Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55

«50 gün elə bil öz qəbrimin içində oldum»


Rəşid Əliyev
Rəşid Əliyev
«İşdən sonra» proqramının qonağı İranda həbsdə olmuş azərbaycanlı alim Rəşid Əliyevdir. Onunla söhbəti təqdim edirik:

- İstərdim əvvələ qayıdaq. Sizin İrana getməmişdən əvvəlki həyatınıza. Niyə getdiniz İrana? Burda yaşamaq necə idi sizin üçün?

SEÇİM QARŞISINDA QALMIŞDIM

- Mən 1987-ci ildən Azərbaycanın istiqlal hərəkatında, yəni azadlıq hərəkatında iştirak etdim. Və o zaman da, Vəzirovun dövründə məni zindana atdılar. Çıxdıqdan sonra ən ağrılı yerimiz olan Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar könüllü olaraq üniversitetdən cəbhəyə yollandım və 7 il yarım xidmət etdim. Ordu sıralarında, döyüşlərdə iştirak etdim və kapitan rütbəsinə qədər yüksəldim. Bölük komandiri idim, sonra isə rabitə rəisi oldum. Müharibə qurtarandan sonra mütəxəssislərin çatışmadığına görə mən orduda bir müddət də qaldım.

45 yaşım tamam olanda qayıtdım öz doğma universitetimə. Lakin o zaman mənim səhhətimdə çox ciddi problemlər var idi. 5 ay mən 5 nömrəli xəstəxanada müalicə olundum. Sonradan universitetə qayıtdım. Mənim həm maddi durumum, həm də mənəvi durumum çox ağır idi. Pul qazanmaq üçün xırda sifarişlər həyata keçirməyə başladım. Bir müddət sonra İrandan dəvət aldım. Onlar mütəxəssis axtarırdılar, gəlib mənim üstümə çıxdılar. Mən seçim qarşısında qalmışdım. Ya gərək xırda fəaliyyətimi davam etdirəydim, universitetdə elə bir şərait yox idi ki, elmi ideyalarımı həyata keçirim. Çünki orada bizim aldığımız maaş simvolik idi. Hardasa 120 manat həndəvərində olardı. Getdim orada fəaliyyətimi başladım. Bir ay sınaq müddəti təyin olunmuşdu. Bir ay ərzində onların problemlərindən bəzilərini uğurlu həll elədim. Və onlar mənimlə kontrakt bağladılar.

- Orada nədən ibarət idi işiniz? Hansı sahədə araşdırmalar edirdiniz?

- Mənim bütün elmi fəaliyyətim eksperimental fizika sahəsində olub. Və bu sahədə instrument kimi lazerdən istifadə edirdim. Onların təmiri ilə də məşğul idim. Vilnüsdə ezamiyyətdə olanda onlarla birgə iş aparırdıq. Orada mənim lazer texnologiyasına aid bir ixtiram da olmuşdu.

- Və sonra birdən-birə nəsə baş verdi və sizi həbs etdilər. Yoxsa bunun baş verəcəyini əvvəlcədən bilirdiniz?

BİLSƏYDİM HEÇ VAXT GETMƏZDİM

- Yox düzünü deyim. Mən İranda işlədiyim müddət belə bir təhlükə olduğunu əvvəl bilsəydim heç vaxt getməzdim ora. İranı sevə-sevə getdim. Birincisi, müsəlman bir ölkədir, ikincisi, bizim tarixi mədəniyyətimiz, keçmişimiz zəncir kimi bir-birinə bağlıdır. Mən Şeyx nəvəsi olmuşam. Anamın atası Şeyx olub. Qumda, Məşhəddə təhsil alıb, 37- ci ildə güllələnib. Anam 13 yaşımda tək qalıb və təbii ki, bunun çox ciddi təsiri olub. Və biz böyüyəndə İran haqqında, atası haqqında xoş sözlər deyirdi. Anamın tərbiyəsi nəticəsində İrana çox böyük məhəbbətlə, sevgi ilə baxardıq. Mənim də sözün doğrusu, mömin insanlara çox böyük hörmətim olub, indi də var. Bunları nəzərə alaraq getdim İrana. Və orada da həmin laboratoriyada mənə çox böyük hörmət, məhəbbət göstərildi. İnsanları çox mehriban və çox tolerant. Bəzən mən onların arasında çox çılğın təbiətli görsənirdim. Bəzən acığıma gəlirdi nəyi isə tənqid edirdim. Amma onlar buna qarşı dözüm və səbr göstərirdilər.

- Yəni sizin əvvəlcədən belə bir ehtimalınız yox idi ki, nə isə həbslə nəticələnə bilər.

- Xeyr. Heç bir problemim yox idi.

- Həbsdən beş dəqiqə əvvələ qayıdaq. Bizə təsvir edin: necə baş verdi bu hadisə?

