Müsavat başqanı İsa Qəmbərlə kitab haqqında müsahibə
Bu yaxınlarda “The New-York Times” Barak Obamanın hansı romanları oxuması haqda üç məqalə yayımlayıb. Obamanın bir müddət öncə kitab dükanına gedib çox təvazökar şəkildə uşaqları və özü üçün roman seçməsi mətbuatda xeyli müzakirə edilib. Bəs görəsən, Azərbaycanda siyasi liderlər hansı kitabları oxuyur? Müsavat başqanı Isa Qəmbərlə söhbətimiz məhz kitab və ədəbiyyat haqqındadır.
- İsa bəy, hansı kitabları oxuyursunuz? Ən son nəyi oxumusunuz? Gənclərə hansı kitabların oxumalarını məsləhət görürsünüz?
- Təxminən yarım əsr geri qayıdıb desəm ki, kitab oxumağa 5 yaşımdan başlamışam, yadınıza Sabit Rəhmanın Kərəmovu düşəcək, ona görə də demirəm.
Amma bir şeyi mütləq deməliyəm: mən özümü xoşbəxt adam sayıram ki, gözümü açıb evimizdə atamın yalnız elmi deyil, həm də bədii ədəbiyyatla zəngin kitab rəflərini görmüşəm.
Doğma dilimizdə, rus dilində, hətta bir sıra xarici dillərdə yüzlərlə kitablar...
Klassik ədəbiyyat, yeni əsərlər... Atam hətta xarici səfərlərdən də kitab gətirirdi, məsələn, Bolqarıstandan qayıdanda Nazim Hikmətin nəfis tərtibatlı səkkizcildliyini gətirmişdi...
Üstəlik, ötən əsrin 60-70-80-ci illərində atam, sonra həm də mən Bakıda və Moskvada nəşr edilən əsas ədəbiyyat dərgi və qəzetlərinə abunə idik: “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat və incəsənət”, “Novıy mir”, “Inostrannaya literatura”, “Literaturnaya qazeta” - bunları daimi, “Znamya”, “Oktyabr”, “Drujba narodov”, “Yunost”, “Naş sovremennik”, “Molodaya qvardiya”, “Roman qazeta” və başqalarını isə yeri gələndə alırdıq.
Sözümün canı odur ki, həmin illərdə həm klassik ədəbiyyatı, həm də yeni yaranan ədəbiyyatı az-çox oxumuşam. 90-cı illər haqda bunu deyə bilmərəm, çünki o zaman siyasət prioritetə çevrildi.
Məncə, çox şey itirmədim, çünki 90-cı illərdə Azərbaycanda ədəbi proses xeyli səngimişdi.
2000-ci illərdə isə vəziyyət xeyli dəyişib.
Ölkəmizdə ədəbi proses canlanıb. Yeni-yeni müəlliflər meydana gəlib, xeyli əsər yaradılıb. Mən isə təəssüf ki, vaxt çatışmazlığından ədəbi prosesdən xeyli geri qalmışam. Indi səhvimi düzəltməyə çalışıram. Amma yenə də vaxt məsələsi...
Bu müqəddimədən sonra bilavasitə sualınıza keçirəm.
Fəaliyyət sahəmlə bağlı daha çox siyasi ədəbiyyatı oxuyuram. Həmçinin internetdə gündəlik olaraq yüzlərlə səhifə informasiyanı - siyasi, ictimai, iqtisadi proseslərlə bağlı - nəzərdən keçirirəm.
Bədii ədəbiyyat nümunələrini əsasən üç halda oxuyuram: ictimai müzakirələrə səbəb olan əsərlər, zövqünə inandığım insanların tövsiyə etdiyi əsərlər, müəlliflərin mənə bağışladığı əsərlər (bu meyarların üst-üstə düşdüyü də olur).
Hazırda masamın üstündə iki kitab var: Sabir Əhmədlinin “Yazılmayan yazı” əsəri və... “Seçki Məcəlləsi”.
Başqalarına konkret kitab məsləhət görməyə özümü haqlı saymıram, bunun üçün daha çox oxumalıyam, amma, ümumi məsləhətim odur ki, gənclərin, yeni müəlliflərin kitablarını alıb oxusunlar.
Çünki, əvvəla, gələcək onlarındır, ikincisi, onlara məhz indi dəstək vermək lazımdı, sabah çox məşhurlaşandan sonra onların bizə ehtiyacı azalacaq, bizim onlara ehtiyacımız artacaq.
