 7 yazarın qəbulu məsələsi də müzakirə edilib.

Seymur Baycan deyir ki, onlar elə də tanınmış yazarlar deyillər.

Amma yəqin ki yaxın vaxtlarda onların üzvlüyə qəbulu müsbət həll olunacaq.

- Azərbaycan Yazıçılar Birliyini tənqid edirlər ki, kimi gəldi – qabiliyyəti çatdı-çatmadı - öz sırasına qəbul edir. Sizin birliyə qəbulun meyarı nədir?

Əgər bütün müraciət edənlər üzv qəbul edilirsə, sizdə də eyni vəziyyət yaranmaz ki?


- Bizim vacib olan – AYO-ya üzv olmaq istəyənlərin düşüncə tərzinin, prinsiplərinin bizimlə üst-üstə düşməsidir.

Onların sovet dövründə yaradılan ittifaqları qəbul etməməsidir. AYO-nun Amerika, İran, Rusiyada da üzvləri var.

Ümumilikdə sayımız 40-a yaxındır. Amma bu qədər yazardan təxminən 10 nəfəri aktivdir ki, gündəlik mətbuatda çıxışlar edirlər.

Bu gün bizi söyən adam Yazıçılar Birliyinə gedəndə ona prezident təqaüdü verirlər.

Ona görə hesab edirəm ki, əgər ilin-günün bu vaxtında kimsə gəlib ofisi olmayan, qeydiyyatdan keçməyən, yalnız öz yağında bişən, ancaq öz hesabına ortaya nəsə qoyan insanları tapırsa, biz bunu qiymətləndirməyə bilmərik.

Qaldı ki, Yazıçılar Birliyinə, 1500 nəfəri yığıblar ora. İstədilər ki azaltma aparsınlar, bir az abırlarını qorusunlar. Amma başa düşdülər ki, kimi ordan çıxarsalar gedib qışqır-bağır salacaq, onların əleyhinə danışacaq.

AYO-nun son toplantısı 11 avqust. (Şəkil: "Demokrat" qəzeti)

Yenə köhnə sədrləridir, yenə Fikrət Qocadır, Fikrət Sadıqdır. Təsəvvür edin ki, Yazıçılar Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəri Abbas Abdulladır, amma onun heç e-mail adresi yoxdur.

Bu təşkilat yalnız ondan ötrüdür ki, prezident, yaxud parlament seçkilərində çıxıb desin ki, İlham Əliyevin alternativi yoxdur.

Büdcədən o pul onlara ona görə verilir. Ölü bir təşkilatdır, jurnalları oxunmur.

Yazıçılar Birliyinin 1500 üzvü var, amma təşkilatın sədri Anarın kitabı 500 tirajla çıxır.

Bu fakt hər şeyi deyir, heç öz sədrlərinin kitabını oxumurlar.

- Elan etmisiz ki, sentyabr “Rafiq Tağı ayı” olacaq. Hansısa tədbirlər keçirəcəksizmi?


- Yox, təntənə-filan olmayacaq. Heç doktorun özü də bunu istəmir.

Sadəcə, yəqin ki, bizlərdən kimlərsə onun yubileyi ilə bağlı yazılar yazacaq. Münasibətimiz olan qəzetlərdə çap etdirəcəyik.

Əqidə yoldaşımıza bir diqqət nümayişi olacaq bu. Bir də yəqin alman hesabı ilə adama 10-15 manatdan atışıb bir məclis quracağıq. (gülür - red.)

- Təşkilatın qeydiyyatı nə yerdədi?

- Heç nə. Üç dəfə sənədləri Ədliyyə Nazirliyinə vermişik, geri qaytarıblar.

İndi bizə məsləhət görənlər var ki, məhkəməyə müraciət edək. Amma məncə, bunun üstünə düşmək, ona enerji sərf etmək lazım deyil.

Çünki bununla məşğul olsaq, yaradıcılıq işlərinə az vaxt sərf edə biləcəyik. Biz həm də öz jurnalımızı və almanaxımızı buraxmalıyıq.

Hökumət qeyri-hökumət qurumlarına münasibətini nə vaxt yumşaldacaqsa, yəqin onda bizi də qeydiyyata alacaqlar. Amma qeydiyyatsız da işimiz davam edir.

Düzdür, bizə dövlət tərəfindən düşməncəsinə münasibət var.

O da müəyyən insanların fəaliyyətinin nəticəsidir, gedirlər, yuxarıdakıların qabağına dosyelər qoyurlar ki, bunlar ermənilərə satılıblar, bizim ziyalıları gözdən salırlar, milli dəyərlərimizi təhqir edirlər.

Haqqımızda dövlət orqanlarında yanlış təsəvvür formalaşdırıldığı üçün bizi rəsmi qeydiyyata almırlar.

Həmçinin oxu
Seymur Baycan Qarabağ müharibəsi haqda povest yazıb
XS
SM
MD
LG