- Mən laboratoriyada işləyirdim. Dedilər ki, hökumət adamları gəlib, bir balaca problem var, sizinlə görüşmək istəyirlər. Mən də dedim «baş üstə», getdim. Baxdım ki, iki nəfər məmur oturub. Yəni onların məmur olduğunu mən bilmirdim. Mən yuxarı qalxdım ki, paltarımı dəyişəm. Onları çox gözlətməmək üçün bir az sürətlə hərəkət etdim pilləkənlərlə yuxarı, öz otağıma qalxarkən. Baxdım ki, bunlar da həmin templə arxamca gəlirlər. Nə isə ürəyimə onda damdı. Mən paltarımı geyinəndə onlar məni başqa otağa çıxardılar. Onlar hər yeri axtarmağa başladılar. Hətta mənim orada musiqi mərkəzim var idi. Orada dalğalara qədər yoxladılar. Mən axşamlar həmişə Radio Farda deyirlər onlar, fars dilində yayımlanan bir kanaldır, o kanalda həm musiqiyə qulaq asırdım, həm də orada Azərbaycan dilində Təbrizdən verilişlər verilirdi. Görürdüm ki, bu müxalifət bir kanaldır. Aradabir uşaqlara deyirdim ki, Radio Farda çox yaxşı musiqi verir, baxırdım ki, onlar çəkinirlər. Sonradan mən özüm bir neçə dəfə qulaq asandan sonra bilmişdim ki, bu müxalifətdə olan bir kanaldır. İran demokratik prosesində aktiv fəaliyyət göstərən bir kanaldır.

- Maraqlıdır, normal dalğalarla tutmaq olur Radio Farda-nı?

- Hə orta dalğalarda çox güclü siqnal gəlirdi. Axşamlar və səhər-səhər yaxşı eşidilir.

- Maraqlıdır. AzadlıqRadiosuna normal dalğalarda, orta dalğada, FM-də qulaq asmaq mümkün deyil, qadağan olunub. Amma İranda hələ belə çıxır ki AzadlıqRadiosunun bir hissəsi Radio Farda-ya qulaq asmaq olur.


ONLAR DA TƏDBİRLƏR GÖRÜRLƏR

- Onlar da tədbirlər görürlər. Mən görürdüm ki, boğurlar. Amma demək olar ki, buna qulaq asmaq orada qadağandır. Ola bilsin radio dalğaların yayımlanmasını bir fizik kimi mən bilirəm. Hər nöqtədə onu boğmaq olmur. Yəni hər yerdə onu boğmaq imkansızdır. Çünki həqiqətən siqnal çox güclüdür və onu boğanda da siqnal yenə gəlib çatır.

- Nə tapdılar sizin ofisdən axtarış aparanda?

- Hər şeyi eşdilər baxdılar. Mən o zaman qulaq asmırdım, sadəcə dalğanın üstündə dururdu. Mən o zaman laboratoriya idim. Nəyisə götürdülər. Baxdılar ki, onların içərisində heç nə yoxdur. Çünki istintaq zamanı o kağızları mənə göstərib izahat istəyirdilər ki, bu rəqəmlər nədir? Dedim, bu mənim adi işimə aid hesablamalardır. Vəssalam.

- Yəqin sonradan sizin əleyhinizə hansı iradları olduğunu açıqlamış olarlar.

- Onlar pərvəndə deyirlər – cinayət işinə. O cinayət işi ki, onlar yazmışdılar orada ciddi heç nə yox idi. Yəni bütün ittihamları mən darmadağın edirdim. Məni vəkil tutmağa qoymurdular. Mən vəkil üzü görmədim. Mən sonradan başa düşdüm niyə qoymurlar vəkil tutmağa. Çünki istənilən adam onların yazdığı dastanı oxusa, beş dəqiqəyə aydın olacaqdı ki, bu qondarma bir ittihamdır. Bunların hansısa bir başqa məqsədləri var. Amma bunu da deyim ki, mən orada 2 il zindanda oldum, özüm təhlil edirdim ki, nə səbəbdəndir bunlar.

BAŞA DÜŞMÜŞDÜM Kİ, MƏNİ SADƏCƏ GİROV GÖTÜRÜBLƏR

Əvvəllər mənə təkliflər olurdu, hətta müstəntiq də mənə deyirdi ki, sən burda yaşamaq istəyirsənmi? Gəl bura, ailəni də köçürək bura. Vətəndaşlıq da verək, sən burda işlə qal. Şirkətin rəisi də bu təklifləri mənə etmişdi bir neçə dəfə. Lakin mən buna nə hə deyirdim, nə yox. Deyirdim düşünərəm. Düşünərəm sözü bizdə normal qəbul olunur. Orada isə şübhə doğurur. Təbii ki, mən orada səhvə yol verdim. Gərək qalmaq istəmirdimsə, qayıdaydım, ora getməyəydim. Ondan sonra başqa variantda məndən istifadə etmək fikrinə düşdülər. Bu, mənim ehtimalımdır. Burada da onların adamlarının problemləri-zadı olur, sadəcə olaraq dəyişmək fikri ilə. Mən başa düşmüşdüm ki, məni sadəcə girov götürüblər. Çünki adi bazar söhbəti olurdu şirkətdə. Təbii ki, uşaqlar bir şey danışırdılar, mən öz fikrimi danışırdım. Onlara çatdırmışdılar. Xaricilər işləyən yerdə həmişə bunlar öz adamlarını qoyurlar nəzarətə. Çünki orada erməni də olmuşdu məndən əvvəl, rus da vardı, gürcü də vardı. Onlar başqa sahədə çalışırdılar. Mən belə düşünürəm ki, orada bunların gözləri həmişə olub, qulaqları da olub. Və bunlar çatdırırlarmış mənim söz söhbətimi. Bəzən mən doğrusu çox emosional çıxışlar edirdim. Deyirdim ki, siz acsız, ona görə başınız yaxşı işləmir. Belə zarafatyana sözlərim olmuşdu. Bu cür söhbətlərə kimi hamısını çatdırmışdılar. Lakin bu bazar söhbətindən cinayət işi düzəltmək gülməli idi. Mən doğrusu çoxunu heç boynuma almırdım.

