Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:35

Ali Məhkəmə Prezident Administrasiyasını gözləyir


Ali Məhkəmə gözləyir
Ali Məhkəmə gözləyir
«Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı hələlik Prezident Administrasiyasındadır. Gərək administrasiya qərarı Ali Məhkəməyə göndərsin ki, Məhkəmənin Plenumu da bu məsələyə baxsın».

Bunu AzadlıqRadiosuna Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli deyir. Onun sözlərinə görə, onlar Prezident Administrasyiasını gözləyirlər.

Eynulla Fətullayevin vəkili Elçin Sadıqova görə, Prezident Administrasiyası qərarı alan kimi onun icrası üçün addımlar atmalıydı.

“GÖRÜNÜR SİYASİ MARAQLAR VAR”

«Qanunvericiliyin tələbinə görə, Avropa Məhkəməsinin qərarını administrasiya dərhal Ali Məhkəməyə göndəməliydi ki, o da Eynulla Fətullayevi azad etsin. Görünür, qərarın Ali Məhkəməyə göndərilməməsində siyasi maraqlar var, Eynulla Fətullayevin azadlığa çıxmamasında aparat özü maraqlıdır».

Əli Həsənov
Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə «Mediaforum» saytına deyib ki, bu, siyasi yox, hüquqi məsələdir və bunun da hüquqi müstəvidə cavablandırılmasının tərəfdarıdır:

“ŞƏRH EDƏ BİLMƏRƏM”

«Birinci mərhələdə ölkənin hüquq institutlarının təmsilçiləri buna münasibət bildirmişdi, növbəti münasibətin də necə olacağını bizim hüquqşünaslar, hüquq institutları müəyyən edəcəklər. Məsələ siyasi olmadığına görə şərh edə bilmərəm».

Avropa Məhkəməsi bu ilin aprelində «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və ona 28 min avro təzminat ödənməsi ilə bağlı qərar çıxarmışdı. Azərbaycan hökuməti isə bu qərarla razılaşmayıb, Avropa Məhkəməsinin Yuxarı Palatasına şikayət vermişdi. Palata Komitəsi bir neçə gün öncə Azərbaycan hökumətinin iddiasını rədd edib, Avropa Məhkəməsinin birinci qərarını qüvvədə saxlayıb.

PENİTENSİAR XİDMƏT DƏ MƏHKƏMƏYƏ VERİLDİ

Elçin Sadıqov
Jurnalistin vəkili Elçin Sadıqov deyir ki, oktyabrın 19-da Ədliyə Nazirliyinin Penitensiar Xidmətindən məhkəməyə şikayət veriblər - Eynulla Fətullayevi qanunsuz həbsdə saxladığına görə. Elçin Sadıqov deyir ki, əslində, Ali Məhkəmənin qərarı olmadan da jurnalist azadlığa buraxıla bilər. Çünki artıq onun həbsdə qalması üçün əsas yoxdur:

«Biz oktyabrın 16-da Penitensiar Xidmətə müraciət etmişik ki, Eynulla Fətullayevin həbsdə saxlanması üçün qanuni əsas və hökm yoxdur. O dərhal azadlığa buraxılsın. Ona görə də oktyabrın 19-da Nəsimi rayon Məhkəməsinə Penitensiar Xidmətdən şikayət vermişik...».

JURNALİSTLƏR ACLIĞA QOŞULDULAR


Dərhal azadılğa buraxılmasını tələb edən jurnalistsə oktyabrın 19-dan həbsxanada müddətsiz aclığa başlayıb. O ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Bakıda fəaliyyət göstərən beynəlxalq hüquq təşkilatlarına, diplomatik nümayəndəliklərə açıq məktub da yazıb.

Oktyabrın 20-də isə üç jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması tələbi ilə aclığa başlayıb. Onlar köşə yazarları Şahvələd Çobanoğlu, Qan Turalı və «Yüksəliş naminə» qəzetinin əməkdaşı Elçin Həsənovdur. Şahvələd Çobanoğlu:

MƏQSƏD AKSİYANI DAHA EFFEKTLİ ETMƏKDİR


Aclıq edən jurnalistlər
«Bizim verdiyimiz dəstəyin məqsədi Eynulla Fətullayevin aclıq aksiyasını daha effektli etmək, diqqət toplamaqdır. Bunun üçün İfadə Azadlığı Komitəsində işlər görülür, onun azadlığa buraxılmasını istəyənlərdən imza toplanır, beynəlxalq təşkilatlarla iş aparılır. Eyni zamanda hüquqi müstəvidə işlər aparılır».

EYNULLANIN SƏHHƏTİ NORMALDIR

Vəkil Elçin Sadıqov isə oktyabrın 21-də Eynulla Fətullayevlə görüşərək onunla növbəti addımları müzakirə edəcək. Vəkilin sözlərinə görə, iki gündür aclıq edən jurnalistin səhhəti normaldır. Yüngül baş agrıları var.
XS
SM
MD
LG