Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:04

Markes və Cabir Novruz



FƏRQİMİZ


Bir neçə il qabaq xaricdə yaşayan azərbaycanlı qələm sahibinin ölkəsindəki həmkarına qəzet səhifəsindən göndərdiyi məktubunu oxuyurdum: uzun məktubun ana teması təxminən bu sözlərlə ifadə edilmişdi :

”Ey, möhtərəm ağsaqqal yazarımız!

Siz də şahidsiniz ki, mən filan ildə filan vəzifəyə, filan ildə də filan vəzifəyə gedəcəkdim-ancaq düşmənlərim mane oldular.

Filan ildə filan mükafatı alacaqdım- yenə düşmənlərim pərdə arxasından badalağı vurdular. Filan vaxt kitabımın çap planına düşməməsinin səbəbkarı, siz də şahidsiniz ki, düşmənlərim idi”.

Məktubu yazan qələm sahibinin yaşı 70-ə, məktubun ünvanlandığı qələm sahibinin yaşı isə 80-ə yaxınlaşırdı....

“Düşmənlərim”...

Həyatın bütün sahələrində “düşmənlərim” sözünün bu qədər sıx tədavüldə olduğu başqa bir ölkəni təsəvvür edə bilmirəm.

Bir müddət əvvəl mərhum Cabir Novruzun özü barədə çəkilmiş sənədli filmdə “düşmənlər”indən bəhs etməsi isə məni heyrətə salmışdı; görün, Cabir Novruz kimi mülayim bir insanın başı “düşmənlər”indən nələr çəkib ki, ömrünün sonuna yaxın çəkilmiş sənədli filmdə onlardan danışmağı lazım bilib...

Ömrünün son baharını yaşayan yaradıcı insanların cəmiyyətə və dünyaya verdikləri mesajların mahiyyəti necə olmalıdır? Bunu onların özləri hamıdan yaxşi bilirlər.

Ancaq bu mesajlar “düşmənlər”ə ünvanlanırsa, onda, məni bağışlayın, bu işdə bir anormallıq vardır.

1982-ci ilin Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin dostlarına göndərdiyi “Vida məktubu” bunu təsdiqləyən önəmli bir ədəbi-estetik “sənəd”dir.
Bu əsrin əvvəllərində hamı onun ölüm döşəyində olduğunu düşünürdü.

Ancaq usta yazıçı 2003- cü ildə iki əsərlə oxucularına ölmədiyini göstərdi; daha sonra isə “Vida məktubu”nu yazaraq guşənişin həyatına çəkildi.

“Vida məktubu” milyonlarla insana mənəvi dəstək olmağa davam edir, edəcəkdir.

Çünki o məktubda “düşmənlər” paranoyası yoxdur, ola bilməz; olsaydı, onun yazarının adı Markes yox, məsələn, adı bu anda ağlıma gəldiyi üçün deyirəm, Süleyman Rəhimov olardı..

“İnsan eşqdən vaz keçərsə, yaşlanar”.

Bircə səhifəlik “Vida məktubu”ndan dünyaya qeyri-məhdud miqdarda pozitiv enerji axır.

Bu enerjinin “düşmənlər” paranoyasını da silib-süpürməsi diləyi ilə...


Qabriel Qarsia Markes

VİDA MƏKTUBU

Tanrı bir an cındır kukla olduğumu unudub can verərək məni mükafatlandırarsa, ağlımdan keçən hər şeyi dilə gətirməyə bilərdim, ancaq ən azı dilə gətirdiklərimi təfərrüatı ilə ağlımdan keçirər və düşünərdim.

Əşyaların maddi tərəflərinə yox, mənalarına dəyər verərdim.

Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə- 60 saniyə işığı itirdiyimi düşünərdim.

İnsan eşqdən vaz keçərsə- yaşlanar.

Başqaları bir yerdə duranda mən irəliləməyə davam edərdim.

Başqaları yatanda mən oyaq qalmağa çalışardım. Başqaları danışanda dinləyər, şokoladlı dondurmanın dadından zövq alardım.

Əgər Tanrı mənə bir az can versə, sadə geyinər, üzümü günəşə çevirər, sadəcə bədənimi yox, ruhumu da bütün çılpaqlığıyla açardım.

Allahım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə qazıyar və günəşin onu göstərməsini gözləyərdim.

Göy üzündəki Aya ulduzlar uzunu Van Qoq şəkilləri çəkər, Benedetti şeirləri söyləyər və serenadalar oxuyardım. Göz yaşlarımla gülləri sulayar, bədənimə batan tikanların ağrısını hiss edərək dodaq qırmızısı rəngindəki tac yarpaqlarından öpmək istəyərdim.

Allahım, bir udum həyatım olsaydı..

Hər gün qabağıma çıxan bütün insanlara onları sevdiyimi söyləmədən keçməzdim. Bütün qadın və kişiləri onların ən çox sevdiyim insanlar olmasına inandırardım..

Və eşqın içində yaşayardım.

Yaşlananda eşqdən vaz keçmələrinin nə qədər səhv olduğunu kişilərə başa salardım. Çünki insan eşqdən vaz keçən kimi qocalır.

Uşaqlara qanad verərdim. Ancaq uçmağı özlərinin öyrənmələri üçün şərait yaradardım.

Yaşlılara isə ölümün qocalmaq ilə deyil, unutmaq ilə gəldiyini öyrədərdim.

Ey insanlar! Sizlərdən nə qədər çox şey öyrənmişəm! Xoşbəxtliyin həqiqətləri görməkdə gizləndiyini bilmədən bütün insanların dağların zirvəsində yaşamaq istədiyini öyrəndim.

Yeni anadan olmuş bir çağanın, atasının barmağını sıxarkən, əslində onu əbədiyyətə qədər qandalla özünə məhkum etdiyini öyrəndim.

Sizlərdən çox şey öyrəndim. Ancaq bu öyrəndiklərim çox da işə yaramayacaq. Çünki onların hamısını bir çantaya qoyub ağzını qıfılladım.

Bədbəxtcəsinə...

ARTIQ ÖLƏ BİLƏRƏMMİ?

Markes haqda son xəbər
Markes Kolumbiyanın yeni prezidentini dəstəkləyir
XS
SM
MD
LG