Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:15

“Yad dildə" haqda tənqidi yazıların çoxundan 37-ci ilin havası duyulur


Ədəbiyyatşünas Zümrüd Yağmur: Tarixə baxsaq və kimlər üzərində daha çox dayanıldığını xatırlasaq Pərvizi təbrik etmək lazım.

İndi mənim üçün o qədər də əhəmiyyət daşımayan, amma bir vaxtlar üzərində diqqətlə işləyib yazdığım elmi işlərim, həm namizədlik, həm də doktorluq dissertasiyalarından mənə iki monoqrafiya və bir də imzamın yanında çoxdandır istifadə etmədiyim elmi dərəcəmdən başqa, bir də anladığım bir həqiqət, Azərbaycan tənqidindəki primitivlik, səthilik, quru təhlil, məişət səviyyəsində əsərə yanaşma və bir də...utanc verici də olsa deməyə məcburam, paxıllıq hissinin nə qədər bu sahəni şikəst etdiyi qalıb...

Fəqli və daha dərin düşüncəni görəndə təşvişlənən, heç anlamadığı halda güya ki, mahiyyətdə gəzişmələr etməyə çalışan, amma öz insan mahiyyətindən kiçik tənqidçilərin çoxu bir zaman mənim Cavid haqqında yazdığım namizədlik işinə irad tuturdular ki, iş ədəbiyyatdan yazılıb, amma daha çox fəlsəfidir, mən də anlada-anlada yorulurdum ki, Cavid ədəbiyyat deyil təkcə, həm fəlsəfədir, həm psixologiyadır, həm dindir, daha nələrdir...

Bir də ədəbiyyatın mərkəzində insandırsa bunlarsız onu təhlil etmək olmaz...

Azərbaycan tənqidindəki primitivlik, səthilik, quru təhlil, məişət səviyyəsində əsərə yanaşma və bir də...utanc verici də olsa deməyə məcburam, paxıllıq hissinin nə qədər bu sahəni şikəst etdiyi qalıb...
Uzun illər tənqiddən uzaqdayam, elə indi də tam olaraq tənqidi məqalə yazmaq fikrində deyiləm. Az əvvəl bədii yaradıcılığıma yenidən qayıtsam da peşəkar şəkildə tənqidlə məşğul olmaq niyyətində deyiləm, amma Pərvizin “Yad dildə” əsəri haqqındakı yazılanları oxuyanda, bir vaxtlar namizədlik işimə yazılan rəydəki “ilk dəfə olaraq Cavid fəlsəfi və psixo-analitik yöndən araşdırılmış” qeydinə, “nə olsun, çox böyük iş olub “ kimi primitiv qeyd yazan Cavanşir Yusiflinin əsər haqqında yazdıqlarını oxuduqdan sonra yazmağa qərar verdim və indi, bu yazını işləməyə çəhd edərkən bir şeyi də anladım ki, müdriklik deyə bir şey insanı təkcə romantikadan uzaqlaşdırmırmış, bəzən də özündə olmayan, ya da mahiyyəti səninkindən artıq olanları inkar etmək hissini gücləndirirmiş, insanı daha da cəsarətsizləşdirirmiş.

Çünki özünü müdrik kimi qələmə verən tənqidçilərimizin daşlaşmış xarakterinin daşlaşmış qələmindən süzülən yazıları oxuyandan sonra başqa nəticəyə gəlmək olmur. Əslində tənqidimiz öz ənənəsinə sadiq qalaraq “Yad dildə” haqqında öz doğma, qərəzli, yalan, yarınmaq dili ilə danışmaq istəyir.

“Yad dildə” primitiv, zəif təhkiyəli, işıqsız, mahiyətsiz əsər deyil, əksinə bütün bunların bolluğu ilə hətta oxucusundan belə indiki reallıqda cəsarət tələb edəb bir əsərdir və baxmayaraq ki, artıq uzun müddətdir dərc olunub əsər ətrafında müzarikələr davam edir.

Nə yazıq ki, bu əsər haqqında qəzərli tənqidi yazıların sayı artmaqdadır, başqa maraqlı cəhətsə ondan ibarətdir ki, bu qərəzli yazıların müəllifləri nədənsə cəmiyyətdə heç də cəsarət və azad düşüncə sahibi kimi populyar deyillər.

“Yad dildə” haqqında yazılan tənqidi yazıların çoxundan 37-ci illərin tənqidi yazılarının havası duyulur.

Əslində “Yad dildə” nə primitiv, nə stul üstü, nə də yarımçıq, nə də bədiyyatdan geri bir əsər deyil, əsər tam anlamı ilə son dövr yazılan əsərlər içərisində ən dəyərli, Azərbaycanın indiki tarixinə güzgü ola biləcək qədər işıqlı bir əsərdir və bu acı həqiqəti, qaranlıqda işığı anladan əsəri oxumaq, onu təqdir etmək, çəmiyyətdəki Azərbaycan gerçəyini tam cəsarətlə söyləmək üçün təbii ki, yazarın özündən belə cəsarətli, azad düşüncəyə sahib olmaq lazımdır.

“Yad dildə” bizim dücar olduğumuz yadlaşmanın dilində danışan, ölkənin illər sonra bu gününün ensiklopediyası ola biləcək bir əsər olmaqla bərabər indi nəsrimizdə bir çox hallarda nağılvari təhkiyəni bir kənara atıb yüksək bədiyyatla insan acılarını, vətəndaş mövqeyini, zaman-zaman sınan və sındırılan, amma başqa ola bilməyib mövcudluq formalarını savaşda var edənlərin rəmziləşdirılmiş, amma həqiqətin simvoluna çevrilmiş bir əsərdir.