- Dediniz ki, sizi girov saxlayırdılar ki, burdakı iranlılarla dəyişmək üçün. Siz təhvil verildiyiniz ərəfədə 12, bəzi mənbələrdə isə 14 nəfərin təhvil verildiyini yaydı media. Yəni bu həmin əməliyyatın bir hissəsi ola bilərdimi?

- Mənim əlimdə rəsmi məlumat yoxdur ki, səni neçəyə dəyişdik, belə elədik. Dövlət adamları ilə mənim əlaqəm yoxdur. Bu işi onlar apara bilərdilər. Və mən onu deyə bilmərəm. Amma bizim dövlət tərəfindən, həm iqtidar, həm müxalifət, həm bütün ziyalılar tərəfindən mənə çox böyük kömək oldu. Mən onlara minnətdarlığımı bildirirəm. Hər kəs öz bacardığını etdi. Həqiqətən mediada, qəzetlərdə, televiziyalarda mənim haqqımda bu iki il ərzində xeyli verilişlər gedib. Mən hələ evdəkilərə hamısını oxuyub qurtara bilməmişəm, maraqlıdır mənim üçün. Kimin mənim dostum olduğu burda üzə çıxdı.

- Amma siz bir müddət həbsdə qaldız, sonra bu məlumatlar gəldi. Niyə belə oldu? Əvvəlcədən qərar belə idi ki, heç kimə məlumat verilməsin, yoxsa heç yaxınlarınızın da xəbəri yox idi?


- Bilirsiniz mən 50 gün İmperadi deyilən bir şeydir - təkadamlıq kamerada, elə bil öz qəbrimin işində oldum. Çox ağır bir şəraitdə, psixoloji durum işgəncə kimi bir şərait idi. 3 ay məni heç hara zəng etməyə qoymadılar, mən heç kimi görmədim. Və hətta burda mənim bacım İran səfirliyinə gedib etirazını bildirəndə, ona deyiblər ki, sevinin ki, o sağdır.

- Amma onlar bilirdilər ki, siz həbsdəsiniz.

GUYA MƏNƏ HÖRMƏT EDİBLƏR Kİ, MƏNİ ÖLDÜRMƏYİBLƏR

- Yəni artıq məlum olandan sonra. Üç aydan sonra. Guya mənə hörmət ediblər ki, məni öldürməyiblər. Bu cür münasibət, özü də mənim bacıma belə demək onlara işgəncədir. Çünki onlar, yazıqlar bu birinci ildə böyük stress keçiriblər. Yoldaşım, uşağım, 85 yaşımda anam göz yaşları töküb. Anam savadlı adamdır. Nə qədər yazsa da cavab olmurdu. Baxmayaraq ki, əziyyət çəkmişəm amma İranda mənə hörmət edən adamlar da olub. Mən bir qeydi deyim. Mənim möhkəm başım ağrıyırdı. Oradakı həkimlər mənə çox qayğı göstərirdilər.

Bir dəfə Təbrizdən olan həkimə - adını bilmirdim, deməzdi, ona görə heç soruşmurdum, ona dedim ki, mən burda cəhənnəm əzabı çəkirəm. Mən ona dedim ki, kifayət qədər yaşım var, ölüm-itim görmüş adamam, bu əzab mənə ölümdən betərdir. Mən öz qanımı sənə halal bilirəm, mənə bir dərman ver, mənim də canım qurtarsın, denən öldü. O cavan oğlan idi, olardı 30-35 yaşlarında. Gözündən yaş töküldü. Dedi inanın mən sizin halınıza rövşənəm. Yəni yanıram. Sonradan o müstəntiqə də demişdi ki, axı bunun günahı yoxdur. Mən tələb edirdim ki, məni hökmsüz niyə saxlayırsınız? Mənə açıq məhkəmə keçirin. Vəkil tutun, şahidlər gəlsin. Və həqiqəti üzə çıxaraq. Niyə bundan yayınırsınız? Niyə belə edirsiniz? Axı biz insanıq belə olmaz. Özü də mən sizə heç bir pislik eləməmişəm. Bir ştrixi də deyim. Ofuser nigahban deyirlər onlar, yəni nadzor. Gördüm onun qəşəng bir papağı var. Düşündüm ki, mənim elə bir papağım olsa, başıma soyuq dəyib ağrımaz. Dedim ki, sənə pul verim, o papaqdan birini də mənə al. O dərhal papağı başından çıxardı. Dedi ki, bu səninkidir, təzəcə almışam. Mən özümə sonra alaram. Nə qədər təkid etdim ki, pulunu götür götürmədi. Yəni insan adamlar hər yerdə var.

