Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:40

Yad uşaqlardan doğma ailə necə yaranır?


Xanım Qafarova və İlhamiyyə Rza
Xanım Qafarova və İlhamiyyə Rza
«Uşağın ən ideal yaşam yeri onun bioloji ailəsidir. Müəssisə uşağın böyüməsi və inkişafı üçün ideal yer deyil».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramında qonaq olan SOS Uşaq Kəndinin piar-meneceri İlhamiyyə Rza söylədi. Onun bildirdiyinə görə, SOS Uşaq Kəndi müəssisə deyil, amma tam ailə də deyil:

«Sadəcə SOS özünü ailə əsaslı qayğı modeli kimi dərk edir və istəyir ki, cəmiyyətə də bu cür proyeksiya olunsun».

KƏNDİN BÖYÜK TARİXİ VAR


SOS Uşaq Kəndinin 1949-cu ildə Vyanada yarandığını vurğulayan İlhamiyyə xanım onun İkinci Dünya müharibəsinin nəticələrini əngəlləmək üçün düşünüldüyünü söylədi:

«O dövrdə çoxlu valideynsiz uşaqlar qalmışdı. Həmçinin öz ailəsini itirən analar vardı. Anaları yeni uşaqlarla, uşaqları yeni analarla qovuşduraraq, doğma ailəyə yaxın bir mühit yaratmağa cəhd edildi».

SOS HAZIRDA 132 ÖLKƏDƏ FƏALİYYƏT GÖSTƏRİR

Piar-menecer 61 illik tarixi olan bu kəndin Azərbaycanda 10 ildir qərar tutduğunu söylədi: «Noyabrda 10 illik yubileyimizi təntənəli qeyd edəcəyik. Sizi də mütləq dəvət edərik».

KƏNDİN 150 SAKİNİ VAR

SOS-un hamıya bəlli ilkin mənasından başqa, sosial layihələri həyata keçirən bir təşkilat olduğunu diqqətə çatdıran İlhamiyyə Rza kəndin özünün də bir layihə olduğunu bildirdi:

«Amma kəndlərdən başqa, bizim çoxsaylı sosial layihələrimiz var ki, müxtəlif ölkələr öz güclərinə uyğun olaraq həmin layihələrdən bir qismini həyata keçirilər. Məsələn, bizim ailələrə dəstək proqramımız var, gənclər evi, uşaq bağçamız var. Uşaqların həddi-buluğa çatana qədər, özlərini müstəqil bilənəcən keçdiyi bütün dövrləri əhatə edən, hətta bizim kəndə düşməzdən öncəki dövrünü nəzərdə tutan layihələrimiz var».

RİSK ALTINDA QALAN UŞAQ...

İlhamiyyə xanımın sözlərinə görə, SOS-un fəlsəfəsində risk altında duran uşaq var:

«Və bu uşağın gələcək problemlərini əngəlləməkdən tutmuş, ta böyüyüb müstəqil vətəndaş olana qədərki qayğılarını nəzərdə tutan layihələr həyata keçiririk».

ALTERNATİV QAYĞI NƏDİR?

SOS Uşaq Kəndində İctimai Vəkillik üzrə mütəxəssis Günel Səfərlinin fikrincə, bu gün alternativ qayğıdan çox danışılır. Amma yanlışlıqla müəssisələr alternativ qayğı kimi qəbul edilmir:

Günel Səfərli və Xanım Qafarova
«Alternativ qayğı dedikdə, ailə modelinə alternativ nəzərdə tutulur. Uşağın ən yaxşı böyüdüyü yer ailədirsə, amma uşaq atılma riski qrupundadırsa, hansı model mümkündür ki, uşaq orda böyüsün? Bu müəssisə də ola bilər, himayədar ailə də».

UŞAQLAR HÜQUQLARINI BİLMƏLİDİRLƏR!


Günel xanımın dediyinə görə, uşaqların hüquqlarını qorumaq üçün, özləri-özlərinin ictimai vəkilinə çevrilmələri üçün iş aparırlar:

«Hazırda maraqlı bir layihəmiz var. «Qayğıdan azad olma» adlanan layihə təkcə SOS Uşaq Kəndini əhatə etmir, həm də müəssisələri, alternativ qayğını tərk edən gəncləri birləşdirən bir şəbəkədir. Şəbəkəni yaratmaqda məqsəd odur ki, biz bu gənclərin qarşılaşdıqları problemlərin ən yaxşı həlli yollarını seçirik».

Günel xanım 3 il öncə SOS-un uşaq hüquqlarını analiz etdiyini bildirdi: «Nələr üzə çıxdı? Gördük ki, uşaq nə qədər balacadır, onun problemi yeməyi, təhsili və s.-dir. Əsl problem uşaqlar böyüyəndən sonra başlayır. Onların yaşamağını, səhiyyəsini, işlə təmin olunmasını tənzim edən qanunlar var, ya yoxdur, orda boşluqlar var, ya onlar düzgün icra edilmir? Problemlə üzləşdikdə düşündük ki, ən yaxşısı bunu maarifləndirmək yolu ilə, onların ictimai vəkilinə çevrilmək yolu ilə həll etmək lazımdır. Gənclərin Resurs Mərkəzi məhz bu layihənin gedişində yarandı».

HAMIMIZ BİRLƏŞƏK, BİR ADDIM ATAQ!

Gənclərin Resurs Mərkəzinin koordinatoru Xanım Qafarovanın bildirdiyinə görə, ən böyük istəkləri o idi ki, uşaq evlərindən, internatlardan çıxanlar bir-birləriylə ünsiyyəti itirməsinlər:

«Bu qərara gəldik ki, hamımız birləşək, bir addım ataq. Onda səsimiz daha gur eşidiləcək».

Bu məqsədlə treninqlər, kurslar təşkil etdiklərini söyləyən X.Qafarova bu işi bölgələrə də daşıyacaqlarını bildirdi.

SABAH BAYRAMDIR!

«Sabah Ramazan Bayramıdır. Hamımız yığışıb Maştağadakı İnternata gedəcəyik. Çünki uşaqlar özləri bunu istəyiblər. Oranı bitirəsən və sonra ora qonaq qismində gedib uşaqları sevindirəsən...».

- İlhamiyyə Rza SOS Kəndindəki işindən məmnundurmu?

- Kənddəki Gənclər Evi necə yarandı?

- SOS Kəndinə uşaqlar necə seçilir?

- SOS-Ana olmaq üçün hansı keyfiyyətlər əsasdır?

- SOS-un yetirməsi Ülviyyə Şimali Kiprdəki Ağdəniz Universitetinə necə daxil oldu?

- Ülviyyəni təhsilini başa vurduqdan sonra nələr gözləyir?

- Ümumiyyətlə, bu Kənddə uşaqların sonrakı taleyinə necə yanaşırlar? Taleyin ümidinə atırlar, yoxsa hər zaman nəzarətdə saxlayırlar?

- SOS-u kimlər maliyyələşdirir?

- Gələn ianələrin neçə faizi işçi personalına sərf oluna bilər?

Məncə, «Can Bakı»nın bu sayını dinləmək, uşaqlara ailə tamını dadızdırmaq istəyənlərin əməyini qiymətləndirmək hər birimizin borcudur. Özü də, Ramazan Bayramı ərəfəsində.

XS
SM
MD
LG