Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Medvedev: «Ermənistanla müqavilə prinsipial əhəmiyyət daşımır»


İlham Əliyev və Dmitri Medvedev - 03 sentyabr 2010
İlham Əliyev və Dmitri Medvedev - 03 sentyabr 2010
«Rusiya Minsk qrupu çərçivəsində öz vəzifəsini yerinə yetirməyə hazırdır. Həmçinin Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqları davam etdirən ölkələr qarşısında bir qonşu kimi özünün mənəvi vəzifələrini yerinə yetirməyə hazırdır. Mən şəxsən bu qəbildən olan görüşlərin davam etdirilməsinə və hələ də gündəlikdə qalan ən mürəkkəb məsələlərin müzakirəsinə də hazıram».

Bunu Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev avqustun 3-də həmkarı İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov bu yaxınlarda müsahibələrinin birində ümid etdiyini bildirmişdi ki, Dmitri Medvedev Bakıya gələndə avqustun 20-də Rusiya ilə Ermənistan arasında Gümrüdəki hərbi bazanın müddətinin 49 ilədək artırılmasını da nəzərdə tutan sənədin imzalanmasının izahını verəcək.

BU MÜQAVİLƏ PRİNSİPİAL ƏHƏMİYYƏT DAŞIMIR

Dmitri Medvedev ona ünvanlanan sualların fonunda bu izahı verib. O deyib ki, «Rusiya ilə Ermənistan arasında imzalanan hərbi-texniki müqavilə hər hansı bir prinsipial əhəmiyyət daşımır. Onlar özləri də qafqazlı hesab olunurlar. Buna görə də, həmin müqavilə regionda bir növ təhlükəsizliyin qarantı kimi çıxış edir. Yəni Rusiya bölgədə sülhün olmasında maraqlıdır».

Prezident İlham Əliyev isə çıxışı zamanı Rusiyanın Dağlıq Qarabağ danışıqlarında səylərini yüksək qiymətləndirib. O deyib ki, «Rusiya ilə Azərbaycanın münasibətləri səmimiliyi ilə fərqlənir. Bu mehriban qonşular, dostlar, eləcə də strateji müttəfiqlər arasında olan münasibətdir».

Elxan Şahinoğlu
«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünür ki, Ermənistanla hərbi sahədə əməkdaşlığa dair anlaşmadan sonra Medvedevin Bakıda belə bəyanatlar verəcəyi gözlənilən idi. Bu, əslində daha çox Azərbaycan ictimaiyyətinin könlünü almağa yönəlmiş bəyanatdır. Çünki Moskva həmin razılaşmaya Azərbaycandakı reaksiyalardan xəbərdardır:

RUSİYA ÇƏTİN Kİ, BELƏ BƏYANATLARLA AZƏRBAYCANDA ÖZÜNƏ MÜNASİBƏTİ DƏYİŞƏ BİLƏR


«Amma Rusiya çətin ki, belə bəyanatlarla Azərbaycanda özünə münasibəti dəyişə bilər. Rusiya ilə Azərbaycanın münasibətlərinin necə olduğunu Moskvanın Yerevanla və Bakı ilə imzaladığı müqavilələr də aydın göstərir. Rusiyanın Ermənistanla hərbi sahədə, Azərbaycanla isə iqtisadi sahədə əməkdaşlıq müqavilələri balansın qorunmadığının göstəricisidir».

Prezident İlham Əliyev çıxışı zamanı Dmitri Medvedevin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri arasında son dövrdə 6 görüşün keçirildiyini xatırladaraq, Qarabağ məsələsində Moskvanın səylərini pozitiv dəyərləndirib.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə mediaya açıqlamaların birində demişdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin məhz Sankt-Peterburq görüşündən sonra danışıqları davam etdirmək çətinləşib. Yəni Yerevan indiyə qədər razılaşdırılmış bəzi məsələlərin yenidən müzakirəsini təkid edir.

3 SƏNƏD İMZALANIB

Prezidentlərin görüşündən sonra tərəflər arasında 3 sənəd - Dövlət sərhədləri haqqında saziş, Samur çayının mühafizəsi və səmərəli istifadəsinə dair hökumətlərarası müqavilə və mütəxəssislərin diqqətini daha çox cəlb edən Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın «Qazprom» şirkəti arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş imzalanıb. Bu saziş 2010-2011-ci illərdə «Qazprom»a satılan təbii qazın həcminin artırılmasını nəzərdə tutur.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, öz qazını Rusiyaya satmaq Azərbaycana sərf edir. Çünki Rusiya Azərbaycana buna görə yaxşı pul verir. Amma Rusiyanın özü üçün bu alver iqtisadi deyil, siyasi mahiyyət daşıyır:

RUSİYA AZƏRBAYCANI İQTİSADİ ƏMƏKDAŞLIQLA ÖZÜNƏ LOYAL SAXLAMAĞA ÇALIŞIR


İlham Şaban
«Rusiyanın özündə ən çətin yerlərdən çıxan qazın maya dəyəri 30 dollardan artıq deyil. Belə olan halda Azərbaycandan qazı baha qiymətə almaq - bu şirnikləndirici anlaşma nəyin müqabilində həyata keçirilir?

Rusiya Ermənistanı hərbi və digər amillərlə əldə saxlayır. Azərbaycanı isə iqtisadi əməkdaşlıqla heç olmasa özünə loyal saxlamağa çalışır. Çünki başqa yolu yoxdur».

İlham Şaban deyir ki, Rusiya bu regionda özünün mövqelərini qismən saxlamaq üçün Azərbaycana özünün bir neçə 100 milyonundan keçə bilər.

Çünki Gürcüstan və Azərbaycanın itirilməsi faktiki olaraq Ermənistanı Cənubi Qafqaz dəhlizinin digər tərəfinə keçirir və bununla o da aradan çıxır. Rusiya isə buna yol verə bilməz.
XS
SM
MD
LG