- Yəni insani münasibəti həbsxananın içində də görmək mümkündür.

- Bəli. Həqiqətən insanların özündən asılıdır. Lakin elə adamlar var idi ki, inandırım səni, sir-sifətinə baxanda cəllada bənzəyirdi. İnsan qiyafəsində şeytan. Hər cür simalar mən gördüm. Lakin bununla bərabər həqiqi insani münasibətləri, keyfiyyətləri totalitar rejimdə də müşahidə etdim.

- Həm də həbsxana siyasi baxımdan maraqlı təcrübələrin qazanıldığı yerdir. Siz siyasi məhbusların saxlanıldığı yerdə saxlanılırdınız?

- Bəli. Ora deyirdilər Əleyhi-əmniyyət.

- Yəni dövlət təhlükəsizliyi əleyhinə cinayət törətmişlər üçün yer. Siz kimləri gördünüz orda? Nə cür insanlar olur orada? Yəni hansı tip insanlar olur orda? Kimləri siyasi məhbus kimi həbs edirlər?

ORDA HƏR CÜR ADAM VAR İDİ

- Əvvəl mən qarışıq yerdəydim. Mənim bir neçə dəfə yerimi dəyişdilər. Orada həm iqtisadi cinayət törətmiş adamlar var idi, həm də siyasilər. Sonradan artıq siyasiləri ayırıb bir yerə yığdılar 350-yə. Sisado pəncah deyilən yerə. Mən orada da deyirdim ki, bu zindan deyil, bu siyasi akademiyadır, universitetdir. Cavanlara deyirdim ki, siz burda vaxtınızı boş itirməyin üzərinizdə işləyin və bu imtahanı düzgün versəniz, həyatda çox uğurlar qazanarsınız. Bu imtahanı yaxşı verə bilməsəniz, bu zindana yenə düşə bilərsiniz.

Onun spektri çox geniş idi. Burda Əl-Qaida var idi, bejakçilar var idi, liberal demokratlar, islahatçılar, reformistlər. Burada Azərbaycan millətçiləri var idi. Casus ittihamı ilə Türkmənistandan var idi. Əfqanıstandan var idi, Qırğızıstandan da var idi, Hollandiyadan var idi. Almaniyadan var idi. Onlar iranlı idilər, amma uzun müddət orada yaşayan adamlar idi. Şahın zabitlərindən olan adamlar idi, sonradan onlar yaşlandıqca düşünüblər ki, daha qocalırıq gələk vətənimizə, bunlar da məktub yazıblar ki, sənin heç bir günahın yoxdur qayıt. Qayıdanda da onları həbs edib casus ittihamı ilə zindana atıblar. Elmlər doktorları, universitet işçiləri, hətta universitet rektoru da var idi. Çox idi. Tələbələrdən tutmuş müxalifətin bütün spektri. Liberal demokratlardan tutmuş radikal-terrorçulara qədər. Şirazda o partlayışları törətmiş adamlar var idi. Hər cür adam var idi. Və onların dünyagörüşü çox maraqlı idi. Həm də günümüzü zindanda keçirmək üçün mən onlarla ünsiyyətdə olurdum. Onların dünyagörüşünü və İranda gedən prosesləri başa düşmək istəyirdim. Çünki bizim üçün bu çox vacibdir. Bilməliyik ki, islamçılıq hakimiyyətə gələndə nələr baş verir. Ona görə yox ki, bu ideya səhvdir. Mən hesab edirəm ki, inkişafın iki qanadı var. Bir qanadı materializmdir, bir qanadı da idealizm. Bunun arasında tarazlıq olanda bu quş uçur.

- Bir şey diqqətimi çəkdi. Məhbuslar arasında siz dediyiniz kimi çox radikal təşkilatlardan – deyək ki, bejak kimi hərbi üsulları istisna etməyən təşkilatlardan tutmuş mədəni mübarizəyə üstünlük verən təşkilatlara qədər, sadəcə öz haqlarını tələb edən və yaxud, siyasi alternativ təklif edənlərə, deyək ki, islahatçılara qədər müxtəlif spektr var. Bunların hamısının, radikallıq dərəcəsi müxtəlif olan adamların bir yerdə olması diqqətimi çəkdi. Münasibət necə fərqlənir onlara qarşı?

- Bejak təşkilatı radikal terrorçu təşkilatı deyil. Orada onların hərəkətlərindən bu məlum idi. PKK əvvəllər olub terrorçu təşkilat, onlar da bu yoldan əl çəkiblər. Lakin bejak sırf demokratik müstəvidə fəaliyyət aparan bir təşkilatdır. Onun ola bilsin ümumi ana xətti ilə barışmayan adamlar var ki, terrora əl atırlar və yaxud silahlı mübarizəyə üstünlük verirlər. Bu terror damğası elədir ki, radikal fikir söyləyənlərə terrorçu damğası vururlar. Orada elədir. Kimi müxalifət sözü dedi, onu terrorçu bilirlər. Kimi məsələn BBC-yə intervyu verdi, onu casusluqda ittiham edirlər. Çünki BBC-ni onlar casus şəbəkəsi kimi tanıyırlar.