- AYO və AYB arasındakı savaşa münasibətiniz necədir?
- Savaş dedikdə söhbət rəqabətdən gedirsə, müsbət baxıram, çünki istənilən sahədə monopoliyanın əleyhinəyəm və inanıram ki, inkişafın, keyfiyyətli məhsul istehsalının, o cümlədən yaradıcılığın əsas amillərindən biri müxtəliflikdir, rəqabətdir.
Söhbət deyişmədən gedirsə, neytral baxıram, çünki müxtəlif yazıçı qrupları, cərəyanları, nəsilləri arasında deyişmə hər zaman və hər yerdə qaçılmazdır.
Bəzi oxucular üçün yazıçıların əsərlərindən çox bir-biri ilə deyişməsi, bir-biri haqqında fikirləri maraqlı olur.
Yazıçılar özləri də bilirlər ki, onların əsərləri ilə yanaşı, başqa müəlliflər haqda dedikləri də tarixdə qalır.
Yəqin onu da nəzərə alırlar ki, birimiz başqası haqda bir söz deyəndə təkcə başqası haqda deyil, bizim haqda da fikir formalaşa bilər.
Söhbət ictimai mövqedən gedirsə, mən AYO-nun tərəfindəyəm. Çünki AYO-çular təkcə sözdə deyil, əməldə də nümayiş etdirirlər ki, onlar azad insanlardır və azadlığın tərəfindədirlər, hər hansı siyasi qüvvənin yox.
- Gənc yazarlardan kimləri bəyənirsiniz?
- Yeni müəlliflərin - müstəqillik dövrü müəlliflərinin - az bir qismini (Rafiq Tağı, Həmid Herisçi, Seymur Baycan, Əli Əkbər, Taleh Şahsuvarlı, Səfər Alışarlı, Elçin Hüseynbəyli) oxuduğum üçün fikrim subyektiv görünə bilər, amma nə edim, oxumadıqlarım haqda bir söz deyə bilmərəm ki...
Sadaladıqlarımın yaradıcılığı ilə tanışam və onları ümumən müsbət dəyərləndirirəm.
Fərqlidirlər, istedadlıdırlar, bəziləri çox cəsarətlidirlər. Diqqət etdinizsə, yeni müəllif dedim, gənc demədim, çünki bəziləri artıq bu kateqoriyadan çıxıb.
Yeri gəlmişkən, gənclərə də bir “yeni” xəbər deyim, gənclik çox sürətlə itirilən bir keyfiyyətdi və hər günün qədrini bilsinlər.
Eşitdiyimə görə, Seymur, Əli Əkbər və Taleh yeni romanlarını tamamlamaq üzrədirlər. Inanıram ki, oxucuları təəccübləndirə, həyəcanlandıra biləcəklər.
Adlarını çəkmədiyim müəlliflər inciməsinlər, onları indiyə qədər oxuya bilməməyim mənim qüsurumdu.
Amma onların da (məsələn, Günel Mövlud, Nərmin Kamal, Sevinc Pərvanə) əsərləri haqqında çox müsbət fikirlər eşitmişəm və bu məni sevindirir. Bu sırada xanımların adını çəkməyim onunla bağlıdır ki, oxumadığım müəllifləri oxumağa başlayanda onların əsərlərindən başlayacam.
- Azərbaycan ədəbiyyatının dünyaya çıxa bilməməsinin səbəbini nədə görürsünüz?
- Söhbət bir-iki kitabın bir neçə ölkədə nəşrindən gedirsə, bu, problem deyil, azacıq təşəbbüskarlıq bunun üçün yetərlidir.
Amma söhbət yazıçılarımızın və ya ədəbiyyatımızın dünya şöhrəti qazanmasından gedirsə, bu çox çətin məsələdir.
Burda bir sıra obyektiv səbəblər var, yəni bizim yazıçılardan asılı olmayan səbəblər. Bu, hətta Azərbaycanın futbol üzrə milli komandasının dünya çempionatına düşməsindən də qat-qat çətindir.
Futbol belədir ki, pul qoyarsan, işi düzgün təşkil edərsən, uşaqları yetişdirərsən, bir gün görərsən ki, 15-20 nəfər yetişdi ki, onlar rəqiblərə qalib gələ bilir.
