Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:37

«Sən bizdən deyilsən!» Bu ittiham təsviri sənətdə də varmış...


Rafael Gülməmmədli
Rafael Gülməmmədli
«Biz böyük retrospektiv sərgi düzənləmək fikrində deyildik. Məqsədimiz Azərbaycan təsviri sənətində yarım əsrlik bir dövrü əhatə edən modern təfəkkürlü rəssamların əsərlərini təqdim etmək idi».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan R.Mustafayev adına Dövlət İncəsənət Muzeyinin sərgilərin təşkili şöbəsinin müdiri Rafael Gülməmmədli söylədi.

Onun sözlərinə görə, muzeydə oktyabrın 7-də açılan «Azərbaycan incəsənəti əsrlərin qovşağında» (rəngkarlıq, qrafika, heykəltəraşlıq) sərgisi 60-cı illərdən ta bu günümüzədək yaranmış avanqard təxəyyüllü əsərlərdən təşkil edilib. «Artıq XXI əsrin təsviri sənəti XX əsrin təsviri sənətindən fərqlənir. Sənətin ifadə tərzləri fərqlidir. Amma bu 50 il bizə imkan verir ki, təsviri sənət tariximizə bir baxış keçirək».

DÖVLƏTİN İDEOLOJİ ŞTAMPLARI VARDI

R.Gülməmmədlinin fikrincə, bu sərginin özəlliyi sovet ideologiyası tərəfindən qəbul edilən və edilməyən ən istedadlı avanqard rəssamları bir yerə toplamasıdır: «Sovetlərin qəbul etməməsi rəssamın istedadsız olması demək deyildi. Dövlətin ideoloji ştampları var idi. Bu ştampa uyğun olanlar qəbul olunurdu, təbliğ edilirdi, sərgilərdə iştirak edirdi, ad alırdı və s. Və bu adı almağa haqq edirdi. Elələri də var idi ki, solçu sayılırdı, anderqraund hesab olunurdu. Fikrimcə, bu böyük bir stereotip idi. Sənət sənətdir. Onun meyarlarını kim təyin edə bilər ki, desin - sən yaxşısan, ya pis?».

RƏSSAMLARI VAHİD BAXIŞDAN KEÇİRDİK

Zaman keçdikdən sonra, ideoloji klişelərin olmadığı bir şəraitdə dövrə obyektiv nəzər saldıqlarını deyən qonağımız vaxtilə əks mövqelərdə olan, fərqli axınları təmsil edən və özündə XX əsrin sənət duyumunu əks etdirən rəssamları vahid bir baxışdan keçirdiklərini
«Azərbaycan incəsənəti əsrlərin qovşağında» (rəngkarlıq, qrafika, heykəltəraşlıq) sərgisi
vurğuladı:

«Ona görə də bu sərgidə dünyaca məşhur rəssamlarla bərabər, son onilliklərdə üzə çıxmış, tanıtmaq istədiyimiz rəssamlar da vardır. Sovet dövlət strukturları tərəfindən müəyyən təzyiqlərə məruz qalan Cavad Mircavadovla, Kamal Əhmədlə və Tofiq Cavadovla birgə şöhrətli rəssamlarımız Tahir Salahov da var, Rasim Babayev də».

ONLAR NİYƏ BƏYƏNİLMİRDİLƏR?

Beləliklə, əsrin ruhunu daşıyan rəssamların əsərlərini bir yerə topladıqlarını deyən R,Gülməmmədli «o rəssamlar necə çəkirdilər ki, bəyənilmirdilər» sualını da cavabladı:

«Təbii ki, quruluş öz ideologiyasının əsasını təşkil edən, sosializm quruculuğunu əsərlərində təbliğ edən rəssamlara üstünlük verirdi. Amma bu o demək deyil ki, hər kolxozçunu, fəhləni çəkən böyük rəssamdır. Və ya belələrini çəkən pis rəssamdır. Xeyr! Biz o üzdən klişeləri, ştampları kənara qoyduq və sənətə sənət nəzəri ilə baxdıq».

SƏN BİZDƏN DEYİLSƏN!


Qonağımızın fikrincə, əslində o dövrdə yaşayan rəssamlar ətrafda baş verənlərə biganə olmamalı idi:

«Amma bunu problemə çevirmişdilər. Fikirləşirdilər ki, əgər sən tamam başqa kompozisiya seçirsənsə, bizdən deyilsən...Bu rəssamlar (onların bir qismi Abşeron yaradıcılıq məktəbi adı altında fəaliyyət göstərirdilər) mövzu seçimində, kompozisiya qurmaqda azad seçim edirdilər. Klassik təsviri sənət kanonlarından kənara çıxırdılar. Fərq bunda idi».

TƏSVİRİ SƏNƏTDƏ İNTİBAH DÖVRÜ?!


«Azərbaycan incəsənəti əsrlərin qovşağında» (rəngkarlıq, qrafika, heykəltəraşlıq) sərgisi
R.Gülməmmədov XX əsri Azərbaycan rəssamlığının intibah dövrü hesab edir: «Kiçik bir ölkədən o dərəcədə istedadlı rəssamlar çıxıb ki, həm biz, həm də gələcək nəsil onlarla fəxr etməlidir. Onlar Azərbaycanı təmsil edən, ölkəyə qürur gətirən rəssamlardır».

BAKILILAR SƏRGİYƏ GƏLİRLƏRMİ?


Rafael Gülməmmədov sərgiyə gəlişin bir professional kimi onu qane etmədiyini dedi: «Mən istərdim ki, çox gəlsinlər. Potensiala cavab vermir - bizim saya, bizim təhsil səviyyəsinə. İstərdim ki, insanlar ailəliklə gəlsinlər. Ona görə yox ki, bizim işimizdir. Yox! Təsviri sənət heç rəssamın özünə məxsus deyil, o ki qaldı təşkilatçılara. O xalqındır. Və biz bir xalq olaraq onu istismar etməliyik. Yoxsa böyüməkdə olan nəsli hansı köklər üzərində qura bilərik?».

-- «Can Bakı»nın rəssamlarla bağlı verilişinə niyə sual gəlmədi?
--Sizcə mövzu nə olsa idi sual yağışına tutulardıq?
--Qonağımız «nə edək ki, övladlarımız sənətə qiymət verməyi bacarsınlar»sualını necə cavabladı?
--R.Gülməmmədov hansı rəssam barədə «o magistral yolu tanıtdı» söylədi?
--Hansı rəssam ezop dilindən faydalanırdı?
--Qonağımız klassik kanonlara dayanaraq əsərlər yaradan şöhrətli rəssamları necə qiymətləndirdi?

«Can Bakı» qarşınızdadır. Haqqında danışdığımız sərgi isə iki ay davam edəcək.
XS
SM
MD
LG