Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

«Bu təqaüd yol puluna da çatmır»


Təqaüdlər 10 faiz artırılıb
Təqaüdlər 10 faiz artırılıb
TƏQAÜD ARTIRILDI, URA!

Bu il Azərbaycanda tələbələr təhsil ilinə xoş xəbərlə başlayırlar. Təqaüdlər 10 faiz artırılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə bu ildən adlı təqaüd alanlar 100 manat məbləğində, magistr pilləsi üzrə əla qiymətlərlə oxuyanlar 80 manat, əla və yaxşı qiymətlərlə oxuyanlar 65 manat, nəhayət, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələr 40 manat təqaüd alacaqlar. Bakalavr pilləsi üzrə oxuyanların təqaüdlərində də bu məbləğ 5 manat artıq olacaq.

KİTABLARA HƏR SEMESTRDƏ 50-70 MANAT XƏRCLƏNİRSƏ…

Amma tələbələrdən bu xəbəri sevinclə qarşılayan da var, bu artımın bir dərdə dərman olmayacağını düşünənlər də.

Azərbaycan Tibb Universitetinin 4-cü kursunda oxuyan Ələmdar Cəfərov deyir ki, bu 40 manat heç yol pulu da eləmir. O, Əhmədlidən oxuduğu universitetə gedənədək iki-üç nəqliyyat vasitəsi dəyişir. Odur ki, gündəlik yol puluna təxminən 2 manat xərcləyir. Amma məsələ yol pulu ilə bitmir, yemək pulu, kitab pulu…

«Təqaüd tam ehtiyaclarımızı ödəmir, amma şükür ki, artmağa doğru gedir. Məsələn, bu, kitab almağa çatmaz, yol pulunu isə nisbətən ödəyir, tam ödəmir. Minimum heç olmasa 60 manat lazımdır».

Ələmdarın sözlərinə görə, təhsil aldığı universitetdə kitablar da çox bahadır:

«Kitabların qiyməti 10 manatdan başlayır, bəzən 20 manat olur. Bir semestrdə ən azı 50-70 manat kitablara pul xərcləyirsən».

Ələmdar Cəfərov deyir ki, valideynin yardımı olmasa çətin oxuyasan. Əgər ata-ana yardım əlini uzatmasa, tələbə gərək özü iş tapa. Dərslərin ağır olduğu Tibb Universitetində oxuya-oxuya işləməksə o qədər də asan deyil.
Universitetlər tələbəyə fərdi yanaşır
Amma bununla belə, gələcəyin pediatrı özünə iş axtarmağı fikirləşir.

Bu azərbaycanlı tələbənin gileyidir, bəs əslində necə olmalıdır? Tutaq ki, Avropada tələbə təqaüd alırmı?

AH AVROPA, AVROPA…

Böyük Britaniya universitetlərinin birində oxuyan Kərəm Məmmədovun sözlərinə görə, bu ölkədə dövlət tələbənin təhsili üçün əlindən gələni edir. Bir tələbəyə dövlət ildə təxminən 10 min funt xərcləyir. Odur ki, il-ildən dövlət hesabına oxuyanların sayı da artır, məsələn, bu il bu artım 11 faizdir.

Amma Kərəm diqqəti başqa məqama yönəldir. Onun sözlərinə görə, əsas odur ki, universitetlər tələbəyə fərdi yanaşır. Məsələn, tələbəyə kitab-dəftər, yol pulundan savayı kirayədə qalmaq üçün ev pulu da ödəyirlər:

«Britaniyada tələbə universitetə qəbul olunursa, ilk üç il üçün ona təqaüd ayırırlar. Bu təqaüd onun gündəlik tələbatını ödəyir. Evi yoxdursa, kirayə pulu ödənir. Hər bir ehtiyacı ödənir. Hətta universitetdə pullu kitablar da təqaüd hesabına alınır».

Universitet tələbənin işlə təminatına da qarışır və ya belə deyək ona iş təklifləri verir. Amma bütün bunların müqabilində bir şərt var. Tələbə universiteti bitirib işə düzələndə ona qoyulan xərci ödəməlidir, yəni ona xərclənən pulu qismən geri qaytarmalıdır:

«Əllərindən gələni edir ki, universitet tələbəni işlə təmin etsin. Nəticələr yaxşıdırsa, şirkətlərə tövsiyə edir. Universitet tələbələrin siyahısını şirkətlərə təklif edir. Amma iş tapa bilmirsə, problem deyil,
Etibar Əliyev
qaytarmır».

TƏLƏBƏYƏ QARŞI İBTİDAİ MÜNASİBƏT


Yenidən qayıdaq Azərbaycana. «Azərbaycanda tələbə təqaüdü çox azdır» - deyir «XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev.

Onun sözlərinə görə, Azərbaycanda tələbələr güzəştlərdən və normal şəraitdən məhrumdurlar. Məsələn, indi tələbə yataqxanaları demək olar ki, yoxdur.

Və ya tələbələr üçün güzəştli yeməklər, informasiya-kommunikasiya texnologiyalarından pulsuz istifadə imkanları yoxdur. Bütün bunlar o deməkdir ki, tələbə xərcləri çoxdur.

Etibar Əliyevə görə, bu səbəblərdən də son artım tələbənin heç bir dərdinə dərman olası deyil. Təqaüdlər heç olmasa 150 manata çatdırılmalıdır:

«Tələbənin təhsil alması və ya öz təhsil haqqını ödəməsi üçün heç bir şərait yoxdur. Boloniya bəyannaməsində bir neçə tövsiyə var.

Onlardan biri də tələbələrə böyük məbləğdə, uzun müddətli, kiçik faizli – 1-3 faizli kreditlərin verilməsidir.

Məsələn, tələbə gələcəkdə işləyəndə o krediti hissə-hissə qaytarır. Bunların heç biri Azərbaycanda yoxdur. Bizdə tələbəyə primitiv, ibtidai münasibət formalaşıb».

XOŞ XƏBƏR OLA BİLƏR

«Mən istəyərəm ki, tələbələrim indikindən on qat artıq təqaüd alsınlar». Bakı Dövlət Universitetinin kafedra müdiri, millət vəkili Nizami Cəfərov belə deyir.

Nizami Cəfərov
Amma onun sözlərinə görə, hələ ki, hökumət imkanlara uyğun hərəkət edir. Deputata görə, beş-on il əvvələ baxanda bu sahədə irəliləyişlər də müşahidə olunur.

Nizami Cəfərov bir xəbər də verir ki, gerçəkləşsə, tələbələrin ürəyindən olacaq:

«Təbiidir ki, həmin mexanizmlər bizdə də işləməlidir. Həm hökumətdə, həm parlamentdə tələbələrlə bağlı layihələr hazırlanır. Məsələn, tələblərə kreditlər verilsinmi, nə şəkildə verilsin və sairə».

Amma Nizami Cəfərova görə, bunlar hələ ki, fikir layihələridir, müzakirələr şifahi şəkildə davam edir. Onun gerçəkləşib-gerçəkləşməməsi isə sual altındadır.
XS
SM
MD
LG