Amma ədəbiyyat fərqli məsələdir, müxtəlif xalqlardan 100 milyonlarla oxucunu necə inandırasan ki, milyonlarla kitabın arasında bizim müəllifi oxusunlar...
Dünyaya çıxmaq üçün ilk növbədə çox güclü, orijinal əsərlər və dünya dillərinə, ilk növbədə ingilis dilinə çox mükəmməl tərcümələr lazımdı. Amma açığı, bu, kifayət deyil, burda birincisi, dövlətin gücünə, xüsusi dövlət siyasətinə ehtiyac var.
Ikincisi, dünyanın aparıcı nəşriyyatları, müəllifləri, tənqidçiləri və ictimaiyyəti yönləndirən şəxsləri ilə əlaqə qurmaq, işləmək lazımdı. Məsələn, yəqin eşitmisiniz ki, ABŞ-da ən populyar TV verilişlərindən biri Opra Uinfrinin şousudur.
Həmin bu Opra xanım öz verilişində heç kimin diqqətini cəlb etməyən bir kitab haqda müsbət fikir söyləyəndən sonra bu kitab milyon nüsxələrlə satılmağa başlayır və təbii ki, nəşrin müəllifi də öncə ABŞ-da, sonra da bütün Qərb dünyasında tanınır.
Üçüncüsü, burda bir şans məsələsi də var. Məsələn, 1968-ci il Praqa hadisələri həm mahiyyəti, həm də mövzuları ilə yazarlara böyük bir pəncərə açdı.
Bu faciəli hadisələr Vatslav Havel, Milan Kundera kimi yazarların bütün dünyada tanınmasına təkan verdi.
Zamanında Latın Amerikasının ispandilli müəlliflərinin dünya ədəbiyyatı liderlərinə çevrilməsi, məncə, yalnız onların istedadı, orijinallığı ilə bağlı deyildi, bütün bunlar həqiqətən olsa da.
Burda şərtlərin üst-üstə düşməsi məsələsi də var, dünya ədəbiyyatında bir “boşluğun” yaranması, yeni nəfəsə, yeni “dadlara” ehtiyac duyulması, yeni dalğanın ortaya çıxması və s.
Bu gün bəlkə də türkdilli ədəbiyyat üçün belə bir dalğanın lokomotivi rolunda Orxan Pamuk çıxış edə bilər, hətta özü bu fikirdə olmasa belə.
Biz nə edirik? Bu imkanı dəyərləndirmək əvəzinə əsərlə deyil, sözlə sübut etməyə çalışırıq ki, biz ondan yaxşı yazıçıyıq, o, təsadüfən və ya siyasi səbəblərdən məşhurlaşıb.
Nə isə... Məncə, biz və bizim yazıçılar ədəbiyyatımızı dünyaya təqdim etmək üçün mümkün olan hər şeyi etməliyik, amma bu məsələni özümüzə dərd eləməməliyik. Yazıb yaratmaq lazımdı.
Əvvəl-axır nəticə olacaq. Əsas odur ki, Azərbaycanda bu gün ədəbi prosesin yeni mərhələsi sürət götürür. Müəyyən bir ədəbi-ictimai mühit formalaşır.
Bu mühitdə xalqın iliyinə də bələd olan Murad Köhnəqaladan, Mirzə Sakitdən başlamış dünyanı bilən, qlobal miqyasda, daha önəmlisi, qlobal kontekstdə düşünə bilən Elmir Mirzəyev, Firudin Allahverdi kimi zövq sahibləri var.
Əli Əkbər, Seymur Baycan və bəzi başqaları artıq ölkədən kənarda da tanınmağa başlayıb, əsərləri bir sıra Avropa ölkələrində nəşr edilib.
Mən optimistəm. Inanıram ki, adını çəkdiyim və çəkmədiyim cavanlardan biri əvvəl-axır Nobel mükafatını ölkəmizə gətirib, ədəbiyyatdan başı çıxanların zövqünü, başı çıxmayanların da qürurunu feyziyab edəcək.
- Özünüz nəsə yazırsınızmı?
- Məşhur bir lətifənin məşhur qəhrəmanından fərqli olaraq mən yazıçı deyiləm, oxucuyam. Çalışacam ki, daha yaxşı oxucu olam.
Elmin Həsənli
"Azadlıq" qəzeti
Həmçinin oxu
İqbal Ağazadə, Zahid Oruc, Aydın Mirzəzadə, Fazil Mustafa kimləri oxuyur?