- Azərbaycan millətçilərini nədə günahlandırırlar?

- Orada bir tendensiya var. Tendensiya ondan ibarətdir ki, çalışırlar siyasi ittihamları vurmayalar, ya casus ittihamı vururlar, ya deyirlər ki, sən Allahın əleyhinəsən, ya deyirlər ki əleyhi-nizam yəni sistemimizin əleyhinəsən. Və bunun hamısı siyasi ittihamlardır. Almaya armud desən, alma armud olmaz. Təbii ki, öz mahiyyətində qalır. Belə şeylər çoxdur. Türkiyəyə casusluq, Azərbaycana casusluq - belə ittihamlar Azərbaycan övladlarına vururlar. Təəssüflər olsun ki.

- Zindanda məşhurlardan kimləri gördünüz? Məsələn, jurnalist Səid Mətinpur həbsdədir orada. Onunla görüşünüz oldumu? Vəziyyəti necədir?

SƏİD MƏTİNPURLA BƏRABƏR ÇÖRƏK YEYİRDİK

- Bərabər çörək yeyirdik. Çox yaxşı yeməklər bişirirdi. Cavan oğlandır 33 yaşında. Sonra orada var idi Hüseyn Hüseyni. Tələbə idi. 23 yaşında. Abdulla Cavanı mən epizodik görmüşəm. O, o biri kamerada qalırdı. Çox idilər. Bəzilərini bilmirəm azad olublar ya yox, Səid ordadır indi. Mən çıxanda onunla xudahafizləşdim. Çox kövrəldi və sevindi ki, mən azad oldum. Ümumiyyətlə, orada mənim azadlığım haqda deyiləndə bütün siyasi məhbuslar ayağa qalxdı və əl çalmağa başladılar və məni yola saldılar. Mənim də onlar qarşısında bir mənəvi borcum var ki, İran hökumətindən xahiş edirəm onlara rəhm etsin.

O cavanlar, o gənclər, o tələbələr İranın gələcəyində böyük rol oynayacaqlar və indi də oynayırlar. Onlar İranın zəka potensialıdır və İranı qabağa aparan bir insanlardır. Onlara rəhm etsin, onları incitməsin, tibbi yardım göstərsin, onların yeməklərini, qaldığı yerləri və başqa problemləri həll etsinlər. Bu qarşıdurmadan bir şey çıxmaz, qoy barışsınlar. Təkamül prosesinin qarşısını almaq qeyri-mümkündür. O ideologiyanın içərisində cahil sözlər çoxdur. Buna da camaat çox etiraz edir. Tehranda olan hadisələr mənim gözümün qarşısındadır. Həm televiziyada işıqlandırırdılar, həm də zindandan pəncərələri açıb onu görürdük. Həbs olunanların valideynləri və başqa demokratlar gəlib zindanı əhatəyə alıb, «Azadlıq!» qışqırırdılar və biz bunu eşidirdik orada. Elə bir şərait yaranmışdı ki, içəridə elə bilirdik ki, onlar bizi azad edə biləcəklər. Yəni çox ciddi qarşıdurma var idi. İndi də artıq o içəriyə sıxılıb. Sıxılmış «purjin» kimidir. Farslar buna fanar deyirlər. Sıxılmış yay. Cəmiyyətdə çox böyük gərginlik var. Elə demək olar ki, siyasi, iqtisadi və ideoloji böhran içində yaşayırlar. Qiymətlər çox qalxıb. Məsələn, bir kilo ətin qiyməti 22 dollar olub. Zindanın içərisində olan dükanlarda da hər şey bahalaşıb. Çoxunun gücü çatmır almağa. Lakin orada imkanlı adamlar olur. Məsələn, Şəhram Cəzari öz hesabına zindandakılara ət, plov bişirdib paylayır.

- O kimdir ki?

- O bir milyonçudur. İndi zindandadır.

- O niyə oradadır?

- Onun iqtisadi cinayətləri olub. Qulabərdari deyilən onlarda bir cinayət var. Qulabərdari- yəni fırıldaqçı. Amma böyük bir milyonçudur. Həqiqətən də zindanın təmirində, kitabxanasında, hər şeyində iştirak edirdi. Elə olurdu ki, bəzən 100 min, 200 min dollar xərcləyirdi zindanilərə. Xeyriyyə işi ilə məşğul olan adamdır.

- Hamının yoxsa siyasilərin?

- Hamının. Orada 10 min adam qalır. Mən onu görmüşəm, amma yaxınlaşıb tanışlıq etməmişəm.

- Dinləyici yazır: Rəşid müəllimin həbsxanada şərait necə idi? Oradakı yerli azərbaycanlılar özlərini azərbaycanlı hesab edirlər yoxsa assimilyasiya olunublar? Sizə münasibətləri necə idi?


