Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:52

«Belə davam etsə, dövlət büdcəsi Neft Fondunun adicə əlavəsinə çevriləcək»


Samir Şərifov
Samir Şərifov
“2011-ci ildə bir sıra proqram və tədbirlərin - o cümlədən təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün 16,4 milyon manat, məktəbəqədər təhsilin maliyyələşməsi üçün 9,2 milyon, şagirdlərin pulsuz dərsliklərlə təminatı üçün 8,1 milyon manat vəsait nəzərdə tutulub”.

Bu maliyyə naziri Samir Şərifovun parlamentdəki çıxışından idi. Oktyabrın 12-də Milli Məclis 2011-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başladı.

Növbəti ilin layihəsində büdcənin gəlirləri 12 milyard 61 milyon, xərclər isə 12 milyard, 748 milyon manat məbləğində nəzərdə tutulur. Əsas məsələ - neftin qiyməti isə büdcə layihəsində 60 dollar götürülür.

OTURUŞMUŞ BÜDCƏ


Hesablama Palatasının sədri Heydər Əsədov deyir ki, Azərbaycanın büdcəsi loru dildə desək, artıq oturuşmuş bir büdcədir. Yəni, o artıq real iqtisadi artımı özündə əks etdirməklə, dövlətin, hökumət başçısının müəyyən etdiyi hədəflərə və prioritetlərə cavab verməklə və dəqiq hesablamalara əsaslanaraq tərtib edilən büdcədir.

Onun fikrincə, gələn ilin büdcəsində neftin qiymətinin 60 dollar götürülməsi və real iqtisadi artıma belə konservativ yanaşılması əslində borclanmanın səviyyəsinin düşünüldüyündən də aşağı olacağını deməyə əsas verir. Heydər Əsədov deyir ki, 2011-ci ilin büdcəsi özünün şəffaflığına, ünvanlılığına, xərclərin təsnifatının və təyinatının dəqiqləşdirilməsinə görə digər büdcələrdən seçilir.

SAİR XƏRCLƏR, DİGƏR MÜXTƏLİF XƏRCLƏR


Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə ümumən büdcənin real vəziyyəti əks etdirdiyini bildirməklə yanaşı nəzərdə tutulan göstəricilərin yerinə yetiriləcəyini güman edir. Amma bununla belə, o, büdcə layihəsində yenə də həmişəki kimi qaranlıq qalan məqamların olduğunu da deyir:

Sabir Rüstəmxanlı
“Büdcə layihəsinin təqdimatında şəffaflıqdan çox danışıldı. Amma şəffaf olmayan məqamlar da var. Məsələn, demək olar ki, bütün bölmələrdə, bütün sahələr üzrə xərcləmələrdə “sair xərclər”, “digər müxtəlif xərclər” ifadəsi işlənir. Bunlar nə deməkdir, anlaşılmır. Özü də bunlar küllü miqdarda vəsaitdir. Əgər söhbət müdafiə xərclərindən getsəydi, anlamaq olardı. Amma başqa sahələrdə bu nə deməkdir, bilinmir. Təqaüdlər və digər təqaüdlər, avadanlıq və digər avadanlıqlar kimi başa düşülməyən paralellər çoxdur layihədə”.

Sabir Rüstəmxanlının fikrincə, büdcə layihəsində ümumdaxili məhsulun payı azdır və bu, bölgələrdə inkişafın lazımınca getmədiyini göstərir.

2011-ci ilin büdcə layihəsində ümumi dövlət xidmətləri xərcləri 1 milyard, 140 milyon, elm xərcləri 1 milyard 8 milyon, müdafiə xərcləri 1 milyard 325 milyon manat nəzərdə tutulur. Təhsilə 1 milyard 338 milyon, səhiyyəyə 545 milyon, sosial müdafiə və sosial təminata 1 milyard 324 milyon manat vəsait ayırmaq planlaşdırılır.

ƏN AZI İKİQAT QEYRİ-ŞƏFFAF BÜDCƏ

İqtisadçı ekspert Məhəmməd Talıblı isə hesab edir ki, 2011-ci ilin hələ layihə şəklində olan büdcəsi özündən əvvəlkindən ən azı ikiqat qeyri-şəffafdır:

Məhəmməd Talıblı
“Əvvəlki büdcəyə 600 milyon manata yaxın vəsait əlavə olunmuşdu, gələn ilkinə isə 800 milyondan çox vəsait əlavə olunub. Yəni, kecən il büdcə şəffaf deyildi. İndi artıq 23 dəfə artıb bu qeyri-şəffaflıq. Neft Fondundan büdcəyə transfer də keçən illə müqayisədə artır və sairə. Bütün bunlar büdcənin şəffaf olmamasının göstəricisidir”.

Məhəmməd Talıblı deyir ki, bütün parametrlər üzrə qiymətləndirəndə aydın görünür ki, büdcə şəffaf deyil və onun Neft Fondundan asılılığı bir az da artıb. Əgər belə davam etsə, yaxın illərdə Azərbaycanın dövlət büdcəsi Neft Fondunun adicə bir əlavəsinə çevriləcək. Belə olan halda hökumətin və Hesablama Palatasının büdcə haqqında tərif söyləmələri anlaşılan deyil.
XS
SM
MD
LG