“Yad dildə” simvollaşdırılmış həqiqi tarixin bütün yönləri, insan mahiyətinin özündən böyük açıları, ya da özündən kiçilmiş duyğuları, mübarizənin heçliyə belə çevrilmə anındakı “hər şey” qalması əzmi, əsərin ruhundakı nakam savaşda belə inad, dönməzlik var.

Tarix dediyimiz kitab iki yüz, üç yüz səhifəlik kitabdan başqa bir şey deyil və bu səhifələrə sıxışmış milyon insanın taleyini əks etdirən rəqəmsal tarixdən fərqli olaraq ədəbiyyat obrazlarla tarixin bir dönəminə işıq tutmaq gücünə sahibdir.

Əslində “Yad dildə”nin əsas dəyəri və hər şeyin önünə keçən uğuru ondan ibarətdir ki, əsər özlüyündə Azərbaycanın indiki durumunda avtoritar rejimə qarşı yazılmış bir əsər kimi artıq ədəbiyyatda yaşadığın dövrün idealogiyalarına qarşı çıxmaq nümunəsini yaradır.

Əsər hələ də sürəcək mübarizənin imidsiz, sanki yorğun düşmüş halı ilə yenə də ümidlə bitir və bu illərdir Azərbaycanda hər şeyə rəğmən az qala hamının “yoxdur” dediyi mübariz insanların azadlıq savaşının tam özüdür.

...Bir az yorğun, bir az ümidisiz, bir az da nakam buraxılmış taleyi, varlığı ilə...

Romanın başqa bir cəhəti ondan ibarətdir ki, qəhrəmanlar tarixdən “gəlib” öz adları ilə və tarixdəki qəhrəmanlar bu qarmaşanın, çirkabın, naqisliklərin, dəhşət və ədalətsizliyin içində azıblar sanki, ancaq bir-birinə tutulub dayanıblar, onların özündən başqa kimsəyə ümidi yoxdur, hətta bu yerlərdə lentə alınıb şəkilləndirilən Allaha belə...

Tarixin “zühuru” əsərin mərkəzindəki kədəri artırır, amma bu kədərin mahiyyətindıə təslimçilik yoxdur, bu kədərin mahiyyətində ölüm, intihar var, tərk edilmələr, hətta xəyanət var, amma bütün bunlar təqdim olunduğundan yuxarıdadır, hətta xəyanətlər belə öz açılarında təmizlənir, ya da illərdir Rusiya çöllərində yaşamış biri belə bu kədərdən yan keçə bilmir, həyatını bu ölkənin sınırlarından çıxara, özünü “hər yeri Kərbalaya” çevrilmiş” bir diyarda xilas edə bilməyəndə ipin uçunu xilas kimi seçir.

“Yad didə”nin mahiyyətindəki imidsiz kədərin içində dirəniş var, gizli, amma tarixdən bu günə öz adları ilə gələn qəhrəmanların savaşı və nə yazıq ki, tarixdəki kimi bu dəfə də savaş döyüş meydanında daşlaşır, ya da daha dəqiq desək meyidxanada üst-üstə yığılmış qəhrəmanların cansız bədənlərinin mənzərəsi ilə başa çatır.

Amma savaş hələ var, “bu xunta devrilənədək” dirəniş var, imidli, imidsiz, qələbə üçün, ya da haqq üçün, fərq etməz...

Bu əsərdəki işıqdır, qələbəyə yox, haqqa dayalı savaşın məğlubiyyətə dirənmiş uçundakı işıq...

Azərbaycan ədəbi tənqidində daşlaşmış meyarlar, dostluqlar, yemək stolu arxasındakı tapşırmalardan, ya da cəsarətsiz və yaltaq yanaşmalardan çıxış edib bu işığı kimsə rədd edirsə bu heç də əsərin zəifliyinə, ya da primitivliyinə dəlalət etmir, əksinə, əsərin bu qədər sərt tənqidlərlə üzləşməsi bir daha sübut edir ki, Pərviz əslində qoyduğu hədəfə çata bilib, çünki bu gün 37- ci illərin tənqid aparatı bu əsər üzərində bu qədər gəzişmələr edirsə, tarixə baxsaq və kimlər üzərində daha çox dayanıldığını xatırlasaq Pərvizi təbrik etmək lazım.

Dünən Cavid, Ə.Cavaddısa bu gün niyə Pərviz olmasın, dünən danos yazanlar vardısa, bu gün niyə olmasın, dünən yarınanlar, kimlərinsə yandaşları vardısa bu gün niyə olmasın, ya da “padşahın üzünə ağ olan” yazarları tənqid edib “ifşa edənlər” vardısa, bu gün niyə olmasın?!

Varsa demək Azərbaycan ədəbiyyatı da, tənqidi də öz “ampulasındadır”...

Həmçinin oxu
Nərmin Kamal. Pərvizin romanı antiutopik olduğa üçün ona fərqli yanaşılmalıdır.
Cavanşir Yusifli. Pərvizin “Yad Dildə” romanı niyə bəsitdir?
Tehran Əlişanoğlu. “Yad dildə”ni doğma dilə çevirərkən
Kənan Hacı. "Yad dildə" gəzişmələr
Əsəd Cahangir. “Yad dildə” stolüstü yox, stulüstü roman ola bilər”
Elnarə Tofiqqızı. Yad dildə Ədəbi Hadisə
PƏRVİZ "Yad dildə" (Romandan parça)
XS
SM
MD
LG