AZƏRBAYCAN İRANDAN BİR CƏNNƏT GÖRSƏNİR

- Bir şeyi yadıma saldı. Azərbaycan öz istiqlaliyyətini elan edəndən sonra və Avropa yolunu tutandan sonra Azərbaycan İrandan bir cənnət görsənir. Həm orda olan azərbaycanlılara, həm də farslara. Çünki bizdə müxalifət azaddır. Onun özünün qəzetləri var. Azad gedib dükandan günün günorta çağı pivə alıb içmək olar. Burda məcburi çadra yoxdur. Burda edam hökmü yoxdur. Burda tikinti gedir, yollar çəkilir. Oradan bu bir cənnət kimi görsənir. Məsələn, Avropanı onlar bilirlər. Amma Avropanı ögey sanırlar.

- Yəqin təəccüblənirdilər ki, siz belə bir ölkəni qoyub gedib İranda işləyirdiniz?

- Təəccüblənirdilər. Deyirdilər sən bu cəhənnəmə niyə gəlmisən? Mən dedim ki, bilmirdim belədir. Mən 10 ildə şirkətdə işləsəydim İranın daxilində olan gərginliyi, siyasi problemləri heç vaxt bilməzdim. Mənim özümün texnoloji problemlərim var idi. Yəni mənim iş fəaliyyətim tamamilə başqa müstəvidə idi.

- Bəs siz Azərbaycandakı şəraiti anladırdınızmı onlara? Yəni bütün bunlarla yanaşı başqa tərəflər də var. Elə deyək ki, sizin iş tapa bilməməyiniz reallığı.

- Mən təbii ki, onların yanında tam, açıq şəkildə öz dövlətim haqqında danışmaqdan ehtiyyat edirdim. Həqiqətən bizim dövlət onların dövləti ilə müqayisədə…mən onlara deyirdim ki, siz 200 il geri qalıbsınız. Çünki biz çoxdan mizlərdə, yəni stolda oturub, çörək yeyirik, siz hələ də yerdə oturub çörək yeyirsiniz. Onlarla bəzən belə zarafatyana söhbətlər edirdim. Mən deyirdim ki, bizdə də belə problemlər var. Onlar deyirdilər ki, sizin yolunuz düzdür. Düz yoldasınız. Bunlar hamısı keçid dövrünün xəstəlikləridir. Onlar aradan götürüləcək. Buna səbr etmək lazımdır. Bizim rəhbərin orada böyük hörməti var. Mən həqiqətən mərhum rəhbər Heydər Əliyevin Azərbaycan dövlətinin yaranmasında böyük rolu olduğunu axıra kimi orada dərk etdim. Burda olan zaman həqiqətən bizim daxili problemlərimiz gözümüzə daha qabarıq şəkildə görünür. Kənardan baxanda, uzaqdan yaxşı görünür ki, «minus»larımız nə qədərdir, «plyus»larımız nə qədərdir. Bizim «plyus»lar həqiqətən çoxdur, «minus»lar da inşallah yavaş-yavaş həll olunacaq.

- Yəni İrandan Azərbaycan daha cazibədar görünür?

- Çox gözəl görünür, çox. Həddindən artıq. Ona görə Novruz bayramında hamı can atır bura gəlib, beş gün, üç gün burda qalsınlar. Keçən Novruz bayramında mən burda yox idim, zindandaydım. Qohum-əqrəba deyir ki, hamı burdaydı, bulvarda. Orada adicə televizorda konsert olmur. Bizdə konsert bolluğu həddindən artıq çoxdur.

- Dinləyici yazır: Orada həbsxanada saxlanma şəraiti necədir? Dustaqlar arasında hansı münasibət mövcud idi? Keçmiş məhbuslar oradakı işgəncələr barədə danışırlar. «Evin» həbsxanası xüsusilə beynəlxalq media yazır ki, işgəncələrlə məşhurdur.

MƏNİM RUHUMU SINDIRMAĞA ÇALIŞIRDILAR

- Mənə qarşı fiziki işgəncə olmayıb. Ancaq psixoloji olub. Mən sizə deyim ki, insanın ruhunu sındırmağa çalışmaq bəlkə də vurmaqdan daha ağırdır. Çünki mənə qarşı məsələn, fiziki işgəncə cəhdi olsaydı, mən bir döyüşçü kimi, zabit kimi, son döyüşümə qalxardım. Ölüm-dirim savaşına. Onun üçün də bunlardan ehtiyyat edirdilər. Lakin mənim ruhumu sındırmağa çalışırdılar.

- Necə edirdilər bunu?

- Sadəcə olaraq məhkəmə etmirdilər. Vəkil qoymurdular. Qeyri-məlum şəraitdə mən bir il dörd ay qaldım. Mənim məhkəməm bir il dörd aydan sonra olub. Halbuki, İran qanunlarına görə, bir aydan çox hökmsüz saxlamaq olmaz. İkinci də, qaldığım yer elə idi ki, xüsusilə də 50 gün tək qaldığım yer qaranlıq. Gün görmür insan. Saqqal tökülür dümağ sinənə. Üzünü də qırxmağa imkan vermirdilər. İnsan özünü tam müdafiəsiz hiss edir.

- Nə hiss edirdiniz onda? İzah edin. Təsvir edin.


