Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Həm şairdi, həm tar çalır, həm də idmanla məşğul olur...


YAZARLARIN HOBBİLƏRİ

Gənc şairə Xuraman Hüseynzadə həm tar çalır, həm kapoeyra ilə məşğul olur, həm də hərdən fotoqraflıq etməyi sevir.


- Bəlkə əvvəl kapoeyranın tarixindən başlayaq...

- Başlayaq. 1500-cü ildə konkvistador Pedro Kabralın rəhbərliyi altında portuqaliyalılar Braziliyanı müstəmləkələşdirdilər.

Pink Floyddan, Eminemdən, “H.O.S.T”dan aldığım zövqü Ağaxan Abdullayevdən və ya Canəli Əkbərovdan ala bilmirəm.
Onların qul kimi işlətdiyi yerli hinduların çoxu bu ağır işgəncəyə dözmədiyi üçün çıxış yolunu özünümüdafiədə gördülər və beləcə kapoeyranı yaratdılar.

Hətta kapoeyranı gizli inkişaf etdirmək üçün ona müəyyən rəqs elementləri də əlavə etdilər.

1930-cu ildəki hərbi çevrilişdən sonra ölkədəki siyasi atmosfer dəyişdi və kapoeyra Braziliyanın milli mədəniyyət incisi hesab olundu.

- Bəs kapoeyra sözünün mənası nədi və nəyə görə məhz bu idman növünü seçdiniz?

- “Tikanlı kol” deməkdir. Bundan əvvəl mən idmanın bir sıra növləri ilə məşğul olmuşam.

Amma sonradan bu idman növünə marağım artdı. Çünki kapoeyra zəngin bir idman növüdür.

Məsələn, buraya idmanın bir çox növlərinin- kunq-fu-vuşunun, akrobatikanın, boksun, cüdonun, giu-gitsunun, muay-tayın, gimnastikanın əsas elementləri daxildir.

Yeri gəlmişkən, fürsətdən istifadə edib Kapoeyra Federasiyasının baş məşqçisi, müəllimim Alim Əliyevə təşəkkürümü bildirirəm.

- Bunun xarakterinizlə və yaradıcılığınızla bir əlaqəsi var?

- Sərbəstlik və “tikanlı olmaq” baxımından var.

Kapoeyrada belə bir meyar var ki, məsələn, insan əgər əli ilə şəkil çəkməyi bacarırsa, ayağı ilə də çəkə bilər. Bu baxımdan xarakterimə daha yaxındır.

Yəni çətinlikləri dəf etmək, mübarizə aparmaq və qalib gəlmək mənim əsas amalımdır. Ümumiyyətlə “kapoeyra mənim həyatımdır” deyə bilərəm.

- Musiqi ilə aranız necədir, ən çox nəyə qulaq asmağı xoşlayırsız?

- Tarla bağlılığım olduğu üçün muğamları ifa etməyi daha çox sevirəm. Amma ən çox dinlədiyim musqilər rok və repdir.

- Bir az qəribə səslənir... Muğam ifaçılarına qulaq asmırsız?

- Bilirsiz, muğamda, xanəndələrin ifasında bu gün bir yeknəsəqlik var.

Mən uşaq vaxtı evimizdə təşkil olunan məclislərdə rəhmətlik xanəndə Şahmalı Kürdoğlunu dəfələrlə tarda müşayiət etmişəm.

Yəni kimin nəyə qadir olduğunu bilirəm. Məsələn, Pink Floyddan, Eminemdən, “H.O.S.T”dan aldığım zövqü Ağaxan Abdullayevdən və ya Canəli Əkbərovdan ala bilmirəm.

Amma məsələn, Mənsum İbrahimovun, dostum Təyyar Bayramovun və digər gənc xanəndə dostlarımın ifasını sevə-sevə dinləyirəm və səslərinin belə deyim, rəngini görə bilirəm.

