Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:35

Koreya lideri oğlu və bacısına general rütbəsi verdi


Kim Çen İr Çində, may 2010
Kim Çen İr Çində, may 2010
Şimali Koreya lideri Kim Çen İr özünün kiçik oğluna, ordu ilə heç bir əlaqəsi olmayan üçüncü oğlu Kim Çen Una general rütbəsi verib. Bununla 68 yaşlı xəstə diktatorun həm də öz varisinin kimliyini müəyyənləşdirməsi barədə söz-söhbət yaranıb.

Sentyabrın 27-də son 30 ildə ilk dəfə Şimali Koreyada hakim partiyanın toplantısı keçirilib. Toplantıda Kim Çen İr təzədən, həm də yekdilliklə partiyanın rəhbəri seçilib. Bundan savayı, toplantıda Kimin oğluna, 64 yaşlı bacısına və daha dörd nəfərə general rütbəsi verilib.

BİR GÜN ORDU GÖRMƏYƏN 27 YAŞLI GENERAL

1983-cü ya da 1984-cü il təvəllüdlü Kim Çen Unun adı indiyədək heç yanda çəkilmirdi, o, orduda olmayıb, İsveçrədə təhsil alıb.

68 yaşlı Kim Çen İrin bir neçə xəstəlikdən əziyyət çəkməsi, 2008-ci ildə Çində müalicə alması barədə xəbərlər var. 1994-cü ildə atasının ölümündən sonra hakimiyyəti ələ alan Kim Çen İr sülalənin üçüncü həlqəsini də davam etdirəcəyi heç kimdə şübhə doğurmur.

Gənc Kim Çen Un deyəsən, budur. Onun fotosu hələlik heç yanda dərc olunmayıb
«ƏZİZ ÖNDƏR» OLMAQ İSTƏDİ, «ƏBƏDİ PREZİDENT» OLDU

İqtisadiyyatı dağılmış, vətəndaşları ciddi ərzaq ehtiyacı içində yaşayan bu ölkədə Kim ailəsinin kultu formalaşdırılıb. Kim Çen İr öz atasını «əbədi prezident» elan edib, baxmayaraq ki, atası Kim İr Sen özünü «əziz öndər» adlandırırmış.

İşçi Partiyasının toplantısından əvvəl nümayəndələr Pxenyanda Şimali Koreyanın qurucusu hesab edilən Kim İr Senin qəbrini ziyarət ediblər.

Son vaxtlar səhhəti pisləşən indiki diktatorun kimi varis edəcəyini indi dünya dördgözlə izləyir. Çünki bu ölkə Cənubi Koreya ilə müharibə vəziyyətindədir, həm də nüvə proqramları həyata keçirir.

ABŞ rəsmiləri bildiriblər ki, hələlik Şimali Koreya rəhbərliyində dəyişikliklər haqqında danışmaq tezdir, amma bu ölkədə baş verənləri yaxından izləyirlər.

İNDİ NƏ BAŞ VERƏCƏK?

Şimali Koreyanın banisi Kim İr Sen və hazırkı lider Kim Çen İrin portretləri
Seuldakı Kukmin Universitetinin professoru Andrey Lankov deyir ki, artıq Şimali Koreyada yeni hakimiyyət formalaşır. Onun fikrincə, Şimali Koreyada proseslərin bundan sonrakı gedişi belə ola bilər:

«İdealda bu, belə baş verməlidir: Kim Çen Un simvolik liderə çevrilir, formal diktator olur. Amma bu adamın yaşı və siyasətlə bağlılığı az olduğu üçün real siyasi gücü yoxdur. Ona görə arxasında atasının bacısı və onun əri dayanacaq».

Sentyabrın 27-də İşçi Partiyasının toplantısında Kim Çen İr özünün 64 yaşlı bacısına da general rütbəsi verib. Andrey Lankov da Kim Çen Una mümkün dayaq kimi onu nəzərdə tutur. Bu yaşlı qadın hazırda Şimali Koreyada ikinci nüfuzlu şəxs hesab edilən Çan Sonla evlidir.

GÖZLƏR DİVARLARA DİKİLİB: PORTRETLƏR SIRASINA KİMİN ŞƏKLİ ƏLAVƏ OLUNACAQ?

Amma bu qapalı ölkədə proseslərin bu ssenari üzrə inkişaf edib-etməyəcəyini hələ də müşahidəçilər tam əminliklə deyə bilmirlər. İndi xarici müşahidəçilər və jurnalistlərin gözləri Şimali Koreyada divarlara dikilib. Kim Çen Unun portretləri evlərdə və iş yerlərində babası və atasının portretlərinin yanında peyda olsa, bu, artıq müəmmalı gənc adamın həqiqətən də varis olmasının əlaməti sayıla bilər.
XS
SM
MD
LG