Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 19:18

ANS-in bir dərdi var...


«ANS-in yalnız bir dərdi var, o da Qarabağdır»
ANS televiziyası parlament seçkisində namizədlərə pullu efir ayırmayacaq. Televiziya rəhbərliyi belə qərar verib. ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov «Media forum»a bildirib ki, təbliğat-təşviqat kampaniyasına yer ayırmamaq qərarına gəliblər:

- Baş ağrısıdır, ona görə seçki kampaniyasından gələn qazancı da istəmirik.

AzadlıqRadiosunun suallarını cavablandırarkən isə Mais Məmmədov bu qərarın səbəbini aşıqlamayıb, daha doğrusu, bildirib ki, səbəbsiz-filansız onlar bu dəfə iştirak etməməyə qərar veriblər:

- Burda bir şey axtarmayın. Nə siyasi, nə başqa. Sadəcə biz qərara gəldik ki, bu bizə lazım deyil, vəssalam.

«Özəl şirkət olmaqla yanaşı, adətən medianın bir ictimai missiyası da var, bəs sizin televiziya necə belə bir missiya daşıyırmı» sualının cavabında isə Mais Məmmədov belə cavab verdi:

- Yox. Yoxdur.

Mais Məmmədov deyir ki, hər kanal öz işini görür, onlar da öz işlərini görürlər. «ANS-in konkret işi nədir», soruşanda isə Mais Məmmədov bildirdi ki, ANS-in yalnız bir dərdi var, o da Qarabağdır.

ANS-İN HAQQI DA VAR, ÖHDƏLİYİ DƏ

Rəşid Hacılı
«ANS hüquqi baxımdan seçki kampaniyasında pullu efir ayırmamaq hüququna sahibdir». Bunu isə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı deyir. Onun sözlərinə görə, amma yazılmış və yazılmamış qanunlar sırasında KİV-in «ictimai missiyası» deyilən bir anlayış var:

- Əslində, əgər söhbət ictimai əhəmiyyətli informasiyaları yaymaq öhdəliyi götürmüş televiziyalardan gedirsə, idman televiziyasını çıxmaq şərtilə, bütün televiziyalar ictimai funksiyanı yerinə yetirmək öhdəliyi götürməlidir. Məsələn, onların xəbərləri, siyasi-ictimai əhəmiyyətli verilişləri var. Bu tipli televiziyanın belə ictimai əhəmiyyətli prosesdən kənar qalması, qanun məhdudlaşdırmasa da düzgün sayılmalı deyil. Bu baxımdan, mən deyərdim ki, bu qərar seçki kampaniyasına, həm də televiziyanın xidmət etdiyi auditoriyanın ictimai maraqlarına zərər vura bilər.

«ANS TƏZYİQLƏR NƏTİCƏSİNDƏ KƏNARA ÇƏKİLİB»


Mais Məmmədov iddia edir ki, ANS əvvəlki seçki kampaniyalarında da pullu efir ayırmağa o qədər meylli olmayıb. Dediyinə görə, bu seçkilərdə isə sadəcə oturub fikirləşiblər, qərar veriblər ki, kampaniyaya qoşulmasınlar.

«AXCP-Müsavat» seçki blokunun təsisçilərindən biri, AXCP sədri Əli Kərimli xatırlayır ki, 2005-ci il parlament seçkilərində onlar ANS-in ödənişli efirindən yararlana və mesajlarını ictimaiyyətə çatdıra bilmişdilər. Amma bu dəfə müxalifət bloku belə bir imkanı itirəcək, bu isə seçki kampaniyasında təbliğat aparmaqlarına problem yaradacaq:

Əli Kərimli
- ATƏT-in seçkilərlə bağlı ilkin hesabatında belə bir fikir var ki, ANS builki seçkinin təbliğat kampaniyasına qatılmayacağını şirkətə olan təzyiqlərlə izah edib. Mən ATƏT-in təşkil etdiyi dəyirmi masada bu məsələni qaldırdım ki, ATƏT hakimiyyətlə dialoq aparsın ki, ANS-ə təzyiqlər olmasın. Görünür, bu istiqamətdə atılan addımlar kifayət olmayıb və ANS təzyiqlər nəticəsində kənara çəkilib.

Əli Kərimlinin fikrincə, bu da seçkinin azad və ədalətli keçəcəyinə mane olan ciddi faktorlardan biridir.

AXCP sədri onu da deyir ki, ANS-də itirəcəkləri efiri başqa televiziyalarda tapacaqlarına ümidləri azdır, həm maliyyə, həm də bu televiziyaların əksəriyyətinin hakimiyyətə bağlı olması baxımından. Və onlar daha çox ödənişsiz efirdən çıxış etməyi düşünürlər.

Digər televiziyalar isə seçkidə namizədlər və siyasi bloklar üçün ödənişli efir ayıracaqları ilə bağlı qərar veriblər.
XS
SM
MD
LG