Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:43

Seçkiyə neçə namizədlə və hansı şüarla?


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin parlament seçkisiylə bağlı xüsusi nəşri
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin parlament seçkisiylə bağlı xüsusi nəşri
Siyasi partiyalar və bloklar seçkiyə neçə namizədlə və hansı şüarla gedir?

Bu sualla AzadlıqRadiosunun «İşdən sonra» proqramı partiya və blokların nümayəndələrinə müraciət edib.

«İslahat» blokuna daxil olan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, blok tərəfindən ilkin olaraq 106 dairədən namizəd irəli sürülüb, 7 dairədən isə ayrı-ayrı bloklar tərəfindən verilmiş namizədlərin dəstəklənməsinə qərar verilmişdi. 12 dairədən blok tərəfindən namizəd verilməyib.

«İSLAHAT»IN VAHİD ŞÜARI YOXDUR


Yeni Azərbaycan Partiyasından sonra ən çox namizəd irəli sürən «İslahat bloku» olduğunu diqqətə çatdıran BQP sədri hazırkı mərhələdə blokun 30 namizədinin qeydə alındığını, 15-ə yaxın namizədin MSK-da şikayət ərizələrinin araşdırıldığını deyib. Fazil Mustafa deyib ki, blokun şüarları konkret vahid şüar kimi müəyyən olunmasa da, Azərbaycanda islahatların sürətlə aparılması, xüsusilə konstitusiya islahatlarının aparılmasını əsas prioritet kimi ortalığa qoyublar.

«AXCP-MÜSAVAT – XALQ ÜÇÜN QOŞA QANAD»


«AXCP-Müsavat» blokuna daxil olan Müsavat partiyasının başqan müavini Arif Hacılı deyib ki, bu vaxta qədər blokun 32 namizədi qeydiyyata alınıb. Amma bu namizədlərin sayı arta bilər. Çünki hazırda blokun namizədlərinin 40-a yaxın şikayətləri araşdırılır. Blokun şüarına gəldikdə isə Arif Hacılı deyib ki, ilkin variant kimi – «AXCP-Müsavat- xalq üçün qoşa qanad» şüarı əsas götürülə bilər.

«Demokratiya» bloku isə seçkilərə 20 namizədlə gedir. Bloka daxil olan partiyalardan birinin-Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, ilkin mərhələdə blok tərəfindən 120-dən artıq namizəd irəli sürülsə də hazırda növbəti mərhələyə onlardan ancaq 20 namizəd adlaya bilib. MSK-isə blokun 6-7 namizədinin şikayətinin araşdırır .

«QARABAĞ»A SƏS VER


«Qarabağ» blokuna daxil olan Ümid partiyasının sədri İqbal Ağazadə isə deyib ki, blok tərəfindən seçkilərdə iştirakı arzu olunan 100 namizəddən cəmi 32 nəfər qeydə alınıb. Amma namizədlərin artması istisna olunmur. Çünki hazırda MSK-da blokun namizədlərinin 40-a yaxın, Apelyasiya məhkəməsində isə 2 şikayət ərizəsi var. Blokun şüarı isə «Qarabağa səs ver»dir.

2İNSAN MƏQSƏDDİR, VASİTƏ DEYİL»


«İnsan naminə» blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev blokun 83 namizədindən 19 nəfərin qeydə alındığını, 2 nəfərin Apelyasiya məhkəməsinə üz tutduğunu, 20-dən şikayətə isə MSK-da baxılacağını bildirib. Partiya sədri blokun əsas şüarı kimi «İnsan məqsəddir, vasitə deyil»- şüarını götürdüklərini bildirib.

«İSTİQLALDAN İSTİQBALA»


Seçkilərdə partiya olaraq tək iştirak etməyə qərar verən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə deyib ki, partiya 70 namizədin bu seçkilərdə iştirakını arzu etsə də, 44 namizəd imza vərəqələrini dairələrə təqdim edib. Onlardan hazırda 21 namizəd qeydə alınıb. 8 namizəd isə şikayətlə MSK-ya müraciət edib. Yusif Bağırzadə deyib ki, AMİP seçkilərə düşüncədə, əxlaqda, ənənədə mühafizəkarlıq, iqtisadiyyatda liberallıq, sosial həyatda ədalətlilik prinsipi ilə gedir. Əsas şüar isə budur: «İstiqlaldan –istiqbala».

«YOLUMUZ HAQQ YOLUDUR, HEYDƏR ƏLİYEV YOLUDUR, MİLLƏT YOLUDUR»


İqtidaryönlü partiyalardan Demokratik Azərbaycan Dünyası Partiyası da seçkilərdə 76 namizədlə iştirak etmək istəsə də onlardan 21 nəfəri qeydiyyata alınıb. 15 dairədən isə partiyanın namizədləri şikayətçidirlər. Partiyanın sədri Məmməd Əlizadə deyib ki, əsas devizləri – «Yolumuz haqq yoludur, Heydər Əliyev yoludur, millət yoludur» olacaq.

XS
SM
MD
LG