Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Gürcüstanda prezidentin səlahiyyətləri azaldılacaq


Gürcüstan parlamenti Konstitusiyaya təklif edilmiş mübahisəli əlavəni böyük səs çoxluğu ilə qəbul edib.

Əlavəyə görə, ölkənin növbəti prezidentlərinin səlahiyyətləri azaldılacaq, əsas qərarların verilməsi səlahiyyəti parlamentə veriləcək.

Əlavənin lehinə 112 nəfər səs verib, 5 nəfər isə əleyhinə çıxıb.

Əlavəni dəstəkləyənlər deyir ki, məqsəd Gürcüstanın siyasi sistemində cavabdehliyi artırmaqdır.

Parlament sədrinin müavini Levan Vepxvadze deyib:

“İndi bizim Konstitusiyamıza görə, prezident-parlament modelindən parlament-prezident modelinə keçilir. Bu yeni sistemdə prezident daha çox arbitr rolunda çıxış edəcək, ölkə daxilində yeridilən siyasətə elə də müdaxilə etməyəcək, daha çox ölkəni beynəlxalq arenada təmsil etməklə məşğul olacaq.

ÖLKƏ DAXİLİNDƏ İDARƏÇİLİYİ İSƏ HÖKUMƏT HƏYATA KEÇİRƏCƏK”

Qəbul edilən əlavənin əleyhdarları isə deyirlər ki, bütün bunlar hazırkı prezident Mixeil Saakaşvilinin manevrləridir, 2013-cü ildə onun ikinci prezidentliyi başa çatır və qanuna görə, o namizədliyini üçüncü dəfə irəli sürə bilməz. Buna görə də hakimiyyətdə qalmaq üçün prezidentlikdən gedəndən sonra baş nazir olmağa hazırlaşır.

Qəribə burasındadır ki, bu deyilənlər Saakaşvilinin daim avtoritarizmdə, demokratiyaya düşmən olmaqda günahlandırdığı Vladimir Putinin manevrini xatırladır.

Putin iki dəfə prezident seçiləndən sonra üçüncü dəfə namizədliyini vermədi, amma baş nazir vəzifəsinə gəldi və hazırda bir çoxları düşünür ki, Rusiyanı yenə də idarə edən odur, prezident Medvedev yox.

Saakaşvili Konstitusiyaya əlavə təklifini keçən il açıqlamışdı, bunu bir-birinə düşmən münasibəti bəsləyən hakimiyyət və müxalifət arasında körpü salmaq cəhdi kimi təqdim etmişdi.

Amma o vaxt müxalifət təklifin müzakirəsində iştirak etməkdən imtina etmişdi.

Gürcüstan parlamenti
Çox güman ki prezident partiyasının üstünlük təşkil etdiyi parlamentin belə bir təklifi təsdiqləməsini, Konstitusiyanı dəyişməsini Qərbdə alqışlamayacaq. Onsuz da Qərbdə bəzilərində belə narahatlıqlar var ki, Saakaşvili qızılgül inqilabının prinsiplərindən geri çəkilir və avtoritar idarəçilik metodlarına keçir.

Bir çox qərbli diplomatlar hətta

GÜRCÜSTAN PARLAMENTİNİ SƏSVERMƏNİ TƏXİRƏ SALMAĞA ÇAĞIRMIŞDILAR

Onlar bildirmişdilər ki, gərək əvvəlcə Avropa Şurası təklif edilmiş əlavə ilə bağlı öz tövsiyələrini açıqlasın.

Avropa Şurasının Venesiya Komissiyası öz tövsiyələrini yalnız bu gün tamamlayaraq hazır edib.

Parlamentin spikeri David Bakradze səsvermədən qabaq deyib ki, Venesiya Komissiyası öz tövsiyələrini deputatlara göndərib.

O bildirib ki, ümumilikdə Venesiya Komissiyasının verdiyi rəy müsbətdir,

Bundan qabaq Venesiya Komissiyası təkliflə bağlı ilkin rəyini çap etdirəndə təklifin arxasında nəyin dayandığı barədə güman irəli sürməsə də, xatırlatmışdı ki, Gürcüstanda bunun bir nəfərin ambisiyalarından doğduğunu iddia edənlər var.

Amma komissiya onu da qeyd etmişdi ki, təklifin qəbul edilməsini önləmək üçün deputatlara hər hansı tövsiyə verməyə əsas görmür.
XS
SM
MD
LG