Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Söz və ifadə azadlığı forumu başa çatdı


3 gün əvvəl Bakıda başlayan söz və ifadə azadlığına həsr olunmuş beynəlxalq forum sentyabrın 9-da başa çatıb.

Sonda forum iştirakçıları 15 təklifdən ibarət sənəd qəbul ediblər. Sənəddə jurnalist Eynulla Fətullayevin və bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin azadlığa buraxılması istənilib.

Təkliflərdə tövsiyə olunub ki, diffamasiya haqqında bənd Cinayət Məcəlləsindən çıxarılsın və ölkədə jurnalistlərin işləməsi üçün normal mühit yaradılsın.

Forum iştirakçıları ölkə prezidenti İlham Əliyevə də müraciət ediblər. Həmin müraciətdə də həbsdə olan jurnalistlərin azadlığa buraxılması istənilib.

Forumdan sonra keçirilən mətbuat konfransında beynəlxalq media və insan hüquqları qurumlarının nümayəndələri Azərbaycanda olduqları üç gün müddətində hökumət nümayəndələri və media təşkilatları ilə keçirdikləri görüşlərdən danışıblar. Missiya nümayəndələri Azərbaycanda söz azadlığına təzyiqlərin olduğunu deyiblər və bildiriblər ki, mövcud vəziyyət jurnalistləri öz daxillərində senzura yaratmağa vadar edib.

Missiya nümayəndələri Azərbaycanda internet TV-lərin inkişafını müsbət qiymətləndirsələr də, internetin sürətinin zəif olması bu sahənin inkişafına maneə yaratdığını da etiraf ediblər.

Konfrans iştirakçıları deyiblər ki, iqtisadi cəhətdən güclü olduğunu deyən dövlət internetin həm sürətinə, həm də qiymətinə yenidən baxmalıdır.

Beynəlxalq təşkilatlarının nümayəndələri Azərbaycan media qurumları arasından jurnalist həmrəyliyin olmamasından təəssüfləndiklərini bildiriblər.

Bakıda keçirilən söz və ifadə azadlığına həsr olunmuş beynəlxalq forumda Sərhədsiz Reportyorlar, Artikl 19, Media Müxtəlifliyi İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası və s. təşkilatlar iştirak edib.
XS
SM
MD
LG