Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:28

«Korrupsiya ilə mübarizə üçün iradə lazımdır»


Adil İsmayılov
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquqşünas Adil İsmayılov korrupsiyanın qarşısını almaqda Saakaşvili təcrübəsindən danışarkən bildirib. O deyib ki, qonşu ölkənin prezidentinin bu istiqamətdə gördüyü işlərdən nəticə çıxarmalıyıq:

«Bu müsahibədən bizim üçün nəticə çıxarmaq olar. Nəticə də ondan ibarətdir ki, hamı deyir ki, bu, hər yerdə var. Niyə bizi Amerika ilə, İngiltərə ilə müqayisə edirsiniz? İş ondadır ki, biz Gürcüstanla müqayisə olunasıyıq axı. Eyni şəraitdə olmuşuq axı. Orda bunun qarşısını almaq mümkün olubsa, demək bizdə də mümkündür».

Digər hüquqşünas Vasif Mövsümov isə deyir ki, korrupsiyanın nəticəsinə yox, onu yaradan səbəblərə qarşı mübarizə aparmaq lazımdır.

«KORRUPSİYANI YARADAN SƏBƏBLƏRƏ QARŞI MÜBARİZƏ APARILSIN»

«Bizdə kimisə həbs edəndə deyirik ki, bu, korrupsiyaya qarşı mübarizədir. Yox, bu korrupsiyanın nəticəsinə qarşı mübarizədir. Korrupsiyanı doğuran səbəblərə qarşı mübarizə deyil. Korrupsiya yaradan şəraitə qarşı mübarizə deyil. Yaxşı olardı ki, korrupsiyanı yaradan səbəblərə qarşı mübarizə aparılsın. Necə ki, Gürcüstanda».

Toğrul Cuvarlı
Politoloq Toğrul Cuvarlı isə hesab edir ki, korrupsiya ilə mübarizə aparmaq üçün rəqabətli iqtisadiyyat qurmaq və korrupsiyanın dərin kök saldığı nöqtələri tapmaq lazımdır:

«Korrupsiyanın günahkarları kifayət qədər məlumdur. Burda velosiped icad etmək lazım deyil. Gürcüstanın korrupsiyaya qarşı son nailiyyətləri ilk növbədə onunla əlaqədardır ki, Gürcüstan iqtisadiyyatı kifayət qədər dünyaya açılıb. Dünyaya açılan kimi rəqabət mühitinin özü başlayır korrupsiya ilə mübarizə aparmağa. Bu mənada ən sadə resept budur yəqin ki. Şübhəsiz ki, korrupsiya bundan qat-qat mürəkkəb bir şeydir. İlk növbədə müəyyən etmək lazımdır ki, hansı daha ağrıdan nöqtələrdir? Mənim aləmimdə Azərbaycanda ən dəhşətlisi odur ki, təhsildə, məhkəmə-hüquq sistemində kifayət qədər korrupsiya var və dövlət qurumlarında kifayət qədər şəffaflıq yoxdur».

Hüquqşünas Vasif Mövsümov isə həmçinin bildirib ki, liberal iqtisadiyyat təcrübədə korrupsiya ilə mübarizə üçün qəbul olunmuş şərtlərdən biridir:

Vasif Mövsümov
«Korrupsiyanı doğuran şəraitin aradan qaldırılması vacibdir. O şəraiti yaradan ayrı-ayrı dövlət qurumları var. Məsələn, liberal iqtisadiyyatın - rəqabətli iqtisadiyyatın yaradılması dünya təcrübəsində korrupsiyanın aradan qaldırılması istiqamətində əsas şərtlərdən biridir. Gürcüstanda bu addımın atılması digər sahələrə də təsirini göstərib».

«KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜÇÜN İRADƏ LAZIMDIR»

Adil İsmayılov isə deyir ki, hər şeydən öncə korrupsiya ilə mübarizə aparmaq üçün iradə lazımdır:

«Birinci növbədə iradə lazımdır. Yəni deyilməlidir ki, bizə korrupsiya lazım deyil. Bu gün Azərbaycan kimi dövlətlərdə korrupsiya gündəlik həyatın normasına çevrilib. Mən hesab edirəm ki, artıq Azərbaycanda ictimai təhlükəliliyini itirib rüşvət. Faktiki olaraq addımbaşı rüşvətdir. O mənada hesab edirəm ki, nəyi isə ləğv eləmək, bağlamaq - bu artıq ikinci addımlardır. Birinci ortalığa iradə qoyulmalıdır ki, biz istəmirik ki, cəmiyyətdə rüşvət olsun».

XS
SM
MD
LG