- Məlum şərait insanı məcbur edir ən pis nəticəyə də hazırlaşmağa. Adamı orada 2-3 dəqiqəyə edam etmək mümkündür. Qiyabi hökm verib edam edə bilərlər. Zindanda mənə dedilər ki, sənin şansın gətirib səninlə belə rəftar edirlər. İşgəncələri başqasının üstündə mən gördüm. Məsələn, çox məşhur bir adamla mən bir yerdə qalırdım, Doktor Həkimi deyirdilər ona. Çox savadlı adam idi. Kantı, Hegeli ingilis dilindən fars dilinə çevirən bir adam idi. Fəhlə hərəkatının lideri kimi o ittiham almışdı. Yəni o bir az sosialist meylli adam idi. Mən o vaxt fars dilində fikirlərimi tam başa sala bilmirdim. İngilis dilində çalışırdım onunla danışmağa. Və görürdüm ki, o istintaqdan qayıdanda ora-burası qıpqırmızıdır, vurublar. O məmurlara özümü borc bilirəm ki, deyim ki, belə iyrənc hərəkətlərə əl atmasınlar. Özlərini düşünmürlər heç olmasa övladlarını düşünsünlər.

- AzadlıqRadiosunun veb səhifəsində «Təbriz ekspress»in oxucularını yəqin ki, Səid Mətinpurun, Abdulla Abbasi Cavanın və digər azərbaycanlı siyasi məhbusların saxlanma şəraiti və onlara qarşı hansı rəftarın göstərilməsi maraqlandırır.


HƏBSXANADA YEMƏK ÇOX KEYFİYYƏTLİ İDİ

- Ən böyük işgəncə insanın hüquqi xidməti olmamağıdır. Onlar mənə deyirdilər ki, niyə etiraz edirsən, biz sənə burda lülə-kabab veririk, plov veririk. Həqiqətən belə idi. Orada yemək çox keyfiyyətli idi. Restoran yeməyi idi.

- Yəni 209-cu korpusda. Bu siyasilərin saxlandığı korpusdur?


- Hə. Təhlükəsizlik sisteminin istintaq şöbəsidir. Deyirdim məni buraxın, bu lülə-kababı zadı özüm sizə verərəm. Əsas hüquqi xidmət lazımdır. O deyirdi biz sizə xidmət edirik. Həkim istəyirsiniz, həkim aparırıq. Yemək, hamam, filan. Bizimkiləri orada bir şəraitdə saxlayırlar başına oyun açırlar. Mən də deyirdim ki, bunun mənə dəxli yoxdur, mənim bundan heç xəbərim yoxdur. Mən bilmirəm ki, sizin burda tutulanlarla necə davranırlar. Ordakı insanların əsas problemi məhkəmə sisteminin bərbad olmağıdır. Çox əzab verir. Yazırsan cavab vermirlər.

Dünyada bu nonsens olan bir şeydir. Vəkil tutmağa icazə vermirlər. Və yaxud bunu ləngidirlər. Bir dənə məktub Tehrandan Tehrana bir aya gedir. Cavabı da heç olmaya bilir. İnsanlar qalıblar talenin ümidinə. Əsas problem bundadır. Əsas problem odur ki, məhkəmələr sifarişlə işləyir. Rüşvətxorluq da çoxdur. Onu da mən müşahidə etdim. Heç kim demir ki, məsələn, mən günahsızam və ya günahkaram. Hamı ədalətli məhkəmə istəyir. Ədalət olmayan yerdə artıq o lülə kababdır nədir bunların əhəmiyyəti itir. Çünki mənə qida yox, hüququmu müdafiə etmək lazımdır. Mən orada 2 dəfə hər biri beş gün olmaqla aclıq aksiyası keçirdim ki, məni hakimlə görüşdürələr. Mən nail oldum ona. Lakin onda da aldadıb bu məsələni uzatdılar.

- Mətinpurun vəziyyəti barədə yenə soruşmaq istəyirəm. Onun ruhi vəziyyəti, azadlığa ümidi ilə bağlı vəziyyəti necədir?

- Səid Mətinpur həqiqətən mətindir və mətanətli bir insandır. İradəsi də çox möhkəmdir. Lakin sağlamlığında problemlər var. O heç vaxt mənə demirdi. Bu işgəncə ilə əlaqədar. Amma ciddi müalicəyə ehtiyacı var. Onurğa sütununda ağrı var. Ayaq üstə uzun müddət dura bilmir. Bu problem var.

- Dinləyici yazır: Rəşid müəllim, bu hadisədən sonra azərbaycanlılara İrana gedib çalışmağı məsləhət görərdinizmi? Hər halda hər kəsin sizinki kimi duruma düşmək riski böyükdür.


MƏSLƏHƏT GÖRMÜRƏM Kİ, KİMSƏ İRANA GETSİN

- Tamamilə razıyam. Mənə bir neçə hadisələr məlumdur ki, orada adi bir ticarətlə məşğul olan adamlar 3-5 il işləyiblər. Sonra nə qazanıblar hamısı əllərindən gedib. Özlərini də zindana atıblar. Və orada başqa zindandan gələn adamlar deyirdilər ki, hansı zindanda Azərbaycan Respublikasından gələn adamlar var. Və həqiqətən orada ümumiyyətlə hüquq sistemi kifayət qədər mükəmməl olmayan ölkəyə gedib, orada alver edib, beş manat, üç manat pul qazanmaq çox böyük riskdir.

