Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:01

Üzeyir bəyin indiyəcən çap edilməmiş felyetonu tapıldı (OXU)


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının arxivindəki son araşdırmalarım nəticəsində Ü.Hacıbəylinin "Molla Nəsrəddin" dərgisində dərc olunmuş "On il" adlı yeni bir felyetonu da üzə çıxdı.

İndiyə qədər heç yerdə öz əksini tapmayan bu felyetonda Üzeyir bəyin dönə-dönə vurğuladığı və yaradıcılığı boyu mübarizə apardığı qadın azadlığı məsələsindən bəhs edilir.

"On il" felyetonu "Molla Nəsrəddin" dərgisinin 7 noyabr 1927-ci il tarixli 45-ci sayında "Bir nəfər" imzası ilə çap olunub. "Bir nəfər" təxəllüsü Ü.Hacıbəylinin müxtəlif illərdə yazdığı mətbu əsərlərində istifadə edilmiş 67 imzasından biridir.

Felyetonu üzeyirşünas alim Səadət Qarabağlı aşkar edib.

Onun Azadlıq Radiosunun Can Bakı verilişinə müsahibəsini burda oxu.


Üzeyir bəy HACIBƏYLİ

On il

İnsan papağını çıxarıb qabağına qoyaraq keçən günləri nəzərdən keçirdikcə öz-özünə deyir:

Bəlkə bu xiyalatdı (xəyaldı - S.Q.).

Nə on il bundan qabaq olan işlər doğrudur, nə də indi gördüklərimiz - bəlkə bu ikisi də yoxdur. Ya da bizi qara-qura basır.

On il bundan qabaq Qafqaz şəhərlərində arvad məsələsinə böyük "əhəmiyyət" verirdilər.

Məscid və minbərlərdə bu məsələ barəsində çox danışıq gedirdi. İndi də bu barədə danışıq vardır. Qadın məsələsi iclaslarda danışılır.

Hər yanda qadınlar xatirə salınır. Ancaq burada bir balaca giriş vermək lazımdır ki, məsələ aşkar olsun.

Əgər xatirinizdə qalmışdırsa, on il bundan qabaq bir Göyərçin xanım var idi. Rəvayətə görə bu xanım türk idi.

Ancaq özü türk ola-ola nə Fatimeyi-Zəhradan və nə öz türk olmağından utanmayıb düşürdü şəhərbə-şəhər bığıburma kişilər ilə bu teatroların canına, nədir-nədir mən oyun çıxardacağam.

Hətta bu xanım bir dəfə də İrəvana gəlib çıxmışdı, burada bunun türk xanım olduğunu bilən qeyrətli cavanlarımız cuşa gəlib onu səhnədə oynadığı zaman öldürmək istəmişlərdir, ancaq arzularına çata bilməmişlərdir.

O zaman eşitdiyimizə görə Bakı qoçuları da bu fikirdə imiş.

On il bundan irəli bir türk qızı məktəbə gedəndə hamı barmaq ilə göstərir idi. Mömin Əli şiələri işqulaya gedən qızların atası, qardaşı və nə də qohum-əğrəbası ilə həqsəlam eləməzdilər.

O zaman hicab barədə Molla Nəsrəddin əmi də cızığından çıxdı və Bakı qazisi ilə Bakı türk qəzetələri haray-dad qopardılar.

Hər nə isə, o zaman qadınlarımızda bir həya, hörmət vardı. Ərin qulluğunda itaətdə idilər.

Ər on arvad da alsa idi, arvad cınqırını da çəkə bilməzdi.

O zaman qızların ixtiyarları ata-analarında idi. Əgər bir qız bir oğlanı sevib getsə idi, onu el içində daş-qalaq edərdilər.

O zamanlar bizim arvadlarımız ev işi ilə yas yerindən başqa bir şeyi anlamazdılar.

Bunların hamısına səbəb o idi ki, o zaman Gəncədə Mirbağır ağa, İrəvanda Hacı Şıxəli Əkbər, Qubada Molla Hacıbaba və qeyri şəhərlərdə bunlar kimi vücudların cidd-cəhdləri sayəsində islam qadınları bu dərəcədə namuslu və Fatimeyi-Zəhra kənizinə layiq bir surətdə özlərini aparırdılar.

İndi o rəhmətlilərə deyən ola ki, toprağdan bir baş qaldırın görün dünya nə xarablaşıbdır.

Siz sağlığınızda bir Göyərçin qadının dərdin çəkə bilmirdiniz, indi min göyərçinlər vardır. Teatrolarda bunlar yüz-gözləri açıq bütün camaat içində ortaya düşüb oynayırlar.

Onları öldürmək fikrinə düşən zatda yoxdur. Bəlkə xoşları gələndə bir əl də çalırlar.

Ey rəhmətliklər, durun ayağa, sizi aparım Bakı Ünas pedaqoji texnikumuna, "Əli Bayramov" klubuna və qeyri bu kimi yerlərə, görün nə qədər türk xanımlar oxuyurlar.

Bakıda olan fabrika və sənətxanələrə baxsan çox payı arvadlardandır.

Əgər keçən ay Bakıda çağırılan qadınların qurultayında onların xilayi-şəri danışdıqların görsəydiniz, lap dəli olardınız.

Qadınlar arasında olan bu yoldan çıxmaqlıq ancaq bu on ilin içində olubdur.

Ah, bu on il.

"Bir nəfər"
"Molla Nəsrəddin", 7 noyabr 1927-ci il
XS
SM
MD
LG