Bu, ola bilsin ki, qarabağlı olmağımdan irəli gəlir.

- Keçək ədəbiyyata... Hansı yazarların yaradıcılığından təsirlənmisiz?

- Heç kimdən təsirlənmirəm. Mən də kimlərinsə oxucusuyam sadəcə. Yazdıqlarım özümə aiddir. Qofmanın fantaziyasına xas tutqun çalarlar Edqar Allan Ponun yaradıcılığında qabarıq şəkildə hiss olunur.

Bu haqda Edqar Podan soruşduqda, deyib ki, mənim hekayələrimin dəhşəti Almaniyadan yox, daxildən gəlir.

İkinci bir tərəfdən, təsirləndiyim məqamlar başqadır. Mənə yaradıcılıq stimulu verən cəmiyyət və öz həyatımdır.

- Son vaxtlar ədəbiyyatda bir canlanma hiss olunur. Hamı yazır, amma bəziləri heç bilmirlər ki, onları oxuyan varmı?


- Ədəbiyyat da şou-biznes kimidir. Yazıçının və ya şairin əsərlərinin oxunması üçün gündəmdə olmaq da əsas şərtlərdən biridir. Henrix Böllün ölümü gündəmi uzun müddət məşğul etmişdi.

Onun ölümündən sonra nəşr ediləcək “Qadınlar çay kənarında” romanına əvvəlcədən abunə yazılanların sayının durmadan artmasına səbəb onun vəfat etməsi olmuşdu.

- Yaşıdlarınız olan gənc yazarlardan sizi fərqləndirən cəhət nədir?


- Bu haqda bir söz deyə bilmərəm. Ola bilsin, idmançı olmağım fərqləndirə bilər.

Hər halda oxucular bunu daha yaxşı hiss edər. Marqaret Düras deyirdi ki, başqalarının fikri həm də bizim kim olduğumuzu müəyyən edir.

Özüm haqda isə yalnız onu deyə bilərəm ki, həyatımdan məmnunam, həyatdan zövq almağı bacarıram və xoşbəxtəm.

- Gəlin, bir az da ədəbiyyatda qadın-kişi münasibətlərindən danışaq. İlk öncə bilmək istərdim, qadın yaradıcılığı nöqteyi-nəzərindən önəmli hesab etdiyiniz yazarlar kimdir?

- Vircinya Vulf, Simona de Bovuar və Marqaret Düras. Madam Düras deyirdi ki, kişilər siyasətçi deyillər, diplomatdırlar. Bu isə bir pillə aşağıda olmaq deməkdir.

Amma məncə əgər bir zamanlar həqiqətən də qadınların məsələn, dünya şöhrətinə iddialı olması kişiləri qıcıqlandırırdısa, bu gün onun tam əksi ilə qarşılaşırıq.

Qadın yazarların yaradıcılığı kişilərin daha çox diqqətini çəkir...

- Bu, nə ilə bağlıdır? Kişilər belə deyək, ağ bayraq qaldırdı?

- Bəlkə də hə. Müasir qadın yazarlar çox ağılllı və istedadlıdırlar, mütaliəlidirlər.

İnanıram ki, kişilərə yol göstərə biləcək qədər müdrikdirlər.

Fikir verin, mənasız şeirlərini qoltuğuna vurub qapı-qapı düşən, məsələn, AYB-də lazımsız kitablarına qonaqlıqlar hesabına təqdimatlar düzənləyənlər kişilərdir.

Təkcə elə bu fakt hər şeyi deyir.

- Yaradıcılığınızla bağlı təzə nə xəbər var?

- Yeni şeirlər kitabımı çapa hazırlayıram...

Ramin

Həmçinin oxu
Xuraman Hüseynzadə "Möhbalı ilə söhbət" (Şeirlər)
Xuraman Hüseynzadə "İzaura və Zaur" (Hekayə)
XS
SM
MD
LG