Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

Azərbaycan rəngkarlığının kraliçası kimdir?


Nicat Feyzullayev
Nicat Feyzullayev
“Çəkdiyim film anam deyil, sənətkar haqqındadır”. Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına “Yaddaş” studiyasında Azərbaycan rəngkarlığının kraliçası sayılan Vəcihə Səmədova barədə çəkilən filmin rejissoru Nicat Feyzullayev söylədi:

“Oktyabr ayında Vəcihə xanımın ölümünün 45 ili tamam olur. Bu 45 ildə nə qədər nəsil dəyişib. Düzdür, onun adına Rəssamlar İttifaqının Sərgi salonu var. Amma mən istədim ki, bu adı eşidənlərə əyani şəkildə onun kim olduğunu göstərim”.

AMANSIZ XƏSTƏLİK ONU ARAMIZDAN APARDI...


Cəmi 40 yaşında dünya ilə vidalaşan Vəcihə xanım qısa, amma çox dəyərli bir həyat yaşayıb:

“5 il Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 6 il Moskvada Surikov adına Rəssamlıq İnstitutunda oxuyub. Böyük rus rəssamı Korinin tələbəsi olub. 3 il də aspiranturada təhsil alıb. Üst-üstə 14 il rəssamlıqla məşğul olub. Bütün işlərini də bu qısa zaman kəsiyində yaradıb”.

FİLM 42 DƏQİQƏ SÜRÜR

Atası Lətif Feyzullayevin də rəssam olduğunu, hətta Rəssamlıq məktəbində anasına dərs dediyini xatırlayan rejissor sənədli film çəkməyin çətinliklərindən söz açdı: “Sənədli filmin strukturu, ssenarisi bədii filmdən çətindir. Bədii filmdə pis-yaxşı süjet səni aparır. Amma sənədli filmdə obraz yaratmaq və seyrçini 42 dəqiqə qımıldanmadan filmə baxmağa məcbur etmək çox çətindir”.

FİLMDƏ VƏCİHƏ XANIMIN MÜASİRLƏRİ DANIŞIR

Vəcihə xanımın ölümünün 45 ili tamam olur
Onların arasında xalq rəssamı Oqtay Sadıqzadənin də olduğunu vurğulayan Nicat Feyzullayev “Danışanların çoxu 80 yaşdan yuxarı insanlardır. Ömər Eldarov, Tokay Məmmədov, Tahir Salahov, Xəyyam Mirzəzadə, Fərhad Xəlilov, hətta nisbətən cavan rəssamlardan Sakit Məmmədov filmdə Vəcihə xanım barədə çox səmimi söhbət açırlar”- dedi.

FİLMİN ADINI SAKİT MƏMMƏDOV VERDİ


Filmin adını tapa bilmədiyini etiraf edən rejissor Sakit Məmmədovun onun köməyinə çatdığını dedi:

“Sakit Məmmədov anamı görmədiyindən onun haqqında rəssam kimi danışdı. Və söylədi ki, Vəcihə Səmədova Azərbaycan rəngkarlığının kraliçasıdır. Mən bu sözü filmin adına verdim”.


Nicat bəy Vəcihə xanımın doğrudan da, ilk qadın rəngkar olduğuna diqqət çəkdi: “Ondan qabaq Maral Rəhmanzadə oxuyub Moskvada. Amma o qrafik idi. Anam isə rəngkar”.

VƏCİHƏ XANIM TƏBİƏT VURĞUNU İMİŞ

Anasının pambıqçıları, bir də Azərbaycan mənzərələrini çəkdiyini deyən Nicat Feyzullayev “Biz onunla Azərbaycanı qarış-qarış gəzmişik. Göygöldə, Daşkəsəndə, Xoşbulaqda olmuşuq. İki ay Göygöldə çadırda yaşamışıq. Yüzlərlə etüd işləyib anam. Onun əsasında yaratdığı əsərlər də var”- deyə xatirələrə daldı.

ANASIZ ÇƏTİN OLDU...

Vəcihə Səmədovanın rəsm əsəri
Amma atası ilə əl-ələ verib bu çətinliyi aşdıqlarını deyən Nicat Feyzullayev “Atam anamdan sonra evlənmədi. Ancaq 1965-ci ildən sonra atamın yaradıcılığı tamam dəyişdi. Başqa səpgidə tablolar işləməyə başladı” dedi.

ATAMLA ANAMA HƏSƏD APARIRAM


Valideynlərinə sənətkar kimi həsəd apardığını deyən Nicat bəy “Onlar doğrudan da müstəqil idilər. Quruluşu qəbul etməyiblər. Ancaq sənətlə məşğul olublar. Çünki Allahdan başqa elə bir qüvvə yoxdur ki, rəssamın, yazıçının, musiqiçinin əlindən tutsun. Amma bizim kino sənəti cəncəl sənətdir. Əgər dövlət, nazirlik pul buraxmasa, mən film çəkə bilmərəm” dedi.

Son filmi olan “Küçələrə su səpmişəm”də çox əziyyətlər çəkdiyini deyən N.Feyzullayev neçə illərdir ki, əlində “Əgər qismətim olarsa...” adlı hazır ssenari olduğunu, bu yolda dörd ildir vuruşduğunu da söyləməyi unutmadı.

“İz” qarşınızdadır. Dinləsəniz, ən son mədəniyyət xəbərlərindən də xəbərdar olacaqsınız.


XS
SM
MD
LG