Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:20

«Heç bir yazıma görə peşman deyiləm»


Rafiq Tağı
Rafiq Tağı
Heç bir yazıma görə peşman deyiləm. Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında bir vaxtlar «Avropa və biz» məqaləsinə görə həbsdə olan yazar Rafiq Tağı deyib:

«Heç bir yazıma görə peşman deyiləm. Hətta «Avropa və biz» yazısına görə də mən peşman deyiləm. Sadəcə müəyyən məqamlar var ki, məndə templə deyəndə hesab edirəm yanlış alınır. Məsələn mənim heç vaxt Məhəmməd peyğəmbəri təhqir etmək fikrim olmayıb. Orada bir yanlış ifadə var idi. Ondan da insanlar yapışdılar».

Onun haqqında cəmiyyətdə bəzən düzgün təəssüratın olmadığını deyən yazar bundan sonra da yazılarında din və İslam mövzusuna toxunacağını deyib.

«Mən İslama qan tökür demirəm. İslam adı ilə terrorçuluq edənləri mən nəzərdə tuturam».

Yazıçı onu bəzi təhlükələrdən xilas olunması üçün həbs edilməsi məsələsinə də aydınlıq gətirib:

«Dövlətin öz siyasəti var da. Qorumaq üçün. Qorumaq üçünsə bu həbs nə idi? Onda qorumaq üçün 3 il həbs vermirlər ki? Bu təkcə bu yazıya görə deyildi. Mənim başqa yazılarımda var idi ki, orda müəyyən fikirlər var ki, bu yazılara görə məni ilişdirmək istəyirdilər. Bu bir bəhanə oldu».

Rafiq Tağı deyib ki, insanlarda siyasətlə məşğul olanlara inam qalmayıb.

«İnsanlar sadəcə müəyyən siyasətbazlara inamını itirib, inamını itirdiyinə görə artıq bu passiv durumdadır. İnanmır. Nə müxalifətçilərə inanır, nə iqtidardakılara inanır. Çünki onların hər ikisində xalqı aldatmaq motivi olub. Xalq da axı görür hər şeyi».

Yazıçı deyir ki, daxilən azaddır, amma:

«Mən iqtisadi cəhətdən azad deyiləm. Burdan-bura Türkiyəyə getməmişəm. İranı görmədim, bundan sonra da yəqin görməyəcəyəm daha. Orada Ayətullalar mənə ölüm hökmü kəsmişdi. Yəqin hələ də saxlayırlar onu. Türkiyəyə istəyirəm gedəm, amma heç rayona getməyə də mənim imkanım yoxdur».

«Mən zahirən qocalsam da, heç vaxt fikirlərimlə köhnəlmərəm» deyən yazar həbsdə olan jurnalist və bloqqerləri söz dustağı adlandırıb. O, həbsdə olanlar barədə aparılan kampaniyalardan xoşlanmadığını deyib.

«Eynulla haqqında kampaniyalar gedir. Mənim bundan xoşum gəlmir».

XS
SM
MD
LG