Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

AVP MSK-dakı yerini BAXCP-yə güzəştə gedir


Ana Vətən Partiyası (AVP) Mərkəzi Seçki Komissiyasındakı (MSK) yerini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına (BAXCP) güzəştə gedir. AVP sədri, deputat Fəzail Ağamalı AzadlıqRadiosuna bildirib ki, partiya öz təmsilçisi Rövşən İsmayılovun MSK-da boş qalan yerini BAXCP –yə verir:

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası həmin yerə sahib olmaqla bağlı təkid edirdi. Biz bu partiyanın sədri Qüdrət Həsənquliyevin məsələ ilə bağlı arqumentlərini əsas götürərək həmin yeri onlara güzəştə getmək qərarı verdik. Güman edirik ki, müəyyən məsələlərdə zərurət yarandıqda gələcəkdə də BAXCP bizə güzəştə gedəcək”.

AVP-nin təmsilçisi Rövşən İsmayılov iyun ayında Konstitusiya Məhkəməsinin hakimi təyin olunduğu üçün MSK-da fəaliyyətini dayandırıb.

Müsavat Partiyası da indiyədək 2 nümayəndəsini vermədiyi üçün qanunla 18 nəfərdən formalaşdırılmalı olan MSK 16 üzvlə fəaliyyət göstərir.

Ötən həftə Müsavat Partiyası MSK-ya öz namizədlərinin (Gülağa Aslanlı və Ənvər Əliyev) təsdiqlənməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

Fəzail Ağamalının sözlərinə görə, parlamentin oktyabrın 8-nə nəzərdə tutulan iclasında MSK-ya yeni üzvlərin təyin edilməsinin müzakirəsi gözlənilir.

BAXCP-dən Elçin Mirzəbəyli isə AzadlıqRadiosuna bildirib ki, onlar dəfələrlə partiya təmsilçisi Mikayıl Rəhimovun MSK-ya üzv olması ilə bağlı müraciət ediblər. Partiyanın bu istəyi qüvvədə qalır və əgər parlamentin növbəti iclasında məsələ müzakirəyə çıxarılarsa, buna müsbət yanaşarlar.
XS
SM
MD
LG