Məsləhət görmürəm ki, kimsə getsin. İrana getməmişdən əvvəl yüz ölçüb, bir biçin. Risk çox böyükdür. Biznes aləmində orada bir xaos mövcuddur. Qüləbərdari - fırıldaqçılıq geniş yayılıb. Mən həbsxanada olanda gördüm ki, bunun nə qədər geniş formaları var. Məsələn, mən yaxşı pul qazanıramsa, orada gec-tez bir məmur gəlib deyir ki, gəl səninlə şərik olaq. Bir müddətdən sonra atdırır onu zindana. Nəyi var keçirir əlinə. Onun üçün də iranlılar İrana sərmayə buraxmaqdan yavaş-yavaş geriyə çəkilirlər. Böyük pulları çıxarırlar xarici dövlətlərdə iş açmağa.

- Keçmiş döyüşçü-alimə xaricdə həbsdə olarkən Azərbaycan Respublikası tərəfindən hansısa köməklik edilibmi?

- Mən orda daimi Azərbaycan dövlətinin, ictimaiyyətinin nəfəsini hiss edirdim. Burda məni tanıyan adamlardan müdafiə komitəsi yaranmışdı. Başda Sultanhəmid Məlikov olmaqla. Orada da səfirlikdən mənə hər cür mənəvi, maddi yardım göstərilirdi. Hardasa da bir ildən sonra. Yəni bir il zindanda qaldıqdan sonra səfirlik çox aktiv fəaliyyətə keçdi. Keçmiş səfir dəyişəndən sonra. Təzə səfir gələndən sonra çox ciddi maraqlandı.

- Səfirliyin məlumatı var idi ki, siz ordasınız və yardım yox idi?

- Əvvəl yardım yox idi. Sonradan, bir il keçəndən sonra, səfir dəyişəndən sonra ciddi yardım olundu.

- Və yəqin ki, bir il orada yardımsız qalmağınız hansısa bir təəssürat buraxıb.

- Mən o bir ili də yardımsız deyildim. Məni sevənlərin canı sağ olsun. Mən heç vaxt orda çörəksiz-susuz qalmadım. Mənə o pulu onlar çatdırırdılar. İçəridə dükan var idi. Mən istədiyimi yeyirdim. Birinci zindanda o altı ay qida çox yaxşı idi. Sonradan isə bir il yarım elə yemək idi ki, itə versən yeməzdi.

- Dinləyici yazır: Həyatınızın iki ili boşuna həbsxanada keçib. Bunun haqqını nə vaxtsa sizi həbs etdirənlərə bağışlayacaqsınızmı? Və İrana nə vaxtsa bir daha getmək ehtimalınız varmı?


ŞİRKƏTİN RƏİSİNİ MƏHKƏMƏYƏ VERMƏYƏ HAZIRLAŞIRAM

- Mən həmin şirkətin rəisini məhkəməyə verməyə hazırlaşıram. Bir az özümə gəlim sonra. Səhhətimdə problemlər var. Buna həkimlər zindan sindromu deyirlər. Mən kifayət qədər obyektiv adamam. Öz durumumu düzgün qiymətləndirirəm. Daxilən bir narahatlıq var. Bir də orada başağrısı tapdım. İndi yəqin yavaş-yavaş nə isə gedər, nə isə qalar. Nə qalar həkimlərin köməyi ilə yəqin müalicə olunaram. Məhkəməyə vermək həqiqətən lazımdır ki, bu dövlətin nüfuzuna da xidmət edər ki, bizim azərbaycanlılar ora gedəndə ehtiyyatlı olsunlar. Yəni müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi bizim hüquqlarımız orda müdafiə olunur. Bu, əyani sübutdur. Həqiqətən mənimlə çox hesablaşırdılar. Çünki mətbuatda qalxan səs-küy Azərbaycan dövlətinin qüdrətinin sübutuydu.

- Qayıtdıqdan sonra Azərbaycan xüsusi xidmət orqanlarının hansısa bir diqqət sferasına düşmüsünüzmü? Onlar sizə yaxınlaşıblarmı, hansısa sorğu-sual olubmu?

- Ciddi bir şey olmayıb. Çünki məni əvvəldən bir zabit kimi tanıyırdılar. Xüsusi xidmət orqanları yəqin ki, bilirdilər. Çünki mən xüsusi təyinatla hərbi hissədə xidmət etmişəm. Mənim dövlətim mənə inanır. Mən onlara satılaram filan-bəhman belə söhbətlər ola bilməz. Onlar məndən şübhələnsəydilər elə aeroportda məni tutub bir də aparardılar zindana filtrdən keçirərdilər. Əgər bu olmayıbsa deməli mənə inanırlar. Təbii ki, mən bütün ömrümü Azərbaycan dövlətinə xidmət etmişəm. Yenə Qarabağ döyüşü olsa gedib vuruşacam.

- Təşəkkür edirəm. Həmişə azadlıqda.


- Mən təşəkkür edirəm.

BURADAN DİNLƏYİN:



XS
SM
MD
LG