Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:01

«Avropa Birliyinin Cənubi Qafqaza marağı azalıb»


Tomaş Poreba
Tomaş Poreba
Avropa Parlamentinin polşalı üzvü Tomaş Poreba AzadlıqRadiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib ki, Brüsselin Cənubi Qafqaz respublikalarına marağı azalıb.

Sual: - Siz bəyan edirsiz ki, Avropa Birliyinin Cənubi Qafqaza marağı azalır. Niyə?

Cavab: - Birincisi, AB «Nabukko» layihəsi və Şərqi Tərəfdaşlıq Proqramının inkişaf etdirilməsi istiqamətində öhdəlik və səylərini azaldıb.

Həmçinin, Brüssel bilavasitə AB-nin vasitəçiliyi ilə Rusiya ilə Gürcüstan arasında əldə olunmuş anlaşmanın Rusiya tərəfindən yerinə yetirilməsinə can atmır. Bu o deməkdir ki, Brüssel üçün Rusiya ilə iqtisadi maraqlar Birliyin regionda güdməli olduğu strateji məqsədlərdən daha vacibdir. Birliyə üzv olan ölkələrin «Şimal axını» və «Cənub axını» kimi layihələrə cəlb olunması faktı da onların strategiyaya yox, iqtisadi maraqlara əsaslandıqlarına işarədir. Təəssüf ki, AB-nin siyasət təsəvvürlərində çatışmazlıq var.

Bu yaxınlara qədər Baltik ölkələri də daxil olmaqla bir qrup ölkə vardı ki, diqqətlərini Cənubi Qafqaz məsələlərinə yönəltmişdilər. Bu yanaşma Polşa prezidenti Kaçinskinin ölümündən sonra dəyişdi. Bundan başqa, Polşa hökuməti də bu siyasətin davam etdirilməsində passiv mövqe tutdu...

Sual: - Polşanın yeni prezidenti Bronislav Komarovski açıq bəyan etdi ki, Cənubi Qafqaz, xüsusilə də Gürcüstan Varşava üçün prioritet olmayacaq.

Cavab: - Dəyişiklik bilik və təcrübənin olmamasından irəli gəlir, ya da cənab Komarovski sadəcə, Cənubi Qafqazda Polşanın varlığını zəiflətmək istəyir. Ancaq axırıncı fakt Polşanın siyasi maraqlarının əleyhinə olardı. Prezident Komarovskinin Kaçinskinin Gürcüstan siyasətinin davam etdirilməyəcəyi barədə bəyanatları bizim Cənubi Qafqazdakı tərəfdaşlarımız, xüsusilə də müttəfiqimiz Gürcüstan üçün çox ziyanlıdır.

Sual: - Azərbaycan AB-nin gündəliyində əsasən enerji siyasəti kontekstində durur. Azərbaycanın enerji potensialı diqqəti insan haqlarından yayındırmırmı?

Cavab: - AB Azərbaycana «Nabukko» kontekstində yayındırıcı cavablar verir. «Nabukko» layihəsinə rəqib olan «Cənub axını» layihəsi daha irəli gedib, çünki bununla bağlı daha çox ölkə müqavilə imzalayıb. Təəccüblü deyil ki, Azərbaycan Brüsselin passivliyini və qeyri-müəyyənliyini görüb Rusiya ilə qaz müqaviləsi imzaladı. Beləcə o, öz maraqlarını qoruyur.

İnsan haqlarına gəlincə, bu, daha geniş problemdir. Bu, həm də Ermənistanın problemidir. Mən inanıram ki, AB xüsusi olaraq bu problemi davamlı qaldırmalıdır. AB bunu etmirsə, həmin ölkələrdə insan haqlarına heç bir hörmət qalmayacaq... Bu ölkələr nə qədər demokratik olsalar, AB bir o qədər dayanıqlı və təhlükəsiz olar.

Sual: - Azərbaycan noyabrda parlament seçkiləri keçirəcək. AB parlamenti bu ölkədə siyasi vəziyyəti yaxından izləyəcəkmi?

Cavab: - Bəli. Biz həm də Avropa Parlamentinin dəstəyi altında seçkiləri müşahidə missiyası göndərməyi planlaşdırırıq. Həmçinin, ATƏT öz müşahidəçilərini göndərməyə hazırlaşır. Güman edirəm ki, Azərbaycanda bu seçkiləri azad və ədalətli keçirməyə istək olacaq.
XS
SM
MD
LG